"Vəzifə hərisliyi" az qala elmi termin kimi, işlədilən bu söz birləşməsi məmur ətrafında formalaşmış əsl reallığı özündə tam əks etdirə bilmir. Praktik nümunələr və analizin ortaya çıxardığı qənaət ondan ibarətdir ki, Azərbaycanda məmur tayfasının özünəməxsus düşüncə tərzi var ki, bu düşüncə tərzi də adekvat insan xüsusiyyətlərinə heç uyğun gəlmir.
Əslində Azərbaycanda vəzifə hərisliyi psixi xəstəlikdir və mən bunu "məmur sindromu" adlandırıram. Əvvəla qeyd edim ki, "məmur sindromu"na tutulmuş şəxslər özünün "aliliyinə" inanmış adamlardır və onların düşüncəsinə görə mənşəyi "homosapiens"in "idarə edənlər" qrupuna aid olmasıdır. Bu qrupun anladığı və özü üçün dini inanc kimi, qəbul etdiyi xüsusi fərlilik o dərəcədədir ki, bunlar adi insanlarla heç ünsiyyət yox e, adicə üzləşməkdən yayınırlar və adi insanları Hindistan mental və dini dəyərlərinə uyğun olaraq təbəqələşmə "kasta sistemi"nin alt qatı hesab edirlər. Həmin hind baxışına görə alt kasta adamlarına toxunmaq, danışmaq olmaz.
Gələk doğma və əziz vətənimizə. Bir neçə nümunə göstərim: deməli tanıdığım məmurlar var ki, öz işlədiyi xidməti binada şəxsinə ayrıca ayırdığı lifti var və həmin lifdən ancaq bu "rəis" istifadə edir. Əksər idarə rəhbərlərinin xidməti binaya girişi də belə gizli və heç kimin istifadə etmədiyi "koridordur". Məmur var ki, hətta tabeliyində olanlara salam vermir və tabeliyində olanlardan salam almır, nəinki adi
vətəndaşlardan. Məmur var ki, işçilərini söyüb təhqir edir, alçaldır, aşağılayır, əxlaqsızlıq edir, qız-gəlinə sataşır. Məmur var ki, qohum-qardaşından da imtina edib. Məmur var ki, xeyir-şərini heç bir mövqeyi, postu olmayanlardan təmizləyib. Məmur var ki, uzanan salam verən əli boş geri qaytarır. Məmur var ki, Əstafurullah Allah kimi hələ də bir vətəndaşı qəbul etməyib. Məmur var ki, zorla vətəndaşı qəbul etmək məcburiyyətində qalıb və qəbul zamanı başını qaldırıb, qəbula gələnin üzünə baxmır. Nə isə saydıqca qurtaran deyil...
Belə "məmur sindromu"na yoluxanların şəxsi bioqrafiyasına və "nəsil ağacına" baxanda demək olar ki, hamısında eynilik görürsən - hamısının ZATI xarab və yerində təsadüfi adamlardır.
Əsas sual, haradan qaynaqlanır məmurun bu yekəxanalıqlı, özünə arxayınlığı, özünün əvəz edilməzliyi, özünün aliliyi? Sözsüz dövlətimizin onlara verdiyi vəzifə mövqeyindən, səlahiyyətlərindən və ən əsası da həmin yüksək postda uzun müddətdə qalmasından, özünün "seçilmişlərdən" olmasına inanmasından, hətta nə də etməsinə baxmayaraq uzağı vəzifəsinin və yerinin dəyişəcəyinə əminliyindən "toxunulmaz" olmasını hiss etməsindən qaynaqlanır.
Ancaq bütün bunlar "məmur sindiromu" psixoloji xəstəliyinin əlamətlərini özündə cəmləşdirən vəzifə "privileqiya"sidir hansı ki, o vəzifəyə təyin olunmaqla əldə ediblər. Zat, kök, mədəniyyət, insanlıq, alicənablıq kimi immuniteti olanlar "məmur sindromu" xəstəliyinə tutulmur və bu xəstəliyin tibbi müalicə üsulu olmasa da, vəzifədən azad etmə kimi "iynəsi" var. Belə məmurların elə ən böyük cəzası budur - ona vəzifəsinə görə adam sayıldığını anlatmaq. Sonra da qalan müalicəsini də "cəzaçəkmə" müəssisəsində davam etdirmək...
Ən dəhşətlisi odur ki, "məmur sindromu" qeyri hökumət təşkilatlarına, siyasi partiyalara da sirayət edib. Bu sindromun ən iyrənc forması bəzi siyasi partiyalarda "monarxiya" formasıdır. Xalqın, millətin ideyasını özününküləşdirən bəzi siyasi partiya rəhbərlər postunu otuz illərlə işğalda saxlayır. Bu hal həm "məmur sindromu" xəstəliyi kimi, həm Azərbaycan xalqına bir təhqirdir. Hələ partiyanın özünün, üzvlərin fərdi inkişafını demirəm. Belə çıxır ki, bu xalq 30 illərlə siyasi rəhbər, lider yetişdirmək qabiliyyətində deyil və bu siyasi liderləri əvəz edə biləcək birisi yoxdur, əgər yoxdursa belə çıxır ki, siz öləndən sonra (ölüm hamı üçün haqdır) rəhbərlik etdikləri təşkilatlar da dağılmalıdır.
Acınacaqlı vəziyyət ondadır ki, dövlət məmurunu yuxarı rəhbər azad edə bilir, ancaq ömürlük siyasi partiya liderlərini özəlləşdirdiyi postundan heç kim uzaqlaşdıra bilmir. Özlərinin də insafları yoxdur. Onda radikal müxalif partiya lideri demokratiya, azad seçki, müstəqil mətbuatdan danışmağın adı nədir, özün əməl etmədiyinə başqalarının əməl etməsinə necə çağırış edə bilərsən? Necə deyərlər dağ göz qabağındadır. Belə siyasi partiya rəhbərləri tutduqları rəhbər postunu "məmur postu" kimi görür və tutduğu yüksək mövqe ilə özünün maddi və həyat şəraitini yaxşılaşdırır, adi insanları "ideyadaşlar", “partiyadaşlar” adı altında istismar edir. İndi gəl "məmur sindiromu"na tutulmuş şəxslə "siyasi lider monarxlar" arasında fərqi tap...
Haqq üçün deməyə borcluyam ki, vətənimizdə məmur adını ləyaqət və vicdanla daşıyan, vəzifəsini dürüst və layiqincə, sədaqətlə yerinə yetirən, dövlət və cəmiyyət qarşısında məsuliyyətini anlayan sayca az da olsa vəzifəli şəxslər, məmurlarımız da var.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas