Newscenter.az.28.03.2022. Azərbaycan Müdafiə Nazirliyin Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı durumla bağlı yaydığı bəyanata cavab verib. Bildirilib ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. "Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur. Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir".
Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatdakı ifadələr təxribatdır. Özü də məqsədli. İndiki həssas məqamda bunu başqa cür qiymətləndirmək mümkün deyil.
Proseslərə diqqət edək: Rusiyanın Ukrayna ilə müharibə apardığı, başının başqa səmtə yönəldiyi bir vaxtda Qarabağdan hərəkətlənmə başlandı. Vəziyyət gərginləşdi. Rus generalları ölkəmizə gəldi. Həftələrdir ictimaiyyət arasına çıxmayan Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarları ilə danışdı. Bundan sonra isə sözügedən təxribat oldu. Ola bilsin, Şoyqu ilə Zakir Həsənovun müzakirəsi Kremlin maraqlarına cavab verməyib. Məsələn, ehtimal var ki, Rusiya müdafiə naziri Qarabağda Azərbaycan silahlı qüvvələrinin hərəkətlənməsi barədə iradını bildirib və rəsmi Bakı buna əhəmiyyət verməyib. Hər halda ciddi strateji əhəmiyyətə malik Fərrux kəndinin ordumuzun nəzarətinə keçməsi Moskva üçün arzuolunan deyil.
İkinci bir tərəfdən Kreml Cənubi Qafqazla bağlı son addımları ilə göstərmək istəyə bilər ki, başı müharibəyə qarışsa da, region da diqqətindən kənarda deyil. Bəlkə də, Ukrayna məsələsində Azərbaycanın haqlı mövqeyi Rusiyanın narazılığına səbəb olub. Hətta, ola bilsin, Bakı Moskvanın gözləntilərini doğrultmayıb.
İstənilən halda Paşinyan hakimiyyətinin Azərbaycanla münasibətlərin normallaşması istiqamətində səslənən bəyanatlar, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpası fonunda oxşar sabotajlar gözlənilən idi. Belə provokasiyaların, qıcıqlandırıcı addımların bundan sonra da davam etməsi istisna deyil.
Ancaq Rusiya başa düşməlidir ki, belə addımlarla ikitərəfli əlaqələrə zərbə vurur.
Gərginliyin daha bir müddət davam etməsi mümkündür. Amma əvvəllər də dediyimiz kimi, proseslər Bakı və Ankaranın maraqlarına, regiondakı əməkdaşlığa, sabitliyə uyğun formada inkişaf etməkdədir. Heç nə, heç bir əngəl buna mane ola bilməz.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti