Şuşa Azərbaycanın mədəniyyət beşiyi olmaqla yanaşı, Qafqazın incisi, dünya mədəni irsində özünəməxsusluğu ilə fərqlənən, mənəviyyat nümunələrindəndir. Bu şəhər Qarabağ xanı Pənahəli xan tərəfindən salınmışdır. Şəhərin sürətli inkişafı XX əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Prezident İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunduğu kimi, Şuşa şəhərinin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Şuşa işğaldan azad olunandan sonra artıq düşmən anladı ki, bundan sonra müqavimət göstərməyin heç bir əhəmiyyəti yoxdur.. Beləliklə, noyabrın 10-da düşmən təslim aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin qəhrəmanlığını həm düşmənə, həm də dünyaya göstərdi.
Bütün işğaldan azad olunmuş ərazilərimiz kimi Şuşada da geniş miqyaslı tikinti quruculuq,abadlıq işlərinə start verilib.Prezident İlham Əliyev Füzuli, Cəbrayıl şəhərlərində, xalqımızın tarixində dərin iz buraxan Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırmaqla yanaşı, bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparan Füzuli-Şuşa avtomobil yolunun və ya “Zəfər” yolunun da təməlini qoydu. Bu layihə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən birinci layihə olduğu üçün onun icrasının xüsusi əhəmiyyəti var idi. Təxminən bir il ərzində reallaşan bu layihənin digər üstünlüyü Şuşaya getmək imkanlarının asanlaşdırılması oldu. Həmin yol çəkilənədək Şuşaya yalnız Ağdamdan getmək mümkün idi. İndi isə Şuşaya birbaşa Füzulidən də getmək olur. Prezident bu səfəri zamanı Ermənistanın işğalçılıq siyasətinin, vandalizminin izlərini bütün dünyaya nümayiş etdirdi.Şuşada reallaşdırılan infrastruktur layihələri və tədbirlər sübut edir ki, bu tarixi şəhər yenidən dirçəlir. Artıq Şuşada elektrik enerjisinin verilişi tam təmin edilib. Bu məqsədlə “Şuşa” yarımstansiyasının, eyni zamanda, Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından 75 kilometrlik məsafədə 110 kilovoltluq “Şuşa-Şükürbəyli” elektrik xəttinin tikintisinə başlanılıb.
“Xarıbülbül” oteli də qısa müddətdə yenidən quruldu.Şuşada yeni məscidin təməlinin qoyulması və Gövhərağa məscidinin bərpası Azərbaycanın islam ənənələrinə dəyər verdiyinin göstəricisidir. İyirmi doqquz ildən sonra ilk dəfə Şuşada bayram namazı qılındı, azan səsi eşidildi. Yəni, artıq insanlarımızla bərabər müqəddəs dinimiz də doğma məkanına qayıdıb. Bu da son dərəcə qürurverici məqamdır. Şuşa Qarabağın döyünən ürəyi, bizim tariximiz, mədəni irsimizdir. Şuşa bizə o qədər doğmadır ki, onu həm də rəmz kimi qəbul etmişik. Ona görə də Şuşanın işğaldan azad olunması və həmin xəbərin Müzəffər Ali Baş Komandan tərəfindən elan edilməsi hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyətli bir hadisədir.
Vətən Müharibəsinin bitməsindən ötən müddət ərzində Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə işğaldan azad edilmiş torpaqlarımızda bərpa və yenidənqurma işləri aparılıb. Dövlət başçısının təşəbbüsü ilə yenidənqurma işlərinin yeni innovativ texnologiyalara əsaslanaraq aparılması, ərazilərdə müasir şəhərsalma planlaşdırılmasının həyata keçirilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi həmin ərazilərin çox tezliklə nəinki Qarabağın, eləcə də bütün regionun ən müasir rayon və şəhərlərinə çevriləcəyinə təminat verir.
YAP Tərtər rayon təşkilatının fəalı- Xəyalə Mustafayeva