Hazırkı qeydlərin məqsədi asılılıq yaradan ziyanlı vərdişlərdən söz açmaq, bunların insan həyatı üçün nə qədər təhlükəli olduğunu diqqətə çatdırmaqdır. Bu cür vərdişlər çoxdur, narkotik, alkoqol, nikotin yalnız üzdə olanlardır...
I.NARKOTIKLƏR
Narkotiklər qədim, hətta çox qədim tarixə malikdir, min illər uyuşdurucu, ağrıkəsici dərmanlar kimi işlənmişdir. İnsana təsir qüvvəsinə görə, ağır və yüngül növlərə bölünür. İstifadəçilər əvvəl yüngül narkotiklərdən istifadə edir, yavaş-yavaş ağır narkotiklərə keçir və aludəçiyə çevrilirlər. Birincilər narkotiklərdən yeri gələndə istifadə edənlər, ikincilər isə gündəlik vərdiş edənlərdir. Məhz ikincilər narkoman adlanır və onlar haqqında deyilir ki, keçmiş norkaman olmur. Qeyd etmək lazımdır ki, narkotiklərdən mütəmadi istifadə gec-tez ağ ciyərin vərəmi, qara ciyərin serrozu ilə nəticələnir. Bundan başqa, narkotiklərin cinsi aktivliyi aşağı salması və sonsuzluq yaratması da sübut olunmuşdur.
Anaşa
Xalq arasında həşiş, anaşa kimi tanınan, ədəbi dildə isə marixuana adlanan narkotik yüngül hesab edilir. Bəzi qərb ölkələrində bu narkotikin istifadəsinə (tütünə qatılıb çəkilməsinə) rəsmi icazə də verilir. Marixuana çətənə bitkisinin yarpaqlarından və qətranından hazırlanır. Tünd qonur, qəhvəyi rəngli plastik maddədir, ürək döyüntülərinin, nəfəs almanın sayını artırır, göz damarlarını şişdirir. Buna görə də, aludəçilərin - həşiş çəkənlərin gözləri şişmiş və qızarmış olur. Bütün narkotiklər kimi, marixuana da insanlara müxtəlif cür təsir edir, eyni dozadan biri hönkürüb ağlayır, o biri gülməkdən qəşş edir, üçüncüsü qorxusundan qaçıb gizlənir, dördüncüsü isə vəhşiləşir, ətrafdakılara hücum edir.
Marixuananın tərkibində çoxlu zəhərli və zərərli maddələr var, onun qətranı xüsusilə toksiki (zəhərli) hesab olunur. Mütəxəssislərin fikrincə, marixuana tütündən 8 dəfə artıq toksikidir. Marixuana ağır narkotik sayılmasa da, ağır narkotiklərə körpü sayılır, yəni heroin, kokain istifadəçisi, bir qayda olaraq, həşişdən başlayır.
Opium
Opiatlar qrupuna daxil olan ağır narkotikdir. Opium xaş-xaşından hazırlanır. Hazır halda ağ, boz, qəhvəyi, sarı və çəhrayı rənglərdə tozdur. Görünüşdə və təmasda yuyucu tozu xatırladır. Elə buna görə də narkodilerlər opiumu yuyucu tozla, bəzən qənd tozu, hətta unla qarışdırırlar. Opium müvəqqəti eyforiya (dünyanı vecinə almamaq) effekti yaradır, qorxu və həyəcan yox olur. Ürək döyüntülərinin, nəfəsalmaların sayı azalır, beyində tormozlanma yaranır. İnsan taqətsizləşir, seksual aktivlik zəifləyir. Ürək bulanması, nəfəsin ağırlaşması başlayır. Opiumu mayeylə qarışdırılıb («bişirmə» deyirlər) şprislə birbaşa venaya vurulduğundan, aludəçilərdə qolun və qıçın büküklərində, iynənin yerlərində irinləmə müşahidə olunur.
Venaya vurulan bütün narkotiklər kimi opium da qanın zəhərlənməsinə, istifadəçinin hepatit, serroz, sepsis (hətta sifilis) kimi xəstəliklərlə yoluxmasına şərait yaradır. opium nəfəs sisteminə ağır təsir edir, vərəmi qaçılmaz edir. Ümumiyyətlə, mütəmadi opium qəbul edənlərin - aludəçilərin ömrü 10 ilə qədər davam edir. İlk dozanı qəbul etmə, istifadəçidən aludəçiyə çevrilmə prosesi 6 aydan bir ilə kimi çəkir. Qalan 8-10 ili isə narkoman artıq bitki kimi - iynədən iynəyə «yaşayır».
Kokain
Koka (Erythroxlon koka) bitkisinin yarpaqlarından hazırlanan yarım sintetik ağır narkotik maddədir. Hazır halda ağ, boz, sarı, çəhrayı çalarlı tozdur. Kokain opimdan fərqli olaraq, ürək döyüntülərinin, nəfəsalmaların sayını artırır. Eyforiya (dünyanı vecinə almamaq) hissi də artır, əvvəlcə adamın əhval-ruhiyyəsi də yaxşılaşır. Problemlər isə sonra başlayır. Aludəçilərdə ilk növbədə aritmiya (ürəyin «fasilə» ilə vurması) başlayır, bəzən ürək qəflətən dayanır. Ürək möhkəm olduqda isə «kokain psixozu» (psixikanın pozulması) yaranır. «Kokain psixoz»u təhlükə hissi, qorxu, qarabasmalarla - dəhşətli görüntülər və əcaib səslərlə xarakterikdir. Bütün bunlar dəhşətli, qeyri-adi qaşınma ilə müşayət olunur, insana elə gəlir ki, dərisinin altında dəstə ilə qarışqa gəzir. Bu dəhşətli hallar təbii ki, narkoman növbəti kokain dozasını qəbul etdikdə müvəqqəti keçir. Xəstə müalicə olunmadıqda, kokain asılılığının daha ağır - epilepsiya dövrünə keçir. Vaxtı gələndə, doza qəbul etməyəndə, qıcolmalarla və epilepsiyalar başlayır.
Qeyd etmək lazımdır ki, kakoin öz narkogenliyinə - insanı asılı vəziyyətə gətirməsinə, görə opiumdan güclü narkotikdir. Xəstələr 5-7 il bitki kimi, iynədən iynəyə yaşayır. Bəzən bu «bitki ömrü» də beyinə qan sızması, yaxud da ürəyin qəflətən dayanması nəticəsində qırılır.
Sair ziyanlı vərdişlər
Təəssüf ki, ziyanlı vərdişlər narkotiklərlə qurtarmır, yalnız başlayır. İnsanda asılılıq yaradan ziyanlı vərdişlərin sırasına alkoqol, nikotin, seksual asılılıq, internet asılılığı, bazarlıq asılılığı, adrinalin asılılığı və s. daxildir. Növbəti qeydlərimizdə ziyanlı vərdişlərin bu növlərindən danışmağa və onlardan can qurtarmağın yollarını araşdırmağa çalışacağıq.
III.NIKOTIN
Ümumdünya Səhiyyə təşkilatının hesablamalarına görə, hər il təxminən 5 milyona yaxın adam nikotin zəhərlənməsindən vaxtsız dünyasını dəyişir. Nikotin isə tütünün tərkibində olan onlarla ziyanlı maddədən yalnız biridir, olsun ki, birincisidir. Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə, ürək-damar və və onkoloji xəstəliklərin digər formalarının yaranmasına gətirib çıxarır. Ekspertlər deyirlər ki, təkcə siqaret çəkən deyil, siqaret tüstüsü ilə nəfəs alan digər adamlar da risk qarşısında qalır.
İnsanlar siqareti çəkməyə başlayan kimi, onun mənfi tə’sirlərinə məruz qalır, siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin narkotik və alkoqol qədər güclü tə’sirə malikdir və eyni sürətlə asılılıq yaradır. Siqaret çəkənlərin çoxu onun ziyanlı tə’sirindən xəbərdardır. Lakin siqareti tərgitmək asan deyil, birdəfəlik atmaq isə çətin məsələdir. Mütəxəssislər hesab edir ki, gündə 3-4 qutu siqaret çəkən adamın bu ziyanlı vərdişi dərhal tərgitməyi mümkün deyil. Odur ki, gündəlik normannı azaltmaq və bir qutu səviyyəsinə çatdırmaq lazımdır. Yalnız bundan sonra siqareti tam atmaqdan danışmaq olar.
Amma bəziləri siqareti tam tərgidə bilmir və gündə bir neçə siqaret çəkməkdə davam edir. Digərləri tərkibində nikotinin az olduğu, ya da nanəli (mentollu) siqaret çəkir. Amma nanəli siqaretin zərəri adi siqaretdən daha çoxdur. Çünki sərinləşdirici tə’sirə malik olduğu üçün adamlar mentolu ağızlarında və ağ ciyərlərdə daha çox saxlayırlar. Bu isə adi siqaretədən daha təhlükəlidir. Ekspertlərin fikrinə görə, siz siqareti tam atmaqla ömrünüzü uzada bilərsiniz. Bu zaman özünüzü daha yaxşı hiss edəcək, yaxşı görünəcəksiniz. Siqareti atan kimi xərçəng xəstəliyinin yaranması ehtimalını aşağı salırsınız. Sonuncu siqareti atan kimi qan təzyiqi 20 dəqiqə ərzində normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən adamla müqayisədə yarıya enir.
Siqareti atmaq üçün indi müxtəlif üsullardan istifadə edilir. Məsələn, siqaret çəkən adam nikotini əvəz edən kiçik ampulanı dərisinin altına yerləşdirir. Onlar tərkibində nikotin olan maddələri çeynəyə də bilərlər. Ekspertlər adamların siqareti atdıqda özlərini narahat hiss etdiklərini, bə’zən stres keçridiklərini deyir. Bə’zi adamlarda bu, baş və mədə ağrıları ilə müşayət olunur. Amma hər şey sizin psixoloji hazırlıqdan asılıdır. Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, cəsarətli olun və bu gün siqaret atın, sabaha qoymayın. Nikotindən birdəfəlik qurtaracağınıza özünüzü inandırın. sağlam həyat keçirməyə çalışın. Həftədə heç olmasa, iki-üç dəfə qaçmağa, üzməyə, təmiz havada gəzməyə çalışın. Doğrudur, bir-iki həftə çətin olacaq, amma bir aydan sonra asanlaşacaq və siz siqareti tamamilə atmış olacaqsınız.
Sair ziyanlı vərdişlər
Təəssüf ki, ziyanlı vərdişlər yalnız narkotiklə, alkoqolla və nikotinlə qurtarmır. Onların sırasına seksual asılılıq, internet asılılığı, qumar, bazar asılılığı, adrinalin asılılığı və s. daxildir. Növbəti qeydlərimizdə ziyanlı vərdişlərin bu növlərindən danışmağa və onlardan can qurtarmağın yollarını araşdırmağa çalışacağıq.
IV. Seksual asılılıq
Faktiki olaraq, bütün canlılar seksual istifadəçilərdir. Təbii ki, seksual aludəçilər də var və bu, hər iki cinsə xas olan mürəkkəb psixoloji-fizioloji xəstəlikdir. Belə xəstələr arasında məşhurlar, hətta dahilər də olur. Məsələn, dahilərdən Viktor Hüqo, Çarli Çaplin, məhşur qadınlardan Kleopatra, Yekatrina və s. Şübhəsiz ki, belələri bizim dövrümüzdə, bizim şəhərimizdə, hətta tanıdığıiız adamların içində də var. Amma bu barədə geniş danışmaq niyyətində deyilik, çünki istər-istəməz, mövcud etik normalardan kənara getməliyik və bunu mümkün hesab etmirik.
V. Adrinalin asılılığı
Bu, mahiyyətcə ekstremizmin bir növüdür, amma burda ekstremistin fəaliyyəti cəmiyyətə yox, onun özünə ünvanlanıb. Odur ki, onlara ekstremist yox, ekstremal demək daha düzgün hesab edilir. Hələ yüz min illər bundan əvvəl, insanların mağaralarda yaşadığı, daşla, dəyənəklə silahlandığı daş dövründə məlum idi ki, bəzi insanlarda yalın əllə yırtıcı heyvanların üstünə getmək, ekstremal vəziyyətlərə düşmək, risk etmək, bir sözlə, ölümlə çiling-ağac oynamaq həyati bir tələbata çevrilir. Bu insanları ovlanmış heyvanın əti, ya dərisi maraqlandırmırdı, maraqlı olan ovun özü, prosesin gedişi idi, sona çatandà maraq itirdi.
Sonralar tunc dövründə qladiatoru döyüşə aparan da bu hiss, bu vərdiş idi, o, qalib olmaq, heç sağ qalmaq üçün də vuruşmurdu, çünki yaxşı bilirdi ki, bu döyüşdə sağ qalsa da, gələn döyüşdə mütləq öləcək. Qladiatoru döyüşə səsləyən şeypurların səsi, poladın cingiltisi, dəhşətə gələn kütlənin nəriltisi idi, o, faktiki olaraq, bunlarsız yaşaya bilmirdi. Bu insanlarda dəhşətli bir asılılıq yaranır, onlar ekstrim olmayanda darıxırlar, özlərinə yer tapmırlar, qartalın qanad saldığı hündür zirvəyə dırmaşır, ya da sıldırım qayadan coşqun sellərə tullanırlar.
