27 may tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edib.
Cənab Prezident və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər. Daha sonra Zəngilan Beynəlxalq Hava Limanının və Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Sonra isə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub.
Prezident İlham Əliyev çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Müstəqillik Günü ilə bağlı fikirlərini bildirib, mövcud reallıqlara toxunub. İlk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.
Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunması və yaşadılması üçün müstəsna xidmətlər göstərib. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qaldırılması və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirməsi, bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması buna bariz nümunədir. Məhz bundan sonra o dövrdəki Azərbaycan rəhbərliyi 1991-ci il fevralın 5-də üçrəngli bayrağımızı dövlət bayrağı kimi təsbit etməyə məcbur oldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı müxtəlif qərarlar verdi, bu istiqamətdə çoxsaylı elmi tədqiqatlar aparıldı, tarixi əsərlər yazıldı. Həmin dövrdə 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncam da imzalandı. 2007-ci il mayın 25-də isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı gerçəkləşdi. Dövlətimizin başçısı tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də cümhuriyyət irsinə, onun qurucularına böyük ehtiramın nümunəsi oldu.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Qələbəsindən sonra xalqımızın özünəinam hissi daha artıb. Bu Zəfəri ölkəmizə dövlətimizin başçısı, mahir diplomat, böyük sərkərdə İlham Əliyev, igid, cəsur, mərd əsgər və zabitlərimiz qazandırdı. Azərbaycan öz tarixi torpaqlarını erməni faşizminin əsarətindən azad etdi. İndi Qarabağda, Şərqi Zəngəzurda quruculuq işləri aparılır, tezliklə həmin ərazilərin vətəndaşları orada yaşamağa başlayacaqlar.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Baxmayaraq ki, erməni vandalları 30 il ərzində həmin əraziləri tamamilə dağıdıb, amma dövlətimiz bu torpaqlarda yenidən həyatı qaytarmaq üçün əzm və qətiyyət nümayiş etdirir. Artıq xalqımız, milli dəyərlərimiz və ənənələrimiz bu torpaqlara qayıdıb. Azərbaycan xalqı bundan sonra həmin torpaqlarda əbədi yaşayacaq. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, azad edilmiş torpaqlarımıza Böyük Qayıdış başlayıb. 10 min kvadrat kilometrdən çox ərazi nəhəng tikinti, yol-nəqliyyat və enerji kommunikasiyası meydançasına çevrilib. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında regionumuzun sülh gündəmi müəyyən edilib,
Qərbi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunub, Şuşa regionun və Türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir. Ermənistan mövcud olduğu tarixdən bu günə qədər heç vaxt yaşamadığı məğlubiyyətə məhkum edilib, Azərbaycana qarşı ən müxtəlif iddialardan geri çəkilməyə məcbur edilib. Bütün bunların isə hərbi-siyasi və diplomatik memarı müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir.
Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı da bunu təsdiqləyir. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı dövlətimizin hədəf və məqsədlərini görə bilər. Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq. Ağalı kəndi isə Böyük Qayıdışın ilk müjdəsi oldu.
Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru - Mətanət Qəribova