Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ulu öndərin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Heydər Əliyevin o zaman hakimiyyət başına gəlməsi, bir-birinin ardınca həyata keçirdiyi tədbirlər nəticəsində respublikamız tədricən düşdüyü ağır böhrandan qurtulmuşdur. Ulu öndərin həmin dövrdəki xarici siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycanı beynəlxalq miqyasda məruz qaldığı təcridolunmadan xilas etmək idi. Heydər Əliyevin tükənməz iradə və sistemli ardıcıllıqla həyata keçirdiyi işlər kompleks və çoxşaxəli xarakter daşıyır, bütünlükdə isə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkə qarşısında duran mühüm problemlərin aradan qaldırılmasına xidmət edirdi. Azərbaycanın böhrandan xilas olmasını, dünya miqyasında tanınmasını bir sıra xarici və daxili qüvvələr qısqanclıqla qarşılayırdılar. Dövlətimizin düşmənləri yaxşı başa düşürdülər ki, Heydər Əliyevin yaratdığı Azərbaycan dövlətini heç bir qüvvə yox edə bilməz!
Ulu öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi respublikamızın müasir dünyada xüsusi yerini müəyyənləşdirməklə milli dövlətçiliyimizin bünövrəsini təşkil etmiş, beynəlxalq əlaqələrin keyfiyyətcə yeni mərhələnn əsasını qoymuşdur. Ulu öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etmişdir.
Ulu öndərimiz Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət xəttini uğurla davam etdirən Prezident İlham Əliyev dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək istiqamətində böyük səy və əzmkarlıq göstərir. Dövlətimizin xarici siyasətinin gücləndirilməsi, fəal və çevik diplomatiyanın həyata keçirilməsi Prezident İlham Əliyevin diqqət yetirdiyi məsələlərdəndir. Dövlət başçısının bu mövqeyi dünyada gedən mürəkkəb, ziddiyətli proselər fonunda respublikamızın müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirməyə geniş imkanlar yaradır.
Rəşadət XALIQOV
YAP Nizami rayon təşkilatının sədr müavini