Dünyada baş verən geosiyasi proseslər ABŞ başda olmaqla bəzi dövlətlərin Azərbaycana qarşı münasibətinin dəyişməsinə əsas səbəbdir. Sözsüz ki, bu müsbət münasibət sevgidən yox məcburiyyətindən qaynaqlanır. Təkcə bir fakt: az qala 30 il erməni-rus birləşməsinin işğalında qalan Azərbaycan torpaqlarının, 1 milyona yaxın məcburi köçkün və qaçqınların, viran edilmiş Azərbaycan yaşayış məntəqələrinin, dağıdılmış mədəniyyətimizin taleyi özünü dünyanın jandarmı kimi aparan ABŞ-I heç narahat etməyib.
Üstəlik Azərbaycana qarşı "907-ci düzəliş" adlanan faktiki sanksiya, ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə Minsk qrupunun anti Azərbaycan fəaliyyəti ABŞ-ın Azərbaycana qarşı əsl münasibətinin göstəricisidir. Qısası, ABŞ-ın indiki Azərbaycan "sevgisi" reallığın qəbulundan başqa bir şey deyil. Azərbaycanın 44 günlük müharibədə bütün xristian dünyasının Ermənistana hərbi, siyasi, diplomatik kömək etməsinə baxmayaraq möhtəşəm qələbəsi, Türkiyə ilə müttəfiqlik haqqında imzaladığımız Şuşa bəyannaməsi və ən nəhayət Rusiyan-Ukrayna müharibəsi Azərbaycana ABŞ və onun müttəfiqlərinin münasibətini dəyişməyə vadar edib.
Məsələnin vacibliyi Rusiya-Ukrayna müharibəsinin yaratdığı faktiki real geosiyasi hərbi və iqtisadi vəziyyətdən qaynaqlanır və nəzərə alsaq ki, Avropa dövlətlərinin qaz təchizatının 40 faizi Rusiyanın payına düşür və Rusiyanın bu vəziyyətdən Avropa ölkələrinə təsir imkanlarını anlamaq elə də çətin deyil. Qarşıda duran və publik şəkildə elan edilmiş məqsəd budur ki, Avropa rus qazından asılılığını əhəmiyyətli dərəcədə azaltmalıdır, daha doğrusu Avropa rus qazına alternativ tapmaq məcburiyyətindədir. ABŞ-ın müəllifi olduğu sanksiyalar paketi elə onun Avropa müttəfiqlərini çətin vəziyyətə salıb və ABŞ məcburdu ki, Avropanın enerji təhlükəsizliyini alternativ yolla təmin etsin. Rus qazını tez bir zamanda əvəzləmək çox çətin, yeni infrastruktur yaratmaq isə on illərin məsələsidir. Avropaya real hazır infrastruktur məhz Azərbaycanın əsas oyunçu olduğu işlək layihələrdir. Azərbaycanın qaz ixrac xətləri ilə Xəzər hövzəsinin bütün ölkələrdən Avropaya qaz ixrac etməyə imkan verən real və ən səmərəli yoludur və bu niyyəti qısa zaman daxilində reallaşdırmaq mümkündür.
Belə vəziyyətdə İranın da imkanları yaranıb ki, Qərblə və xüsusən də ABŞ-la münasibətlərini normallaşdırsın. Son günlərdə İranla Azərbaycan arasında qaz razılaşması elə müzakirə etdiyimiz Avropanın qaz təchizatı məsələsinin tərkib hissəsidir. Bildiyimiz kimi, Azərbaycan Avropaya qaz ixracını Türkiyə vasitəsi ilə həyata keçirir və Türkiyə də Qara dənizdə böyük qaz ehtiyatları aşkar edib və 1-2 ilə böyük həcmdə sənaye ixracına başlayacaq.
İndiki real siyasi və iqtisadi vəziyyətdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və perspektivdə rus qazından asılılığının aradan qaldırılmasında ən əlverişli və təhlükəsiz imkanlar Azərbaycan və Türkiyənin əsas oyunçu olduğu tranzit infrastrukturudur və hansı ki, Xəzər hövzəsindən Qazaxıstan, Türkmənistan, İran kimi ölkələrin də qazının ixrac edilməsi üçün genişləndirmə imkanlarına malikdir. Odur ki, ABŞ-ın Azərbaycana isti "jest"ləri məcburiyyət və reallıqdır. Hər bir halda Azərbaycan da yaranmış geosiyasi və iqtisadi vəziyyətdən öz maraqları naminə istifadə edəcək və bu şübhəsizdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq