Aprelin 29-da ADA Universitetində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və nitqi bir sıra mühüm məqamlarla yadda qaldı. Cənab Prezident dünyanın müxtəlif universitetlərinin, institutlarının, beyin mərkəzlərinin nümayəndələrinin suallarına verdiyi ətraflı cavablarda onun dünyada gedən prosesləri dərindən bilən, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi kimi əsl liderə xas olan xüsusiyyətlərinin bir daha şahidi olduq.
Konfrans iştirakçıları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları, ölkədə və dünyada gedən proseslər barədə verdikləri suallara sərrast cavablar aldılar. Tədbir iştirakçılarının dünyanın tanımış intellektual təbəqəsini təmsil etməsi, onların siyasi və akademik çevrələrdə populyar olması, həmçinin dünyada müəyyən qərarların qəbul edilməsində onların fikir və rəylərinin nəzərə alınması ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi. Dünyanın aparıcı beyin mərkəzlərinin, akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbir Şuşanın həm də bölgənin diplomatik paytaxtına çevrilməsi baxımından önəmlidir.
Bu Beynəlxalq Konfransda Azərbaycanın Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etməsi, Ermənistanın Azərbaycanın təşəbbüslərini, o cümlədən ölkəmizin irəli sürdüyü 5 təməl prinsipi qəbul etməsi, həmin prinsiplərin Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməsi bir daha dünyanın siyasi və beyin mərkəzlərinin diqqətinə çatdırıldı.
Tədbirdə vurğulandı ki, Ermənistan bu bölgədə təcrid olunmuş şəkildə yaşamaqda davam edə bilməz. O, qonşularla münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalı, Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Qeyd olundu ki, Ermənistanın regional inkişafın bir hissəsi olması, regionun həyatına inteqrasiya etmək üçün konstruktivlik nümayiş etdirməsi, yeni reallıqları nəzərə alan, revanşizmə yol verməyən siyasət yürütməsi bu ölkə üçün yeganə müsbət çıxış yoludur.
Konfransda beynəlxalq təşkilatların, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina probleminə laqeyd münasibəti, bunun ədalətsizlik və ikili standartlar olması, bu təşkilatlara müvafiq müraciətlərin ünvanlanması və sorğu tələb edilməsi kimi mühüm məqamlara toxunuldu.
Tədbirdə postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolu yüksək qiymətləndirildi, Avropa İttifaqının ədalətli vasitəçi olması, onun normallaşma prosesində fəal rol oynamasının təqdir edilməsi qeyd olundu.
Konfransda bir daha dünyanın diqqətinə çatdırıldı ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, Azərbaycan dövləti onların bütün hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazırdır. Həmçinin Azərbaycanın multikultural dəyərləri, tolerantlıq nümunəsi olması, son vaxtlar Qarabağdakı ermənilərdən Azərbaycana müsbət mesajların daxil olması, ermənilərin vahid Azərbaycan dövlətində təhlükəsiz, rahat yaşamaq perspektivi, bunun üçün separatçı tendensiyalardan və istəklərdən vaz keçilməsinin zəruriliyi qeyd olundu.
Beynəlxalq tədbirdə Prezident İlham Əliyev Azərbaycanın regionun gələcəyi ilə bağlı planları və 10 il sonrakı mənzərə barədə də fikirlərini bölüşüb. Bu planlar 10 il sonra Azərbaycanın daha da güclü bir dövlət olacağına, üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlığın yaranacağına, dövlətimizin mühüm layihələrin müəllifi, güclü iqtisadi potensiala malik ölkə, sərvət və sabitlik yaradıcısı kimi bu prosesdə liderliyi öz üzərinə götürəcəyinə əminliyimizi daha da artırır.
Jalə Əhmədova - Milli Məclisin deputatı