Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

5-ci kalonun yeni tamaşası: “Zəngəzur dəhlizi” açılmadı, “ermənilər istəyinə çatdı”



Newscenter.az.16.03.2022. Xarici qüvvələr tərəfindən maliyyələşən və onların maraqlarını dövlətin maraqlarından üstün tutan sapı özümüzdən olan 5-ci kalon yenə də "aktivləşib”. Bundan öncə olduğu kimi, bu gün də ölkənin milli maraqlarına, regional və geosiyasi uğurlarına hesablanmış addımları ənənəyə sadiq qalaraq təhrif etməyə çalışırlar.

5-ci kalonun bu dəfəki hədəfi isə Bakıda Azərbaycan ilə İran arasında keçirilən iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası və iclasda qəbul edilən İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında imzalanan Anlaşma Memorandumudur. Atılan hər addımı pisləməyə, cəmiyyəti manipulyasiya etməyə adət etmiş bu qaragüruh zümrə bu gün də sevdiyi və "ən yaxşı” bacardığı işi canla-başla görməyə davam edir.

Əsas arqumentlər isə bunlardır:

1. İran vasitəsi ilə Naxçıvana yol onsuz da var idi, bu memorandum heç nəyi dəyişmədi;
2. "Zəngəzur dəhlizi” açılmadı və "ermənilər istəyinə çatdı”;

Əvvəla onu deyim ki, yeni kommunikasiya bağlantısı Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsidir. Çünki 44 günlük müharibə sonrası regionda bir çox reallıq əsaslı surətdə dəyişib. Digər tərəfdən, bu dəyişimi surətləndirən və zəruri edən bir amil də hazırda dünyada baş verən geosiyasi dəyişikliklərdir. Müxtəlif regionlarda yeni logistika dəhlizlərinin yaradılması zamanın tələbidir. Azərbaycan da bu tələbdən irəli gələrək perspektivli addımlar atır. Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında imzaladığı Anlaşma Memorandumuda məhz bu qəbildən vacibdir.

Səslənən fikirlərin heç bir məntiqi əsası yoxdur.

Qeyd edilir ki, İran vasitəsilə Naxçıvana yol onsuz da var idi. Bəli, Araz çayının sağ sahilindən Ordubada gediş-gəlişi təmin edən yol əvvəldən olub. Lakin Anlaşma Memorandumunun heç nəyi dəyişməməsi fikri yanlışdır. Çünki qeyd edilən yolun işğal prosesi səbəbindən istifadəsi mümkünsüz idi.
44 günlük müharibə sonrası 27 illik işğal prosesi bitsə də Azərbaycan həmin yolu istifadə edə bilmirdi. Aparılan quruculuq və abadlaşdırma işləri sonrası bərpa edilən yol yeni memorandumla Zəngəzur dəhlizi kontekstində şaxələnərək istifadəyə mümkün hala gətirildi.

"Zəngəzur dəhlizi” açılmadı və "ermənilər istəyinə çatdı” fikrinə gəldikdə isə bu da düşünülmədən irəli sürülən əsassız, məntiqi dayanağı olmayan fikirdir. Azərbaycan ilə İran arasında imzalanan Anlaşma Memorandumu sonrası bu tipli fikirlərin səslənəcəyi gözlənilirdi. Məsələ bu fikirlərin səslənməsi deyil, cəmiyyətdə çaşqınlıq yaratmaq, əldə edilən nailiyyətləri təhrif etməkdir.

Bu razılaşma Zəngəzur dəhlizini nə sıradan çıxarır, nə də erməniləri istəyinə çatdırır. Əksinə, bu Bakıya İrəvana Zəngəzur dəhlizini açmaq üçün əlavə təzyiq rıçaqları verir.

Birincisi, Zəngəzur dəhlizinin açılmasının ləngiməsi heç bir halda "ermənilərin uğuru” sayıla bilməz. Çünki rəsmi İrəvan kommunikasiyaların açılmasına böyük ümidlər bəsləyirdi. Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı düşdüyü ən böyük səhv belə bir kommunikasiyanın yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla biləcəyidir. Daha dəqiq desək, Zəngəzur dəhlizinin özlərinin nəzarət etdiyi yol məntiqi ilə açılmasını istəyirdi. Hətta rəsmi İrəvan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməklə, özündən asılı vəziyyətdə saxlaya biləcəyini düşünürdü. Bu heç də dəhlizdən imtina etmək yox, prosesi qəsdən uzatmaq, bunun qarşılığında isə Azərbaycanı hansısa güzəştlərə məcbur etməkdir.

Bakı İranla imzalanan Anlaşma Memorandumu ilə İrəvanı seçim qarşısında qoydu. Yəni ya Zəngəzur dəhlizinin açılması ilə razı olmalı, ya da regional layihələrdən kənarda qalmalıdır. Anlaşma Memorandumu Ermənistanın gözünü qorxuda, hətta Zəngəzur dəhlizi ilə bağlı geri çəkilməsi ilə nəticələnə bilər.

İkincisi, Rəsmi Bakı yaxşı anlayır ki, İranla imzalanan anlaşma memorandumu Ermənistanla quru əlaqəsi yaratmaq istəyən Rusiyanın planlarını pozur. Ancaq Kreml onu da anlayır ki, rəsmi Bakının belə bir gediş etməsinə səbəb Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı yaratdığı süni maneələrdir. Hesab edirəm Rusiya onun planlarını pozan İrəvana bundan sonra daha çox təzyiq edəcək və Zəngəzur dəhlizinin açılmasında israrlı olacaq.
Üçüncüsü, hazırda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesi gedir. Ancaq unudulmamalıdır ki, bu proses rəsmi Bakının maraqları nəzərə alınaraq aparılır. Türkiyə tərəfi bu addımı atarkən açıq-aşkar vurğuladı ki, Azərbaycanın maraqları və mövqeyi iki ölkə arasında münasibətlərin normallaşmasını sürrətləndirə və ya başlamadan bitirə bilər. Yəni "Zəngəzur dəhlizi”nin açılmasının ləngiməsi Ermənistan-Türkiyə açılımını da ləngidə bilər.

Aydın məsələdir ki, "Zəngəzur dəhlizi” gündəmdən çıxmayıb, sadəcə Azərbaycan Ermənistanın bu marşrutdan şantaj üçün istifadə imkanını məhdudlaşdırıb.

Baş verən proseslərdə udan tərəf həmişəki kimi Azərbaycan, uduzan tərəf isə Ermənistandır.

Sapı özümüzdən olan baltaların hər zaman olduğu kimi, düşmən çörəyinə yağ yaxması isə təəssüf doğrur. Atılan addımları əsassız şəkildə tənqid edənlər yenə də nəfəslərini boşa tükətmiş olacaq. İrəvan Azərbaycanın şərtləri ilə dəhlizin açılmasına razılıq verməli olacaq.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş