
İtkin düşmüş şəxslər problemi etimad quruculuğu, humanitar məsuliyyət və sülhün təməl məsələsidir. Bu məsələ Azərbaycan xalqı və dövləti üçün aktual olaraq qalır. Bu baxımdan, Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına müraciətində itkin düşmüş şəxslər probleminin yalnız humanitar yox, həm də beynəlxalq hüquq, etimad quruculuğu və sülh prosesinin ayrılmaz hissəsi kimi təqdim edilməsi tamamilə təbiidir. Sözügedən müraciət müasir beynəlxalq münasibətlərdə uzunmüddətli münaqişələrin humanitar nəticələrinə dair mühüm siyasi və hüquqi sənəd kimi dəyərləndirilə bilər. Çünki müraciət ilk növbədə itkin düşmüş şəxslər problemini təkcə bir münaqişənin qalıq nəticəsi kimi deyil, beynəlxalq humanitar hüquq, dövlət məsuliyyəti, keçid ədaləti və etimad quruculuğu baxımından kompleks məsələ kimi təqdim edir.
Burada hər şeydən öncə problemin mahiyyəti xüsusi önəm daşıyır. Silahlı münaqişələr nəticəsində itkin düşən şəxslər məsələsi bizimlə bərabər, dünyanın bir çox regionlarında həll olunmamış ən ağrılı problemlərdən biridir. Prezidentin müraciətində də bu mövzu həm milli, həm də ümumbəşəri humanitar problem kimi xarakterizə olunur. Bu yanaşma xüsusi əhəmiyyət daşıyır, çünki itkin düşmə faktları yalnız fərdi ailə faciəsi yaratmır, eyni zamanda cəmiyyətlərdə kollektiv travma, hüquqi qeyri-müəyyənlik və sosial etimad böhranı formalaşdırır.
İtkin düşmüş şəxsin taleyinin uzun illər ərzində məlum olmaması onun ailəsi üçün psixoloji, hüquqi və sosial baxımdan davam edən bir böhran deməkdir. Belə şəraitdə itkinlərin axtarışı yalnız humanitar borc deyil, həm də cəmiyyətin bərpası və sülhün möhkəmləndirilməsi üçün zəruri institusional prosesdir. Müraciətdə bu məqamın vurğulanması, problemin insan hüquqları ilə birbaşa əlaqəsini ön plana çıxarır.
Azərbaycan bu məsələyə milli travma və dövlət məsuliyyəti məsələsi kimi yanaşır.
Prezidentin müraciətində qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən hərbi təcavüzü nəticəsində 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb. Bu rəqəm yalnız statistika deyil, münaqişənin insan həyatına vurduğu dərin zərərin göstəricisidir. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan məsələyə emosional deyil, institusional yanaşır: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası vasitəsilə axtarışların genişləndirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi və ekspertizaların aparılması istiqamətində sistemli tədbirlər görülür.
Dövlətimizin başçısı müraciətində işğaldan azad olunmuş ərazilərdə indiyədək 32 kütləvi məzarlığın aşkar edildiyi bildirib. Bu faktın özü də bir daha münaqişənin təkcə hərbi deyil, həm də ciddi humanitar hüquq pozuntuları ilə müşayiət olunduğunu göstərir. İnsan qalıqları üzərində aparılmış ekspertizaların işgəncə əlamətlərini təsdiqləməsi, münaqişə dövründə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulduğunu ortaya qoyur.
Elmi və psixoloji baxımdan bu kimi hallar münaqişədən sonrakı ədalət mühakiməsinin və həqiqətin bərpasının vacibliyini təsdiqləyir. Əgər cinayətlərin xarakteri və qurbanların taleyi müəyyənləşdirilməzsə, nə hüquqi hesabatlılıq, nə də davamlı barışıq mümkündür. Bu səbəbdən kütləvi məzarlıqların araşdırılması təkcə arxeoloji və kriminalistik proses deyil, həm də hüquqi-siyasi nəticələri olan ciddi dövlət və beynəlxalq vəzifədir.
Eyni zamanda, bu, həm də dövlətin öz vətəndaşları qarşısında məsuliyyətini ifadə edən mühüm idarəetmə modelidir. Dövlətin əsas funksiyalarından biri müharibə dönəmində itkin düşmüş vətəndaşların taleyinə biganə qalmamaq, xüsusən də münaqişə sonrası mərhələdə bu istiqamətdə hüquqi və humanitar məsələləri həll etməkdir. Prezidentin müraciəti bu baxımdan dövlət məsuliyyətinin normativ çərçivəsini gücləndirir.
Müraciətin ən mühüm nəzəri tezislərindən biri də itkin düşmüş şəxslərlə bağlı məlumatların siyasi alətə çevrilməməsi fikridir. Ona görə də Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, dəfn yerləri və digər müvafiq məlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Burada informasiya şəffaflığı, məlumat açıqlığı etimad quruculuğunun əsas şərti kimi nəzərdə tutulur. Ermənistan tərəfi itkin azərbaycanlılarla bağlı məlumatları təqdim etməkdən müxtəlif bəhanələrlə yayınmamalıdır. Sülh prosesinin məntiqi də məhz bunu tələb edir.
Çünki beynəlxalq münasibətlər nəzəriyyəsi baxımından da postmünaqişə dövründə etimadın bərpası prosesi məhz qarşı tərəfin davranışına dair qeyri-müəyyənliyin azaldılması ilə başlayır. Arxivlərin açılması, şahid ifadələrinin toplanması, məhkəmə-tibbi məlumatların paylaşılması və axtarış prosesinə maneələrin aradan qaldırılması bu mənada həm humanitar, həm də strateji əhəmiyyət daşıyır. Çünki etimad və sülh yalnız bəyanatlarla deyil, yoxlanıla bilən əməli addımlarla möhkəmlənir.
Cənab Prezident Bakı Dialoqunun da institusional əməkdaşlıq platforması kimi əhəmiyyətini ayrıca olaraq qeyd edib. Belə ki, müraciətdə Bakı Dialoqu itkin düşmüş şəxslər məsələsində dövlətlərin, beynəlxalq təşkilatların və mütəxəssislərin səylərini birləşdirən mühüm platforma kimi təqdim olunub. Bu, Azərbaycanın humanitar diplomatiya sahəsində özünü fəal aktor kimi təsdiq etdiyini göstərir. Konfrans formatı məlumat mübadiləsi, təcrübə paylaşımı və yeni əməkdaşlıq mexanizmlərinin işlənməsi üçün institusional imkan yaradır.
Bakı Dialoqunun əhəmiyyəti onun yalnız diskussiya məkanı olmasında deyil, həm də praktiki nəticələr doğura biləcək beynəlxalq koordinasiya mexanizminə çevrilə bilməsindədir. İtkin düşmüş şəxslər problemi texniki, hüquqi, tibbi və diplomatik sahələrin kəsişməsində yerləşdiyi üçün onun həlli də çoxşaxəli yanaşma tələb edir. Məhz bu səbəbdən belə platformalar qlobal humanitar idarəetmənin vacib elementi sayılmalıdır.
Prezidentin müraciətində həmçinin Azərbaycanın 2002-ci ildən BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə təşəbbüsləri ilə çıxış etdiyi xatırladılır və BMT çərçivəsində xüsusi mexanizmin yaradılması zəruri hesab olunur. Bu çağırış, mövcud beynəlxalq hüquqi alətlərin kifayət etmədiyi hallarda institusional yenilənmənin vacibliyini göstərir. Bu baxımdan, beynəlxalq hüquq kontekstində xüsusi mexanizm ehtiyacı aktual məsələdir.
Belə ki, itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılması bu istiqamətdə məlumatların toplanması, mübadiləsi, monitorinqi və ailələrə dəstək sahəsində standartlaşdırılmış yanaşma formalaşdıra bilər. Eyni zamanda, bu cür mexanizm həm dövlətlər arasında etimadı artırar, həm də humanitar axtarış proseslərini daha effektiv edər. Həmçinin bu, itkin düşmüş şəxslərin axtarışını siyasi kontekstdən qismən çıxarıb beynəlxalq hüquqi çərçivəyə daha sıx bağlamağa imkan verər. Bu baxımdan, Prezident İlham Əliyevin müraciəti itkin düşmüş şəxslər probleminin həlli üçün siyasi iradə, institusional əməkdaşlıq və beynəlxalq məsuliyyət tələb olunduğunu əsaslandırır.
Eləcə də müraciətin əsas mesajı ondan ibarətdir ki, davamlı sülh yalnız sərhədlərin və sazişlərin deyil, həm də insan talelərinin aydınlaşdırılması ilə mümkündür. Ümumilikdə isə, elmi-analitik baxımdan bu müraciətin məzmunu üç əsas qənaət formalaşdırır: birincisi, itkin düşmüş şəxslər problemi dövlətlərin humanitar məsuliyyətini ölçən mühüm göstəricidir. İkincisi, məlumatların açıqlanması etimad quruculuğunun əsas alətidir. Üçüncüsü isə, xüsusi beynəlxalq mexanizmlər olmadan bu problemin tam həlli çətindir. Buna görə də Prezidentin müraciəti yalnız siyasi mövqe ifadəsi deyil, həm də münaqişədən sonrakı ədalət və barışıq arxitekturasına dair konseptual sənəd kimi əhəmiyyətlidir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































