Newscenter.az.28.03.2022. Təhlükəsizlik orqanlarının tarixi ilk dövlətin yarandığı gündən başlayır. Çünki dövlət adlanan müəssisə ilk insanların təhlükəsizlik qayğılarından yaranmışdır. Qıtlıq dövrlərində qonşu qəbilələrin qida, ərazi toplamaq üçün etdikləri hücumlar istər-istəməz qədim insanları öz varlıqlarını qorumaq hissinin formalaşdırmasına səbəb olmuş və beləcə, içlərindən seçdikləri bəzi şəxslərə bu missiyanı həyata keçirmək görəvi verilmişdir. Nəticədə toplumlar inkişaf etdikcə, dövlətlərin digər qurumları da inkişaf etmiş, ibtibadi təhlükəsizlik sistemindən ordu, polis və digər güc strukturları peyda olmuşdur.
İbtidai təhlükəsizlik qurumunun fəaliyyətinin iş və missiya bölgüsü üzrə şaxələnməsini yalnız güc strukturları ilə məhdudlaşdırmaq olmaz. Cəmiyyətin sağlamlığından tutmuş təhsilinə, maliyyə və iqtisadi gücünə qədər bütün fəaliyyət sahəsi əslində təhlükəsizlik qayğılarından irəli gəlib. Bu mənada bütün dövlət qurumlarının və nazirliklərin milli təhlükəsizliyə xidmət etdiyini, dolayısıyla, ibtidai təhlükəsizlik orqanlarından törədiyini deyə bilərik. Təsadüfi deyil ki, müasir təhlükəsizlik konsepsiyaları toplum həyatının bütün sahələrini əhatə edir və bir neçə ümumi başlıq altında cəmləşir: Siyasi güc; iqtisadi güc, psixo-sosial və mədəni güc, elmi-texniki güc, coğrafi güc, demoqrafik güc, kiber güc və s.
Azərbaycan xalqı da dünyanın ən qədim dövlət və imperiyalarını nəcib bir millətin davamçısı olduğundan bizim də təhlükəsizlik strukturumun tarixi ən qədim dövrlərdən başlayır. Zatən belə olmasaydı, Hindistandan Aralıq dənizinə qədər böyük əraziləri fəth edib, geniş coğrafiyalara yayıla bilməzdik. Sözsüz ki, bizim bir millət olaraq yüksəlməmiz təhlükəsizlik problemlərimizə düzgün yanaşmağımızdan doğduğu kimi, tənəzzülümüz də bu məsələyə ciddi diqqət ayıra bilməməyimizdən qaynaqlanmışdı. Nəticədə 19-cu əsrin əvvəllərində rus işğalına məruz qalan Azərbaycan özünün müasir təhlükəsizlik sistemini yaradaraq ayaq üstə dayanmağa çalışmışdı. 1919-cu il 28 mart tarixində Azərbaycan Demokratik Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təsisi ilə başlayan yeni təhlükəsizlik sistemimizin ilk addımları istədiyimiz nəticəni vermədi, Sovet Rusiyasının işğalını məruz qaldıq. SSRİ dağıldıqdan sonra isə yenidən bərpa etdiyimiz MTN bu günədək özünü və dövlətimizi qoruyur. Bu gün DTX adı ilə fəaliyyət göstərən sözügedən güc strukturu xüsusilə cənab general-polkovnik Əli Nağıyevin rəhbərliyi altında qısa müddətdə böyük uğurlara imza atıb. DTX-nın son illər istər iqtisadi, istər diplomatik, istərsə də hərbi təhlükəsizlik və s. sahələrdə gördüyü işlər hər kəsə bəlli olduğundan bu mövzu ətrafında uzun-uzadı dayanmaq istəmirəm. Sadəcə onu xatırlatmaq istəyirəm ki, bu gün “gözəgörünməz” qəhrəmanlarımızın peşə bayramıdır. DTX bu gün özünün 103-cü ildönümünü qeyd edir. Mən dövlətimizin gələcəyini və milli maraqlarımızı göz bəbəyi kimi qoruyan milli çekistlərimizi bu münasibətlə təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıram.
Mürvət Həsənli,
“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri