Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni nizam İslam dünyası olmadan qurula bilməz

Yeni nizam İslam dünyası olmadan qurula bilməz


Newscenter.az.26.03.2022. “Ədalətin hakim olduğu yerdə silahlar işə düşməz” deyərlər. Həqiqətən də, qalıcı nizam və əmin-amanlıq yalnız ədalətlə qurular! Mayasında, bünövrəsində ədalət durmayan nizam isə, gec-tez, dağılmağa məhkumdur!

Elə bu səbəbdəndir ki, XX əsrdə 3 dəfə bölüşdürülən və yenidən qurulan dünya nizamının yeni əsrdə çöküş mərhələsini yaşayırıq və əvvəlki müharibələrdən də daha betəriylə - nüvə savaşları təhlükəsiylə üz-üzəyik.

Baxın, 1914-18-ci illərdə milyonlarla insanın həyatına son qoymuş Birinci Dünya Müharibəsinin nəticəsi olaraq, dünya nüfuz dairələrinə bölüşdürüldü və bölüşdürülmüş dünyada beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək vəzifəsi də 1919-cu ilin 28 aprelində qurulan Millətlər Liqasına həvalə edildi. Ancaq əsasən Osmanlı coğrafiyasının qurbanlıq edilməsi hesabına aparılan bölgü və nizam ədalətli deyildi deyə, qurum öz vəzifəsini yerinə yetirə, gələcək müharibələrin qarşısını ala bilmədi!

1939-45-ci illərdə yenə milyonlarla insanın həyatına son qoymuş İkinci Dünya Müharibəsi əvvəlki nizamı alt-üst etdi, dünya yenidən bölüşdürüldü və bölüşdürülmüş dünyada beynəlxalq sülhü, təhlükəsizliyi və əməkdaşlığı təmin etmək vəzifəsi bu dəfə Birləşmiş Millətlər Təşkilatına həvalə edildi. Bölgü ədalətli deyildi deyə, bu qurum da dünya nizamını və qlobal sabitliyi qoruyub saxlaya bilmədi!

1991-ci ilin dekabrında SSRİ-nin dağılmasıyla dünya yeni faciələrə və bölgüyə şahidlik etdi, siyasi xəritə dəyişdi, ancaq yeni dünya köhnə ədalətsiz nizamla idarə olunmağa başladı... Bu da nəticəsi – indi fəlakətin astanasındayıq!

Çoxları görməsə də, ən azından biz azərbaycanlılar SSRİ-nin dağıdılmasıyla ortaya çıxan bu nizamın son 30 ildə formal mahiyyət daşıdığını və ədalət anlayışından nə qədər uzaq düşdüyünü ən yaxşı görən xalqlardan biriyik.

İndi Ukrayna üzərində gedən savaş da bu tələsik və ədalətsiz bölgünün fəsadıdır və artıq savaşın görünən, görünməyən tərəflərinin hər biri yeni bölgüyə və nizam quruculuğuna ehtiyacdan danışırlar.

Ukrayna üzərində qurulan budəfəki oyunda biz həm də onu görürük ki, dünyada sülhə və təhlükəsizliyə ən böyük təhdid, təhlükə elə dünya ölkələrinin sülhü təmin etmək vəzifəsini həvalə etdikləri nüvə beşliyi - BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadır!

Bütün savaşların və kütləvi qırğınların memarları məhz bu 5 dövlət, onların dünyaya hökmranlıq, ağalıq iddialarıdır! Özü də indi təkcə nüvəylə yox, həm də daha böyük qırğına yol açacaq silahlarla silahlanıblar – dünyanın və insanın təbiətini dəyişən bakterioloji silahlarla, viruslarla!

...Dünya, həqiqətən, yeni nizama çox ehtiyaclıdır. Ancaq bu nizam da ədalətlə deyil, gücün hüquq və imtiyaz yaratdığı prinsipiylə, güclünün maraqlarının təmin edilməsi yoluyla qurulacaqsa, sülhə xidmət etməyəcək və indidən dağılmağa, məhvə məhkumdur.

Həyat sübut edir ki, bəşəriyyətə həqiqi nizamı kütləvi qırğın silahları yaratmaqla milyonlarla insanı bicə anda öz maraqları üçün qurban verən, onu heç bir mənəvi məsuliyyət daşımayan robota çevirən və bütün kainatı bir ünvandan idarə etmək iddiasında olan dəyərsiz və qocalmış Qərb deyil, həyat mənbəyi olan Günəşin doğduğu ünvan - Şərq, İnsana yer üzünün əşrəfi kimi baxan və onun canına qəsdi ən böyük günah sayan ideologiyaya sahib İslam aləmi gətirə bilər!

İslam dünyasının maraq və mənafelərinin nəzərə alınmadığı hər hansı “Yeni Nizam” heç vaxt ədalətli ola, sülhə və sabitliyə töhfə verə bilməz!
Ukrayna üzərində gedən NATO-Rusiya savaşı da, şübhəsiz, yeni bir nizam quruculuğuna gətirib çıxaracaq. Odur ki, bütün təhrikedici və fitnəkar çıxışlara, təxribatlara baxmayaraq, İslam dünyasının Qərblə Şərq arasında körpü rolunda çıxış edən ölkələri - Türkiyə-Azərbaycan-İran-Pakistan xətti bu savaşın tərəfinə çevrilməməli və gələcəkdə yayılacaqları coğrafiyanın hazırki sahibinə qarşı qurulmuş koalisiyada yer almamalı, qarşı duran tərəflər arasında barışa və sülhə körpü funksiyasına sadiq qalaraq, yekunda qurulacaq yeni nizamda da öz layiqli təmsilçisini pay sahibi etməyi bacarmalıdır!
Bu, həm də İslam dünyası üçün bir imtahan və imkandır! Bu dəfə Şeytanın xidmətçilərinə uyub, hədəfə və qurbana çevrilmək olmaz! Allah özü doğru yolda sabit olanları mütləq qalib edəcək!

Elxan Şükürlü-politoloq
Xəbəri paylaş