“Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşlərinin sülhə töhfə verəcəyinə inanıram". Bunu dünən Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Dövlət başçılarının görüşə razılıq vermələri də bu addımın nə qədər vacib olduğunu göstərir. Müharibənin daha çox ölümə, itkiyə səbəb olmamasını arzulayırıq. Fəal diplomatiyamız və tərəfsiz mövqeyimiz nəticəsində vacib müzakirəyə ev sahibliyi etməkdən məmnunuq. Putin və Zelenski ilə müzakirələrim olacaq. Onları müzakirə masasına dəvət edəcəyəm. İnanıram ki, prezidentlər səviyyəsində görüşə ev sahibliyi edə biləcəyik”, - o bildirib.
Türkiyə dövlət başçının açıqlaması bir daha onu deməyə əsas verir ki, qardaş ölkə müharibəyə son qoymaqdan israrlıdır. Bu, Ankara üçün artıq nüfuz məsələsinə çevrilib.
Qərbin proseslərdəki mövqeyi aydındır: Ukraynanın "əli ilə" Rusiyanı zəiflətmək. Kiyevə dəstəyin davam etdirilməsi də məhz bununla bağlıdır. Bu mənada ABŞ və müttəfiqləri savaşın bitməsində maraqlı deyillər. Əksinə, onların istədikləri hərbi əməliyyatların davam etməsi və Kremlin öz sərhədləri daxilinə sıxışdırılmasıdır. Deməli, indiki məqamda Qərblə Ankaranın maraqları toqquşur. Odur ki, Türkiyənin israrı qarşısında Qərbin bu ölkəyə təzyiqlərinin artması gözləniləndir. Hərçənd Ankara qlobal güvə çevrildikcə onda belə təzyiqlərə qarşı "immunitet" artacaq.
Yəqin ki, yaxın günlərdə Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışıqları olacaq. Türkiyə lideri özünün də dediyi kimi, hər iki tərəfi müzakirə masasına dəvət edəcək. Yaxın gələcəkdə dövlət başçıları səviyyəsində görüşün təşkili tamamilə mümkündür. Birincisi ona görə ki, münaqişə tərəfi liderlərinin hər ikisinin Ərdoğana hörməti var. Onlar Türkiyə Prezidentinin sözünü yerə salmaq istəməzlər. İkincisi, indi Türkiyənin vasitəçiliyi həm Rusiyaya, həm də Ukraynaya sərf edir. Putin də, Zelenski də bilir ki, düşdükləri "bataqlıqdan" onları çıxara biləcək, bəlkə də, yeganə lider Ərdoğandır. Çünki Ankara vasitəçiliyində səmimi olduğunu, proseslərə təkcə öz maraqları prizmasından deyil, həm də münaqişə tərəflərinin nöqteyi-nəzərindən yanaşdığını artıq sübut edib.
Dediyimiz kimi, qarşıdakı həftələrdə liderlər səviyyəsində görüş gözlənilir. Bundan sonra isə çox mətləblər aydın olacaq. Ya tərəflər razılığa gələcək, ya savaş tərəflərdən birinin tamamilə taqətdən düşməsinədək davam edəcək.
Müharibənin nə Ukraynaya, nə də Rusiyaya sərf etdiyini nəzərə alsaq, yəqin ki, yaxın müddətdə "sular durulacaq". Dövlət başçılarının hansı şərtlərlə razılığa gələcəyini proqnozlaşdırmaq çətindir. Bütün hallarda Rusiya qoşunları Ukraynadan çıxacaq. Kiyev NATO-ya üzvlükdən imtina edəcək. Krım və separat bölgələr isə (Donetsk və Luqansk), çox güman, Kremlin nəzarətində qalacaq. Müharibənin qalibi olmayacaq: Rusiyada uduzacaq, Ukrayna da. Qazanan Qərb olacaq.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti