Sumqayıtın “Qurd dərəsi” adlanan yaşayış massivi sosial problemlər girdabında boğulur. Şəhər ətrafındakı məişət şəraiti əlverişsiz olan, infrastrukturu demək olar olmayan bu ərazini müyyən mənada Afrikada bidonvilini- gecəqondunu xatırladır. Bunu yerli sakinlər bildirir.
Baxmayaraq ki, adıçəkilən yaşayış ərazisi Sumayıtın cəmi 2-3 km-yində yerləşir (şəhərin 18-mikrorayonundan “Qurd dərəsi”nin girişinə-Saray körpüsünə qədər məsafə 2 km, ən uzaq yerinə isə 6 km-dir), bura sanki şəhər rəhbərliyi tərəfindən yaddan çıxıb.
Daha doğrusu dövlət qurumları tərəfindən burda sakinlərdən hər bir rüsum, torpaq pulu, kommunal xidmətlər hər ay qəpiyinəcən alınır,verilməyəndə su, qaz,işıq kəsilir, ərazidə icazə almadan bir daşı daş üstündə belə qoymaq olmaz.
Yəni pul almaq baxımdan nəzarət güclüdür,amma problemlərin həllinə rəsmilər tərəfindən yaxın durulmur.
“Qurd dərəsi” bağları, Saray bağlar massivi ,Sumqayıt bağları və ya sadəcə “bağlar” da adlanan,amma daha çox “Qurd dərəsi” kimi tanınan və Sumqayıt şəhər inzibati ərazisinə daxil olan “Qurd dərəsi”ndə Sumqayıt bələdiyyəsinin, Sumqayıt icra hakimiyyətinin fəaliyyəti ümumiyyətlə bilinmir
Onların fəaliyyəti yalnız vətəndaşlardan tələb olunan pul yığımında , torpaq satışınında, sənəd işində, sakinlər tərəfindən vəsait ödənişində özünü göstərir.
Sumqayıtın mərkəzi bazarıdan bura və əks istiqamətə təxminən yarım saatdan bir (günlərə görə vaxt dəyişir) 17,17a (bir-birinə əks istiqamətinə,dairəvi işləyirlər) 27 nömrəli marşrut avtobusları işləyir.Bağ avtobusları köhnə PAZ-lardan ibarətdir və gediş haqqı 30 qəpikdir.
PAZ avtobuslarının hələ də bu ərazidə istifadə olunmasına səbəb yolların çox bərbad olmasıdır.
PAZ sürücüləri deyir ki, ki, burda təzə avtobuslar tez sıradan çıxır və “Qurd dərəsi”nin yollarına ancaq bu sovet avtobusu tab gətirir.
Bu avtobuslarda sakinlər evə çatınca çalxanırlar (sakinlər zarafatca deyir ki, bu marşrut müalicəvidir, böyrək daşlarını salır) və heç bir komfortu olmayan bu marşrut avtobusu 5-6 kmlik yolu 5-10 dəqiqəyə çatmaq əvəzinə çox ləng , 50 dəqiqəyə-1 saata çatır. Halbuki, “Qurd dərəsi”nə normal yol çəkilsə minlərlə sakin hər gün köhnə “PAZ”larla yox, müasir avtobuslarla uzağı 10 dəqiqəyə bu yaşayış məkanına rahat gedib-gələ bilər. Sakinlər deyir ki, 27 nömrəli marşrutun yolundan heç danışılası deyil.
Dairəvi yolun ,yarısı 3-cü dayanacaqdan ,”Türkün evi” deyilən məşhur möhtəşəm boş evdən 100 metr aralıdan 6-cı dayacanağacan asfaltlanıb , amma o da keyfiyyətsiz edildiyindən artıq sıradan çıxır.
Qalan yol isə qrunt yoludur və illərdir sakinlərin öz vəsaiti hesabına daş, çınqıl, doğranmış şlak tökülüb birtəhər düzəldilir.Təbii ki,bu cür “təmir” də çox çəkmir, bir müddətdən sonra yenə xərc çəkib yolun müəyyən hissəini yenə “yalandan”düzəltmək lazımdır ki, heç olmasa gediş-gəliş mümkün olsun. Yağışlı günlərdə,qışda isə buranın yolları gölməçələrin, pal-palçığın əlindən lap keçilməz olur. Həm əsas yolun, həm də evlərarası yolların bərbad olması burada yaşayan sakinlərə çox əziyyət verir.
Burada yalnılz xırda market olduğundan əhali alış-verişi əsasən Sumqayıtdan edir ki,bu da əlavə çətinliklər yaradır.
“Qurd dərəsi”ndə aptek belə yoxdur. Rabitə xətti,yəni telefon da həmçinin. “Azərsu” burada yalnız su pulu yığır. Suyu sakinlər öz vəsaitləri hesabına böyük xərc hesabına (bəzən 1000 manat) plastik borularla ordan-burdan birtəhər əldə edir.
Qazı,işığı da sakinlər çətinliklə evlərinə çəkilməsinə nail olur.
Bundan başqa yaşayış yeri rəsmi status almadığından burada yaşayanların qeydiyyat problem var.
Torpaqların sənədi olsa da sakinlər qeydiyyata düşə bilmir ,çoxları “havada”,orda -burda qeydiyyatdadır.
“Qurd dərəsi”ndə elementar zibilxana belə yoxdur.Əhali burda öz vəsaitləri hesabına ayda bir dəfə gələn maşınla zibillərini yığıb atırlar.
Şəxsi avtomobili olmayanlar ictimai nəqliyyat bərbad olduğundan təcili şəhərə nə üçünsə getmək üçün əziyyət çəkilər.Heç taksilər də yollar bərbad olduğundan bura həvəslə gəlmirlər.
Dövlət idarələrindən burada bir məktəbi saymasan, yalnız, keçən il istifadəyə verilən polis idarəsi binası var. Burada ünvanlar dayacanaqla və avtobus yolları ilə adlanır;7-ci dayanacaq,9-cu dayanacaq ,27-nin yolun,17-nin yolu və sairə.
Amma avtobus harda istədin, addımbaşı saxlayır.
İşıqlandırma burada sıfır səviyyəsindədir.
Küçələrdə işıq dirəkləri yoxdur.Yalnız bəzi yerlərdə bəziləri öz vəsaitləri hesabına evlərinin qabağındakı küçəni işıqlandırır vəssalam.
Bu səbəbdən gecələr “Qurd dərəsi” zülmət qaranlığa qərq olduğundan vahiməli yerə çevrilir.
Sanki burda 10 minlərlə adam yaşamır.
Amma yoldan ,işıqdan da savayı buranın əsas köklü problemi bu massivdə kanalizasiyanın yerli-dibli olmamasıdır.
Sakinlər bildirir ki, dəfələrlə buranın sosial problemlərindən , əsasən də kanalizasiyanın olmamasından icra hakimiyyətinə şikayət etsələr də ,bu mətbuatda işıqlansa da ,söz verilsə də heç bir tədbir görülmür.
Sovet dövrü bura dövlət tərəfindən işçilərə verilən pay torpaqlarından, bağ sahələrindən ibarət idi və burada az sayda (200-300) adam , həm də daima yaşamırdı. “Qurd dərəsi” adı da ola bilsin bura təsadüfi verilməyib;lap bura əvvəllər buralar boş ərazi olduğundan,ola bilsin canavarlar bu dərədə hökmranlıq edib. Bəlkə də belə deyil…
Sumqayıtda ,Bakıda daimi yaşayan sakinlər əsasən yay mövsimi bura dincəlməyə gəlirdi deyə evlər də burada bir qayda olaraq taxtadan,yüngül konstruksiyalardan ibarət olurdu.
Lakin 90-cı illərdən imkansızlıqdan , şəhərdə əhali çoxaldıqca, çarəsizlikdən ,evsizlikdən bura axın başladı,daşdan əməlli -başlı evlər tiklməyə başladı və yavaş-yavaş burada yayı-qışı yaşayanlar tez bir zamanda artdı və hal-hazırda burada 10 mindən çox adam yaşayır. Bu baxımdan bu yaşayış massivini böyük kənd,qəsəbə də adlandırmaq olar.
Ərazi elə böyüyüb ki,artıq Sumqayıt, Saray,Novxanı ilə yanaşı, bir ucu gedib Masazıra çıxıb.
“Qurd dərəsi” böyüdükcə problemləri də artıb.
Əvvəl burada çox az adam və daima yaşamadığından kanalizasiyanın olmaması hiss olunmurdu.
Elə əvvəldən ümumi kanalizasiya qovşağı olmadığından hərə özünə, öz puluna şambo-enli quyu qazdırır və kanalizasiya suları ora tökülürdü.
Amma indi əhalinin sıxlığı artığından dərinliyi 2 metr, 6-8 kub həcmlik şamboların sayı minlərlə artıb və torpaq layı yumşaldığından qrunt suları yer tapıb yuxarı qalxır və bu da sahələrin bataqlığa çevrilməsinə, yaşıllığın yavaş-yavaş məhv olmasına səbəb olur. Əhali məcbur olub tez-tez xərc çəkərək yaranan bataqlıqlara maşınlarla qum tökərək örtür. Bir şambonun qazırlıb düzəldilməsi isə indi 200 manata başa gəlir.
Öz əsrarəngiz qumu , hansı ki,indi yoxdur, dadlı tutu,üzümü, gözəl ənciri ilə məşhur, bir vaxtlar torpağı çox münbit olan ərazi indi az qala bataqlığa, çevrilib və həmin meyvələr artıq yetişmir.
Ərazini qamışlıqlıqlar və digər bataqlıq ağacları basıb.
Üstəlik 2-3 aydan bir kanalizasiya sularını nasosla maşınlarla daşımaq üçün sakinlər əlavə pul- 50-60 manat pul xərcləyir.
Kanalizasiyanın olmaması əhalinin böyük problem olmaqla bərabər ekoloji problemlər də yaradır.
Ərazidəki torpaqların bitki örtüyünü ,münbit torpaq layını məhv edir. Bu baxımdan ETSN -də bu ekoloji problem nəzarətə götürüb ,tədbir görsəydi yaxşı olardı.
Kanalizasiya olmadığında kanala yaxın ərazidə yaşayanlar çirkab suları elə kanala axıdır.
Şablon çıxsa da, aidiyyatı qurumlar əsas kanalizaiya probleminin ,yol , nəqliyyat,su,qaz, rabitə problemini və digə çoxsaylı problemləri axır ki,həll etməyə çalışsa idi pis olmazdı.Onminlərlə insanın şəraitinə bu qədər laqeyd yanaşmaq olmaz. Üstəlik bunu etmək məmurların borcudur və əhalinin yaşayış çəraitinin yaxşılaşdırması üçün hər il dövlət büdcəsindən milyonlarla pul ayrılır. Bəs bu pullar hara gedir?!
Amma bütün bunlara rəğmən “Qurd dərəsi”nin sakinləri yenə də ümid edirlər ki,onların məkanı normal bir yaşayış massivinə çevriləcək nə vaxtsa…