Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyevin Bakının təcrübəsindən yararlanmaq istəyi

Kiyevin Bakının təcrübəsindən yararlanmaq istəyi



Azərbaycanın həyata keçirdiyi balanslı xarici siyasət kursu, beynəlxalq və regional münasibətlər sistemində qarşılıqlı faydalı əməkdaşlığa üstünlük vermə strateji xətti, eyni zamanda dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi Bakının qlobal və regional prizmada təkcə dostlarının sayını artırmır, həmçinin ona olan inamı və etimadı gücləndirir. Məhz bu sadaladığımız prinsiplər Azərbaycana olan marağın artmasını şərtləndirir. Son həftələrdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfəri, keçirilən yüksəksəviyyəli görüşlər və imzalanan sənədlər fonunda bunu aydın görmək mümkündür. Elə aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri də bunun təzahürüdür.

Əvvəla, onu qeyd etmək yerinə düşər ki, Azərbaycan və Ukrayna arasında əlaqələr dərin tarixi köklərə malikdir. İstər sovetlər zamanında, ittifaq daxilində, istərsə də müstəqillik illərində Bakı ilə Kiyev dərin siyasi və iqtisadi əlaqələrə malik olub, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurulub. Təkcə qeyd etdiyimiz istiqamətlərdə deyil, eyni zamanda beynəlxalq təşkilatlarda da Bakı ilə Kiyev prinsipial məsələlərdə bir-birinin mövqeyini dəstəkləməklə koordinasiyalı fəaliyyət göstərib.

Azərbaycan ilə Ukraynanın beynəlxalq platformalarda koordinasiyalı fəaliyyətini şərtləndirən başlıca amillərdən biri hər iki ölkənin münaqişələrə sürüklənməsi, ərazi bütövlüyü ilə bağlı məsələdə demək olar ki, eyni aqibəti yaşaması olub. Artıq Azərbaycan güclü siyasi lideri və Müzəffər Ali Baş Komandanı ilə bu problemi həll edərək ərazi bütövlüyü və suverenliyini tam bərpa edib, azad olunan ərazilərdə geniş quruculuq-abadlıq işləri apararaq ora qayıdışı təmin etsə də, Ukrayna üçün hələlik bunu demək mümkün deyil. Bu baxımdan Zelenskinin ölkəmizə səfərinin həm də bu məsələdə Azərbaycanın təcrübəsindən yararlanmaq məqsədi daşıdığını demək olar. Bu məqsədlə Ukraynanın müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığa ciddi maraq göstərdiyini də elə Zelenski cənab İlham Əliyevlə görüşündə açıq şəkildə ifadə etdi. Ukrayna Prezidenti dedi ki, müdafiə sənayesi sahəsində çox dərin əməkdaşlıq qura bilərik və çox çalışmalıyıq ki, bu məqsədə nail olaq:

“Silahların istehsalına gəldikdə, bu, bizim xalqlarımız üçün sabitlik gətirə bilər. Bizim ölkələrimizin kifayət qədər imkanları var ki, bütün çağırışlarla üzləşərək tab gətirsin. İstənilən bir ölkəni götürsək, hətta nəzəri baxımdan əgər o, təcavüzlə üzləşərsə, bilməlidir ki, öz hərbi əməliyyatlarını apararaq özünü müdafiə edə bilsin. Bu baxımdan biz sabitliyə, sülhə gedən yolda Azərbaycana uğurlar arzulayırıq. Eyni arzularımızı biz, həmçinin, öz ünvanımıza bildiririk”.

Azərbaycanın qlobal və regional problemlərin həllində təşəbbüskarlığı, eyni zamanda bu təşəbbüskarlığın beynəlxalq səviyyədə müsbət qarşılanması fonunda Kiyevin də Bakıdan müəyyən gözləntiləri var. Daha dəqiq desək, Kiyev üzləşdiyi münaqişənin Bakının vasitəçiliyi ilə həllinə ümid bəsləyir. Hər halda, Ukrayna liderinin Kiyevin Moskva ilə növbəti görüşlərinin Bakıda keçirilməsi mümkünlüyü ilə bağlı səsləndirdiyi fikirlər bu əminliyi yaradır.

Volodimir Zelenskinin “Eyni zamanda, sülh sahəsində səyləri müzakirə etdik. Bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə”, — deyə səsləndirdiyi fikirlər həm də Azərbaycanın təkcə regional deyil, eyni zamanda qlobal sülhə verdiyi töhfələrin yüksək qiyməti idi. Çünki Azərbaycan Qarabağ müharibəsi illərində olduğu kimi, 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra qalib tərəf olmasına baxmayaraq, sülhdən yana olduğunu nümayiş etdirir, açıq şəkildə siyasi iradə ortaya qoyur. Məhz bu siyasi iradə təkcə Azərbaycan və Ermənistanı deyil, ümumilikdə Cənubi Qafqazı sülh və sabitliyə qovuşdurur. Bu amil də Ukrayna lideri tərəfindən yüksək dəyərləndirilir və Azərbaycanın sülh təcrübəsindən yararlanmağın zəruriliyi açıq şəkildə dünyaya duyurulur.

Ukrayna liderinin Azərbaycana səfərində həmçinin siyasi, iqtisadi, mədəni-humanitar sahələr, xüsusilə enerji sektorunda əməkdaşlığın inkişaf etdirilməsi və s. istiqamətlər müzakirə predmeti olsa da, düşünürəm ki, səfərin əsas ana xəttini məhz təhlükəsizlik və müdafiə məsələləri, eləcə də Bakının sülh səylərindən yararlanmaq istəyi təşkil edirdi.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı
Xəbəri paylaş