Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül İsmayılova: "Ordumuzun bundan sonra da qüdrəti artacaq və yeni-yeni nailiyyətlər əldə edəcək"

Könül İsmayılova: "Ordumuzun bundan sonra da qüdrəti artacaq və yeni-yeni nailiyyətlər əldə edəcək"


“Bu gün Azərbaycan Ordusu layiq olduğu yerdədir. İnanırıq ki, Ordumuzun bundan sonra da qüdrəti artacaq və yeni-yeni nailiyyətlər, uğurlar əldə edəcək. Çünki Ordumuzun qüdrətini artıran xalq-ordu birliyinin görəcəyi işlər qarşıdadır”.

Bu fikirləri Newscenter.az-a Nizami rayonu İcra Hakimiyyətinin məsul işçisi, MMP-ın idarə heyətinin üzvü Könül İsmayılova səsləndirib. Müasir Azərbaycan Ordusunun tarixi keçmişinə nəzər salan Könül İsmayılova bildirib ki, 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, iyunun 26-da ilk nizami hərbi hissəsini yaratdı:

“Müstəqillik illərində isə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda mühüm addımlar atıldı. Bu addımlardan önəmlisi 1998-ci ildə Ulu Öndərin 26 iyunu Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan etməsi oldu”.

İcra Hakimiyyətinin rəsmisi qeyd edib ki, Ulu öndərin davamçısı Prezident İlham Əliyev tərəfindən də Silahlı Qüvvələrə yüksək səviyyədə qayğı göstərilir:

“Prezident orduda müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət yetirir. Bunun sayəsində də Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir”.

Könül İsmayılova onu da diqqətə çatdırıb ki, ordumuz günü-gündən güclənən qüdrəti sayəsində 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı:

“Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Vətən müharibəsindən sonra aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun gücündən bəhs edildi. Onlar ordumuzun hərbi taktikasını öyrənərkən belə qənaətə gəldilər ki, ordumuz hətta dünyanın aparıcı ölkəsinin ordusunu belə məhv etmə gücünə sahibdir”.

Könül İsmayılova bildirib ki, eyni zamanda Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur: “Bu gün Azərbaycan Ordusu öz gününü alnı açıq, başı dik şəkildə qeyd edir. Bizə qələbə sevinci yaşadan Azərbaycan Ordusu bundan sonra da qarşısına qoyduğu bütün məqsədlərə nail olmaq iqtidarındadır. Gününüz Mübarək Qüdrətli Azərbaycan Silahlı Qüvvələri!”.



Mehman
Xəbəri paylaş