Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq valideynlərindən imtina edə bilər?

Uşaq valideynlərindən imtina edə bilər?


Qanunvericilikdə övladın öz valideynindən imtina etməsi barədə prosedur nəzərdə tutulmayıb. Bu yalnız ailə münasibətləri Ailə məcəlləsi ilə tənzimlənir. Ailə məcəlləsində isə övladın valideyndən imtina etməsi barədə heç bir qeyd yoxdur. Yəni övladın istəyi ilə valideyndən imtina etmək kimi qayda mövcud deyil. Qanunvericiliyə əsasən, insan doğularkən bu doğum faktı dövlət orqanı tərəfindən qeydə alınır. Doğum qeydə alınarkən, doğulan uşağın valideynlərin adları qeyd edilir. Bu qeydlər insanın bütün gələcək boyu onun valideynləri barədə məlumtların əsasını təşkil edir. Hətta Ailə məcəlləsinin 82.1-ci maddəsində yetkinlik yaşına çatmış övladın valideyni saxlamaq vəzifəsi də əks olunub. Həmin maddədə deyilir: "Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar".

Valideyn və övladın arasındakı qohumluq faktına əsaslanan hüquqi münasibətlərin kəsilməsi yalnız valideynlik hüququndan məhrum edilmə nəticəsində mümkün olur. Bu isə övladın valideyndən imtina edilməsi deyil, fərqli bir prosedurdur. Valideynin valideynlik hüququndan məhrum edilməsi üçün Ailə məcəlləsində bu əsaslar nəzərdə tutulub:

1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
2. alimenti qəsdən ödəmədikdə;
3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
4. valideynlik hüquqlarından sui-istifadə etdikdə;
5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

Qeyd edilənlərdən belə nəticəyə gəlməyə əsas verir ki, övlad ürəyi istədiyi halda və zamanda valideyndən imtina etmək (hüquqi cəhətdən, sənəd üzərində) hüququna malik deyil. Faktiki olaraq övlad öz valideynini atıb getsə də, onların arasındakı hüquqi əlaqə kəsilmir və onlar övlad-valideyn olaraq qalırlar. Bu hüquqi bağlılıq övladın istəyi ilə pozula bilməz.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş