Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günü ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında keçirilən “Humanizmin Azərbaycan simvolu” adlı tədbirdə iştirak etdim.
“Humanizmin Azərbaycan simvolu” kitabının müəllifi, siyasi elmlər doktoru Vaqif Abdullayev, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova və digər şəxslərin iştirak etdiyi tədbirdə Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı danılmaz rolundan və Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıldı.
Bu mötəbər tədbirdə çıxış edərək qayğıkeşliyi, nəcibliyi, diqqət və qayğısı ilə hər zaman ehtiyacı olanların yanında olan, xeyirxah və nəcib əməlləri ilə milyonların qəlbini fəth edən Mehriban xanım Əliyevanın xalqın böyük məhəbbətini qazandığını vurğuladım. Qeyd etdim ki, Mehriban Əliyevanın gördüyü bütün işlər, onun Vətəninə, xalqına və torpağına nə qədər bağlı olduğunu tam şəkildə əks etdirir. Ölkəmizdə elə bir sahə yoxdur ki, Mehriban xanımın diqqətindən kənarda qalsın. Onun təhsil, mədəniyyət, incəsənət, idman, səhiyyə və s. digər sahələrə verdiyi mühüm töhfələri, ölkəmizin ictimai-siyasi, mədəni həyatındakı misilsiz xidmətlərini saymaqla bitməz.
Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərin və ehtiyacı olan minlərlə insanın tibbi müalicəsi Mehriban xanımın görmüş olduğu işlərin çox cüzi bir hissəsini təşkil edir. Birinci xanımın reallaşdırdığı layihələrin hər birinin mühüm əhəmiyyətə malik olması Azərbaycan xalqına çox yaxşı məlumdur. Bunu vətəndaş olaraq hər birimiz yüksək dəyərləndirir, xeyirxah və nəcib əməllərin sahibi olan Mehriban xanıma sonsuz hörmət və ehtiramımızı çatdırırıq. Mehriban xanımın Azərbaycan xalqı qarşısındakı xidmətləri əsrlər sonra da hörmət və ehtiram hissi ilə yad ediləcək.
Yüksək səviyyədə təşkil olunmuş tədbirə dəvət etdiyinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilova xüsusi təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, C.Xəlilovun Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edən bu kimi tədbirlərin təşkilində böyük əməyi var.
Jalə Əhmədova-Milli Məclisin deputatı