Newscenter.az.31.03.2022. Artıq bir aydan çoxdur ki, Moskvanın təcavüzü nəticəsində baş verən Rusiya-Ukrayna müharibəsi davam edir. Son günlər iki ölkə arasında müharibənin dayandırılması istiqamətində intensiv danışıqlar aparılıb, görüşlər keçirilsə də, lakin hələlik ortada olumlu bir nəticə yoxdur. Bəs görəsən bu problem nə ilə nəticələnəcək və tərəflər savaşı dayandırcaqmı?
Newscenter.azın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən sabiq millət vəkili, hüquq elmləri doktoru Cahangir Hüseynov deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsi, bu ölkəni işğal etməyə çalışması heç bir halda normal qarşılana bilməz. Onun sözlərinə görə, on minlərlə əsgərini başqa bir ölkənin ərazisinə yeritmək, orada minlərlə insanın ölümünə səbəb olmaq Rusiya dövlətinin həyata keçirdiyi ən böyük cinayətdir. Rusiyanın bu ölkəyə müdaxiləsinə səbəb olan amillərə də diqqət çəkən Cahangir Hüseynov qeyd edib ki, Kiyevin Moskvanın hədəfinə çevrilməsinə rəvac verən amillərdən biri də Ukraynada gedən demokratikləşmə prosesləri oldu:
“Düzdür, Zelenski ölkədə demokratikləşmə prosesini sürətləndirsə də, lakin o, siyasətdə naşı olduğu üçün heç də Ukrayna prezidentinə haqq qazandırmıram. Çünki o bir dövlət başçısı kimi Rusiyanın, onun rəhbəri Vladimir Putinin də siyasətini təhlil edib, ondan nəticə çıxarmalı idi. Lakin Zelenski birmənalı olaraq Putin siyasətinin əleyhinə getdi və hesab etdi ki, Kreml rəhbəri bu dərəcədə ağır cinayətə əl atmaz. Təbii, bu siyasi baxımdan atılmış bir səhv addım idi ki, bu gün on minlərlə ukraynalı Rusiyanın təcavüzündən ciddi zərər çəkir, öz ev-eşiklərindən didərgin düşüb. Eyni zamanda minlərlə mülki əhali Rusiya hücumları nəticəsində həlak olub”.
Cahangir Hüseynov hesab edir ki, Ukrayna hakimiyyətinin ölkədə rus dilinə qadağa tətbiq etməsi, Avropa İttifaqı və NATO-ya öz qapılarını açması da, Moskvanı ciddi şəkildə narahat edən amillərdən idi. Məhz bu kimi amillərin nəticə etibarilə Rusiya ilə Ukrayna arasında müharibəyə səbəb olduğunu deyən sabiq millət vəkili bu müharibədən Ukraynanın ciddi zərər gördüyünü də diqqətə çatdırıb. Eyni zamanda Cahangir Hüseynov onu da diqqətə çatdırıb ki, müharibənin davam etdiyi bir aydan artıq müddətdə Ukrayna xalqı Rusiya ordusuna qarşı çox ciddi müqavimət göstərir:
“Mən inanıram ki, Rusiya Ukraynada heç nəyə nail ola bilməyəcək. Necə ki, 1970-80-ci illərdə SSRİ qoşunları Əfqanıstana daxil oldu və orada 20-30 min arasında sovet əsgəri mənasız yerə həyatını itirdi. Ortada da SSRİ heç bir nəticə əldə edə bilmədi. Deyərdim ki, SSRİ-nin dağılmasına məhz bu kimi mənasız addımlar da səbəb oldu. İndi də Ukrayna hadisələri, Rusiyanın bu ölkəyə hücumu Putin dövlətinin sonunu xeyli sürətləndirəcək”.
Sabiq millət vəkili bildirib ki, bir neçə illərdir Rusiyanın parçalanmasının mümkünlüyündən danışılır:
“Bildiyimiz kimi Rusiya Federasiyasının tərkibində onlarla suveren respublikalar var və həmin respublikaların əksəriyyətinin əhalisinin mənşəyi türkdillidir. Həm bu, həm də Ukrayna amili Rusiyanın dağılma ehtimalını xeyli artıracaq.
Sabiq millət vəkili Qarabağa yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin öz üzərilərinə düşən vəzifələri yerinə yetirmədikıərini də diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinin təxribat xarakterli əməllərinə də sülhməramlı qüvvələr göz yumur:
“Həmin qeyri-qanuni silahlı birləşmələr zaman-zaman təxribatlar törədərək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına da mane olurlar. İki ilə yaxındır Vətən müharibəsi başa çatsa da, lakin bu günə qədər tərəflər arasında sülh müqaviləsi bağlanmayıb. Onu da qeyd edim ki, qardaş Türkiyə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün səylərini davam etdirir. Lakin həm Ermənistandakı revanşist qüvvələr, həm də Qarabağdakı qeyri-qanuni hərbi birləşmələr bu prosesə ciddi şəkildə əngəl olurlar. Bu da onu deməyə əsas verir ki, nəticə etibarilə Qarabağımıza sülh tamamilə gəlib çatmayıb. Ona görə də hesab edirəm ki, Rusiyanın başının Ukraynada qarışmasından istifadə edərək hələ də erməni silahlı birləşmələrinin nəzarəti altında olan digər ərazilərimizi də düşməndən tamamilə azad etməliyik. Həmin ərazilər də azad edildikdən sonra Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər həmin ərazilərdə qalıb yaşaya bilər. Azərbaycan vətəndaşlığını qəbul etməyənlər isə istədikləri yerə köçüb gedə bilərlər”.
Cahangir Hüseynov sonda onu da qeyd edib ki, XXI əsr türk əsridir və Rusiyanın dağılması da onun ərazisində olan türk xalqlarının da azadlığına yol açacaq.
NEWSCENTER.AZ