Azərbaycan islam ölkəsidir, eyni zamanda dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Yəni dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır. Amma bu dövlətin dinə qarşı olduğu anlamına da gəlmir. Əksinə, beynəlxalq hüquq normalarına söykənən Anayasamız millətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir. Lakin diqqətə alınmalı mühüm məqamlar da var.
Belə ki, ölkəmizdə dini ayrı-seçkiliyi, radikalizmi və s. təbliğ edən dini icmaların və cərəyanların fəaliyyəti qadağandır. Fikrimcə dini mühitin tənzimlənməsində yalnız qüvvədə olan qanunvericiliyin kifayət etmədiyini, Azərbaycanda xüsusilə son illər müxtəlif dinlərin və cərəyanların yayıldığını nəzərə alaraq dövlətin də dinlə bağlı siyasətinin təkmilləşməsinə ehtiyac olduğunu düşünürəm.
Ölkə Konstitusiyasının 18-ci maddəsində Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu göstərilir. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Dövlətin bu istiqamətdə apardığı siyasəti təqdirəlayiq sayıram və dövrün reallığı kimi qiymətləndirirəm. Din məsələlərini dövlət idarəçiliyinə qatmaq olmaz. Hazırda Azərbaycan dövləti tolerantlıq baxımından bütün dinlərə eyni şərait yaratmağa və onlara qarşı heç bir ayrı-seçkilik etməməyə çalışır. Bu ilk baxışdan çox təqdirəlayiq bir haldır. Nəzərə alsaq ki, Azərbaycan vətəndaşlarının 90 faizindən çoxu müsəlmandır, belə olduqda dövlət tərəfindən islamın xeyrinə pozitiv ayrı-seçkiliyin edilməsi məncə, ciddi bir qəbahət olmayacaq.
Düzdür, son dövrlərdə Azərbaycan dövləti tərəfindən islam dininin bayramları olan Qurban və Ramazan milli bayramlar olaraq qəbul edilib və bu bayram günləri rəsmi olaraq qeyri-iş günü elan olunub. Bundan başqa, bir neçə tarixi əhəmiyyətli məscid dövlətin maliyyə dəstəyilə bərpa olunub. Bütün bunlarla yanaşı hesab edirəm ki, Azərbaycan dövləti mövcud cəmiyyətdə dini proseslərə nəzarətetmə siyasətiylə yanaşı, bu prosesləri istiqamətləndirmə siyasəti də güdməlidir. Din insanların mənəvi ehtiyacıdır.
Hazırda dünyada, xüsusilə də Qərb dövlətlərində islam dininə maraq gündən-günə artmaqdadır. Son dövrlərdə aparılan tədqiqatlar da göstərir ki, ənənəvi olaraq müsəlman olan azərbaycanlılar arasında öz dinlərini öyrənmək dinamikası artır. İnformasiyanın bol olduğu müasir dövrdə müxtəlif məqsədli məlumatların yayılması imkanının geniş olduğunu nəzərə alaraq hadisələrin inkişaf etməsinə nəzarət etmək çox vacibdir. Əks təqdirdə, cəmiyyətdə zərərli ünsürlərin formalaşması labüd olacaq. Amma bu nəzarət yalnız məhdudlaşdırmaqla mümkün olmayacaq. Cəmiyyətin dini ehtiyacını qarşılayacaq imkanlar da təklif olunmalıdır.
Bu gün Azərbaycan dövlətinin yürütdüyü dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edir. Bu da sübut edir ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər. Üstəlik ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırmaçılar, nazirlər, politoloqlar, ilahiyyatçılar, qafqazşünaslar da Azərbaycanın dövlət-din münasibətləri modelini digər ölkələrə nümunə göstərirlər.
Əli İbrahimov-hüquqşünas