Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: "Özbəkistana dövlət səfərim dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir"

İlham Əliyev: "Özbəkistana dövlət səfərim dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir"


"Mənim bugünkü dövlət səfərim təkcə bizim niyyətlərimizin təsdiqi deyil, həm də qardaşlıq, dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir".

Newscenter.az xəbər verir ki, bunu Özbəkistanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Özbəkistanda Heydər Əliyevin özbək xalqına, Özbəkistana münasibətini çox yaxşı bilirlər: "Bu gün biz mənim qardaşım Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə çox şadıq. Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Biz bütün bunları görürük və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinirik.

Mən Heydər Əliyevin xatirəsinə belə yüksək münasibətə görə bütün Azərbaycan xalqı adından bir daha, ilk növbədə, Özbəkistan Prezidentinə, qardaş özbək xalqına təşəkkürümü bildirmək istərdim. Biz Azərbaycanda bunu yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq. Bu, Özbəkistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə daha bir töhfədir. Yaşasın Özbəkistan və Azərbaycan birliyi, qardaşlığı!".
Xəbəri paylaş