Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fermerlərə məsləhət xidməti göstərmək üçün aqro ekspert cəlb edilib

Fermerlərə məsləhət xidməti göstərmək üçün  aqro ekspert cəlb edilib


Avropa İttifaqı (Aİ) maliyyə dəstəyi ilə BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin cəlb etdiyi aqronom-ekspert Quba-Xaçmaz və Gəncə-Qazax regionlarında fermerlərə mövsümi məsləhətlər verib. Ekspert layihənin yeni aqrar məsləhət xidməti modelinin tərkib hissəsi olan əmtəə əsaslı məsləhət platformalarında birləşən fermerlərlə görüşüb.

Newscenter.az xəbər verir ki, layihənin eksperti, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının dosenti Hüseyn İdrisov Ağstafa, Samux və Şəmkir rayonlarında sorqo və günəbaxan sahələri, pomidor istixanaları, Quba rayonunda alma, gilas, gavalı bağları, Xaçmaz rayonunda pomidor sahələrində görüşlərdə fermerlərin əksər problemlərinin peşəkar aqronom məsləhətindən istifadə etməməsindən qaynaqlandığını müşahidə edib.

“Təəssüf ki, bu gün Samuxda fermerlər 1 hektara 4 kq sertifikatlı günəbaxan toxumu səpə biləcəkləri halda, 1 hektara 14 kq sertifikatsız toxum səpib xərclərini 3 dəfədən də çox artırırlar” – bunu layihəyə aqronom kimi dəvət edilmiş ekspert bildirib. Aqronom Qubada alma bağlarının gilas bağları ilə iqlim və torpaq amili nəzərə alınmadan əvəzlənməsi müşahidə olunduğunu, torpaq analizi edilmədən gübrə və elementlərdən istifadə edildiyini qeyd edib: “Gilas bitkisi üzrə əmtəə əsaslı aqrar məsləhət platformasında fermer torpaq analizi vermədən torpağa dəmir elementi verib və analiz nəticəsində bu elementin torpaqda normadan 7 dəfə artıq olduğu müəyyən edilib. Bağ sahibi bunu həmin elementi sərfəli qiymətə ala bilmə imkanı ilə izah edib”. Aqronom-ekspert həmçinin qeyd edib ki, gilas bağında tozlandırıcı sortların əkilməməsi, çiçək zamanı çiçəyin seyrəldilməməsi kimi hallar, alma bağlarında cərgələrarası şumun tez-tez aparılması və bunun nəticəsində ağac kökünün tez quruması, sudan düzgün istifadə edilməməsi, budama qaydalarına riayət olunmaması kimi hallar fermerlərin təsərrüfatçılığa məlumatlı deyil, kortəbii adət kimi yanaşdığını göstərir.

Müsbət hal kimi Xaçmazda açıq sahə pomidoru üzrə aqrar məsləhət platformasında görüş zamanı yerli pomidor sortlarının toxumçuluğunun inkişafı imkanlarının müzakirəsini qeyd etmək olar. Yerli fermerlərin bacarıqları bu sahəni inkişaf etdirməyə şərait yaradır.

Əmtəə əsaslı məsləhət platformaları aqrar məsləhət xidmətinin bütün fermerlər üçün əlçatan olması məqsədilə təklif edilən fermer qruplarıdır. Hər hansı bitkini becərən fermerlər bir qrupda birləşərək, geniş təchizatçı şəbəkəsi olan və fermerlərlə müntəzəm işləyən fasilitator dəvət edirlər. Fasilitator fermerlərlə birgə müzakirələrdən sonra problemin həlli istiqamətini göstərir və ya problemi həll edə biləcək şəxslə əlaqəni təmin edir.

“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsi pilot regionları olan Quba-Xaçmaz və Gəncə-Qazaxda 6 bitki – sorqo, günəbaxan, pomidor (Şəmkirdə istixana pomidoru və Xaçmazda açıq sahə pomidoru üzrə 2 məsləhət platforması), alma, gilas, gavalı üzrə 7 əmtəə əsaslı aqrar məsləhət platforması yaradıb və hər birinə fasilitatorlar cəlb edib. Qış müzakirələrindən sonra fasilitatorlar fermerlərin problemlərinin həlli üçün uyğun sahə üzrə mütəxəssis olan digər aqronom məsləhətçi cəlb etməyi tövsiyə etmişlər.

Qeyd edək ki, Layihə Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi üçün 5 illik strategiya, yeni aqrar məsləhət xidməti modeli və pilot regionlarda aqrar məsləhət xidmətlərinin inkişafı üçün 3 illik plan hazırlayır.

Mehman
Xəbəri paylaş