Yox, bunlar qəhrəman deyillər, doğrudur, qəhrəmanlıq da ölüm qorxusuna qalib gəlməkdir, amma adrinalin çıxarmaq, ekstrim yaşamaq üçün deyil, umumi maraq, ideya naminə həyatla risk etmək, lazım gəlsə ölümə getməkdir. Spartak da qladiator olanda qəhrəman deyildi, baxmayaraq ki, cəsur döyüşçü idi, ölümün gözünə dik baxırdı və hər döyüşdən qalib çıxırdı. O, yalnız qulların azadlıq uğrunda mübarizəsinə qoşulduqdan və onun başında durduqdan sonar qəhrəmana çevrildi.
Vladimir Vısotskinin gözəl bir mahnısı var, dağlar, alpinistlər haqqındadır. Mahnıda deyilir ki, dağlara dırmaşmaq, əlçatmaz, ünyetməz sıldırım qayalara qalxmaq insanda qəribə bir asılılıq yaradır, sən zirvəyə, daim zirvəyə can atırsan, hətta qəlbin səni qabaqlamaq, köksündən çıxmaq, səndən qabaq zirvəyə qalxmaq istəyir. Budur, sən artıq zirvədəsən və bütün dünya sənin ayaqların altındadır. Hətta qartal, məğrur dağ qartalı səndən aşağıda uçur. Amma sən şad deyilsən, bayaqkı həyəcandan da əsər-əlamət yoxdur, əksinə qəm-kədər içindəsən. Sən zirvəsi qarşıda olanlara, yüz əziyyətə qatlaşıb, ölümə meydan oxuyub dağlara qalxanlara qibtə edirsən. Bəli, böyük şair psixoloji momenti çox gözəl tutub, zirvə alpinistin məqsədi deyil, çünki onu dağlara çıxaran məqsəd deyil, asılılıqdır, dağlardan asılılıqdır, ekstrim, adrinalin asılılığıdır.
Təbii ki, adrinalin asılılığı qədim dünyada qalmayıb, insanlarla bir yerdə daş dövründən internet dövrünə qədər gəlib, inkişaf edib. Biz indi TV kanallarında yüzlərlə insanın təyyarədən tullandığını, əngin səmalarda əl-ələ verib, müxtəlif fiqurlar yaratdığını müşahidə edirik. Bir başqaları isə hündür körpülərdən, uca göydələnlərdən aşağı tullanmağı sevirlər. Amma biz bilməliyik ki, bu insanlar göylərdə uçmurlar, saniyədə 9,8 metr artan təcillə göydən yerə düşürlər. Onların 15-20 metr gecikməyi, paraşütün ipini bir-iki dəqiqə gec çəkməyi 5-6 yüz metr məsafədən yerə düşməyə - ölümə bərabərdir.
Məlum olduğu kimi, İsveçrə və İtaliya yalnız səfalı kurortları və gözəl şəhərləri ilə deyil, həm də sıldırımlı dağları, qranit və qabbro tərkibli (xalq arasında boz və qara mərmər deyilir) sərt qayaları ilə məşhurdur. Hər il dünyanın hər yerindən minlərlə insan bu ölkələrə gəlir ki, qışda dik yamaclardan dərin dərələrə sürüşsünlər, yayda yüzlərlə metr göylərə ucalan sıldırım qayalara dırmaşsınlar. Elə insanlar da var ki, onlar dik qayalardan aşağı tullanır, yerə bir neçə yüz metr qalmışa kimi göylərdə uçur, qəsdən paraşütü açmırlar. Bu insanlar əsil ekstremallar, daha dəqiq desək, adrinalin asılılığının qurbanlarıdır.
Uzağa niyə gedək, bu gün Bakıda yolumuza və yuxumuza haram qatan avtoşlar kiçik miqyaslı olsalar da, bu tip insanlardır. Onlar da bir növ xəstədir, ölümlə həyatın sərhədində xuliqanlıq edir, ekstrimsiz yaşaya bilmirlər. Amma başqalarını - ekstremizmdən tamamilə uzaq, günahsız insanları bu təhlükəli oyuna qatdıqlarının fərqində də deyillər...
Qalib Arif