Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın vasitəçiliyi Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına gətirib çıxara bilər

Azərbaycanın vasitəçiliyi Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına gətirib çıxara bilər


Azərbaycan postsovet respublikaları arasında ən fəal xarici siyasət yürüdən ölkələrdən biridir. Baltikyanı ölkələrin liderlərinin ardınca Ukrayna Prezidenti Volodimir Zelenskinin də Azərbaycana həyata keçirilən işgüzar səfəri ölkəmizin artıq həm regional, həm də qlobal müstəvidə vacib aktorlar sırasında yer aldığını göstərir. Rəsmi Bakının zərgər dəqiqliyi ilə hesablanmış çoxşaxəli, balanslı xarici siyasət kursu və dialoqa üstünlük verən yanaşması ölkəmizi bütün tərəflər üçün, o cümlədən Ukrayna üçün də regionda ən etibarlı, vazkeçilməz tərəfdaşa çevirir.

Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında vurğuladığı kimi Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var. Amma iki ölkə arasında münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır. Əliyev və Zelenski arasında Qəbələdə keçirilən görüş və mətbuata verilən bəyanatlar Azərbaycan–Ukrayna münasibətlərinin daha geniş əhatə dairəsinə malik olduğunu və əməkdaşlığımızın yeni mərhələyə keçdiyini göstərir. Fəal siyasi dialoq ilk növbədə sıx iqtisadi əməkdaşlıq üçün mühüm zəmin yaradır. Bu mənada Bakı ilə Kiyev arasında davamlı siyasi təmaslar və qarşılıqlı etimad mühitinin formalaşması böyük iqtisadi layihələrin reallaşmasını daha da sürətləndirir. Azərbaycan Prezidenti mətbuata bəyanatında bildirdi ki, “bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi; - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir. Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir”.

Əslində, Azərbaycan–Ukrayna münasibətləri digər postsovet ölkələrinin heç birinin münasibətlərinə bənzəmir. Bizim münasibətlərimiz olduqca spesifik, əlahiddə münasibətlərdir. Bu da ilk növbədə ədalətsiz müharibə faktoru ilə bağlıdır. Hər iki ölkə müstəqillik dövründə qonşu ölkələr (Ermənistan və Rusiya) tərəfindən xain hücuma məruz qalmış, müharibənin və işğalın bütün acılarını yaşamış və yaşamaqda olan ölkələrdir. Ona görə də dövlətimiz və xalqımız dost ölkələrə onların çətin günlərində dayaq durmağı, dərdə şərik olmağı, yaraları sarımağı bacarır. Azərbaycan Rusiyanın "SVO" (Xüsusi Hərbi Əməliyyat) adıyla başlatdığı müharibənin ilk dövrlərindən etibarən Ukrayna tərəfinə davamlı şəkildə humanitar yardımlar edib. Xüsusən də müharibənin ən kritik dönəmlərində (Ukraynanın elektrostansiyalarının bombalandığı, Ukrayna xalqının qaranlığa və şaxtalı soyuqlara məhkum edildiyi günlərdə) Azərbaycan dərhal haraya yetişib, enerji təchizatı üçün əlindən gələni edib. Bu vacib məqamı Ukrayna Prezidenti Volodimir Zelenski də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən vurğuladı və Azərbaycana təşəkkür etdi: "Enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi almışıq. Azərbaycana bu yardıma görə öz təşəkkürümüzü bildiririk".

Həmçinin Ukrayna xarici işlər naziri Andrey Sibiqa da sosial şəbəkə hesabındakı paylaşımında Azərbaycanın humanitar yardımlarını ayrıca detalları ilə qeyd edib: “2022-ci ildən bəri Azərbaycan dəfələrlə Ukrayna xalqına dəstək olmaq üçün öz töhfəsini verib. Xüsusilə enerji sistemimizi daimi hücumlar altında işlətməyə kömək edən yüksəktutumlu generatorlar, transformatorlar və vacib avadanlıqlar da daxil olmaqla, 45 milyon dollardan çox humanitar yardım göstərib. Uşaqlarımıza dəstək də eyni dərəcədə vacibdir. 500-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramlarında iştirak edib - bu, müharibə dövründə xüsusilə dəyərli bir şeydir. Biz bu həmrəyliyi dərindən qiymətləndiririk, çünki bu, Ukraynanın möhkəm dayanmasına və irəliləməsinə kömək edir”.

Göründüyü kimi Azərbaycan müharibələrdən və terrordan əziyyət çəkən bir sıra ölkələrə (Suriya, Pakistan və s.) real dəstəyini əsirgəmədiyi kimi Ukraynaya dəstəyini də əməli şəkildə davam etdirir. Bu baxımdan biz bu gün əminliklə deyə bilərik ki, Azərbaycan demək olar ki, postsovet ölkələri arasında yeganə ölkədir ki, beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməklə kifayətlənmədi, həmçinin Ukrayna xalqına davamlı şəkildə genişmiqyaslı humanitar yardımlar göstərməyə başladı və bu proses bu gün də davam etdirilir. Bu da bir daha onu göstərir ki, Azərbaycan münaqişə təcrübəsi və işğal acısı yaşamış bir ölkə kimi Ukraynanın müharibədən zərər çəkən xalqına dəstək verilməsinə, kömək olunmasına həqiqətən də xüsusi diqqətlə, olduqca həssas yanaşır. Biz mərhəmətli və humanist xalq olduğumuzu sözdə deyil, praktik olaraq göstəririk. Müharibə acıları xalqlarımızı daha da yaxınlaşdırır. Başqa sözlə desək, Azərbaycan və Ukrayna dərd ortağıdır.

Dövlət başçılarının Qəbələdə səsləndirdiyi mesajlar isə onu göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri təkcə ikitərəfli siyasi-iqtisadi və humanitar əməkdaşlıq çərçivəsində məhdudlaşmayacaq, həmçinin regional təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq, enerji nəqli və qlobal diplomatiya kimi strateji istiqamətləri də əhatə edəcək. Yeri gəlmişkən, bu kontekstdə Qəbələ və ya Bakının Ukrayna-Rusiya danışıqlarının növbəti mərhələsinə ev sahibliyi etməsi də mümkündür. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra bəyanatında Rusiya tərəfi ilə növbəti görüşün Azərbaycanda keçirilə biləcəyini vurğuladı: "Biz Azərbaycan Prezidentinə bildirdik ki, üçtərəfli danışıqlara hazırıq. Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim bundan əvvəl digər vasitəçilərin dəstəyi ilə üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Təbii ki, biz Rusiyanın diplomatiyaya hazır olacağı təqdirdə yaxın zamanlarda belə danışıqların Azərbaycanda keçirilməsinə hazırıq".

Zelenskinin bu bəyanatı Azərbaycana birbaşa etimadın göstəricisidir. Və onu da qeyd etməliyik ki, Ukrayna liderinin bu təklifi həm də ona görə unikaldır ki, Azərbaycan postsovet ölkələri arasında hələlik yeganə ölkədir ki, Ukrayna-Rusiya danışıqları üçün mümkün optimal məkan kimi qeyd olunur. Əlbəttə, Zelenski Azərbaycanla bərabər başqa ölkələrin də adlarını çəkə bilərdi. Lakin nə Belarus, nə Qazaxıstan, nə Ermənistan yox, məhz Azərbaycan mümkün vasitəçi kimi önə çıxır, dünya birliyinə təqdim olunur. Bu da ilk növbədə ondan irəli gəlir ki, Ukrayna lideri Azərbaycan liderinə xüsusi inamla yanaşır. Prezident İlham Əliyev Ukrayna-Rusiya danışıqlarının inkişaf etdirilməsinə və razılaşma əldə edilməsinə həqiqətən də mühüm töhfə verə bilər. İlham Əliyevin çevik diplomatiyası Azərbaycanın potensial vasitəçilik imkanlarını ortaya qoyur və Zelenski də bunu çox düzgün dəyərləndirir.

Azərbaycanın vasitəçiliyi həqiqətən də Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına gətirib çıxara bilər. Nəzərə alsaq ki, İlham Əliyev Ukrayna lideri ilə yanaşı Rusiya liderini də kifayət qədər yaxşı tanıyır, bu da tərəflər arasında uğurlu moderatorluq üçün olduqca vacib amildir. Bu baxımdan, hesab edirik ki, Rusiya tərəfi də Azərbaycanın vasitəçiliyinə müsbət yanaşa və Putin də Azərbaycanın vasitəçiliyinə Zelenski kimi rasional yanaşma nümayiş etdirə bilər. Bütün hallarda Qəbələdən Rusiya tərəfinə belə bir özəl mesaj verildi. Beləliklə, top indi Rusiya tərəfindədir. Bu təklifin rəsmi Moskva tərəfindən nə dərəcədə düzgün dəyərləndiriləcəyi isə Kremlin "qüllə"lərindən hansının daha üstün mövqeyə malik olmasından asılıdır. Müharibəni heç cürə dayandıra bilməyən Rusiya üçün Azərbaycanın vasitəçiliyi ideal anlaşma fürsəti ola bilər.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş