“Palmali” şirkətinin donanması bu gün daha bir tarixi gün yaşayır. 44 gün davam edən Vətən müharibəsi zamanı qəhrəmanlığı və şücaəti ilə seçilən, Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan mayor Malik Əliyevin adını daşıyan tanker ilk yükünü almaq məqsədilə Rumıniyanın Konstansa şəhərinə yola düşdü. Qeyd edək ki, gəmi 140 metr uzunluğunda, 17 metr enində və 7 min 500 DWT daşıma qabiliyyətindədir.
Xatırladaq ki, 26 dekabr 1986-cı ildə Naxçıvanda anadan olmuş Malik Əliyev 2008-2015-ci illərdə Sərhəd Qoşunlarının Xudat şəhərində Hərbi Dəstəsində Komendant Bölüyünün Komandiri, 2015-ci ildən isə Horadiz şəhərində Sərhəd Dəstəsinin Komendaturasının Qərargah rəisi vəzifəsində xidmət edib.
Newscenter.az xəbər verir ki, Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Malik Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Malik Əliyev oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Malik Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhid Malik Əliyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.
“Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov “Palmali” donanmasına daxil olan bütün gəmilərə şəhidlərin adlarının veriləcəyini bəyan edib. Bu təşəbbüsün həyata keçirilməsi nəticəsində indiyə qədər “Palmali” tankerlərinə Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimovun və Polad Həşimovun, Vətən müharibəsinin qəhrəman şəhidləri Adil İbrahimlinin, Xudayar Yusifzadənin, Cəbrayıl Dövlətzadənin, İman və Bəhram Məmmədzadələr qardaşlarının, əfsanəvi xüsusi təyinatlı Pəncəli Teymurovun və başqalarının adları verilib.
Mehman