Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rus dilinin hakimliyi kimə lazımdır?

Rus dilinin hakimliyi kimə lazımdır?


İki həftə öncə təhsilimizin acınacaqlı vəziyyəti ilə bağlı ölkə mətbuatında, sosial şəbəkələrdə geniş yayımlanan yazımın aktuallığını nəzərə alaraq müəyyən və olduqca vacib digər məsələlər barədə öz fikrimi bildirmək qərarına gəldim. Əvvəlcə sözü gedən həmin, "Siz Allah imkan verin yaşayaq" yazını sonra isə əlavələrimi qeyd edıcəm:

"Yeni tədris ilinin başlanğıcında yenə eyni mövzu müzakirə olunur: məktəbli forması. Hamıya bəlli bəla haqqında danışmaq, yazmaq bəlkə də başağrıdıcıdır, ancaq təhsil sahəsi strateji sahə olduğundan bu mövzu daimi gündəlikdə olmalıdır. Yeni görünüş almış Elm və Təhsil Nazirliyi nədənsə islahatı formanın, adın dəyişdirilməsi kimi başa düşür, mahiyyət isə heç vacib də deyil. Axı ay təhsil nazirliyi məktəbli forması, Təhsil Nazirliyin adının dəyişdirilməsinin təhsilin keyfiyətinə necə təsir edə bilər?! Niyə hamını mahiyyət yox, xarici görünüş maraqlandırır hə...
Əgər siz həqiqətən təhsildə düşdüyümüz quyudan, daha doğrusu bizi saldığınız quyudan çıxış yolu tapmaq istəyirsiniz bunun üçün elmi iş yazmaq, ya da müdafiə etmək, qısası alim olmaq lazım deyil.

Birincisi təhsil sisteminin idarəçiliyinə təcrübəli və bu sahənin biliciləri rəhbərliyə gəlməlidir, qohumçuluğa, yerlibazlığa, klanlığa son verilməlidir.

İkincisi müəllimlərə layiqli həyat tərzini təmin edən əmək haqqı verilməlidir, təhsil sahəsinin işçilərinə xüsusi status verilməli, onları hörmətdən salınan peşə failiyyətlərindən kənar işlərə cəlb edilmələri qadağan edilməlidir.
Üçüncüsü müəllimlərin imtahanları, sertifaklaşdırılması dayandırılmalı-əgər Ali diplom təhsil haqqında diplomu varsa əlavə sənədlərə nə ehtiyac var ki? Ya özünüz verdiyiniz diplomun möhtəbərliyinə, keyfiyyətinə inanmırsız, bəlkə tanımırsız o diplomları?!

Dördüncüsü, elmi dərəcəli müəllimlərlə yaşı 80-i yuxarı keçmiş "akademiklərin" əmək haqqları arasında 2000 manatlıq fərq, uçurum götürülməlidir.

Ən BAŞLICASI: bütün təhsil sistemində, məktəblərdə, ali təhsil müəssisələrində RÜŞVƏTƏ, YIĞIMLARA SON VERİLMƏLİDİR! Və sair..
.
Emin Amrullayev Vallah, Billah, Təhsil Nazirliyinin adının dəyişdirilməsi, bəzəkli məktəbli forması təhsildəki, biabırçılığı gizlədə bilməz, nə də keyfiyyətə müsbət təsir edə bilməz, görünüşlə deyil mahiyyəti dəyişmək gərək. Bir məmləkətdə ki, bu qədər hazırlıq kursları, repetitor varsa - deməli orta məktəb, tədris yoxdur. Bəli, cənab nazir siz bunu dəyişin!

Bir də axı, biz valideyinlər uşağın hazırlığına pul verək, məktəblərdə yığımları ödəyək, unun kisəsi 50 manat olan çörək, ya məktəbli forması alaq?! Bəs özümüz yaşamayaq?!. Biz bu vətəni çiyninimizdə daşıyırıq, düşmən qarşısına çıxıb canımızıı fəda edirik ki, doğma və cənnət vətənimizdə biz də bir gün görək.

Siz Allah imkan verin yaşayaq!"

Son bir, iki günün məlumatlarına əsasən yeni tədris ilində rus bölmələrinə yazılan şagirdlərin çoxluğundan sıxlıq yaranlb və bu sıxlığı aradan qaldırmaq üçün tədbirlərin görüldüyü bildirilir. Bu məlumata bilmirsən heç necə reaksiya verəsən, əslində isə nə qədər səbirli, təmkinli olsan da el arasında necə deyərlər adamı "gic gülmək, dəli ağlamaq" tutur. Bu nə biabırçılıqdır axı, MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ dövlət dili, Azərbaycan dilidir və Konstitusiyamıza görə dövlətimiz Azərbaycan dilinin inkişafını təmin etməlidir. Əgər başqa əcnəbi, imperialist rus dili öz xalqının və rəsmi dövlət dilinə bərabər tutulursa bunun xalq üçün, dövlət üçün böyük fəlakıtlərə səbəb olacağı tam şübhəsizdir. Dəfələrlə qeyd etmişəm, şəxsim Azərbaycanda rus dilinin fənn kimi tədrısının əleyhinə deyiləm, mən rus məktəblərinin mövcudluğuna, orada gələcək nəsillərimizə rus mentalitetinin, rus düşüncə tərzinin, saxta rus tarixinin, rus böyüklüyünün, rus şövinizmun təbliğinin, qısası rus düşüncəli azərbaycanlıların yetişdirilməsinin əleyhinəyəm. Ölkəmizdə məcburi orta təhsildə "rus sektor"larının mövcudluğunun dövlət müstəqilliyimizə, ərazi bütövlüyünə təhlükə mənbəyi olması barədə hələ 2018-ci ildə kitabımda yazmışam, məqalələrlə çıxış etmişəm. Fikrimcə həmin yazımda qeyd etdiyim əqamları, faktları bir daha xatırlasaq yaxşı olar:

"Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!

Rus dilinin dünyada və keçmiş MDB ölkələrində mövqeyini itirdiyi halda Azərbaycanda isə əksinə daha da nüfuz qazanması, təbliği doğma ana dilimizin nüfuzunun zəif ləməsinə əsas olmaqla həmdə siyasi baxımdan da dövlətçiliyimizə və müstəqilliyimizə təhlükə mənbəyidir. Rusiyanın Gürcüstana hücumu və Abxaziya Osetiyanın işğalının əsas səbəbi Rusiyanın rus dilli vətəndaşlarının müdafiəsi adı altında baş verdi. Eyni hadisələrdə Ukraynanın Luqanski və Donetski vilayətləridə rus dilli əhalinin müdafiəsi adı altında təkrarlandı.

Moldova Respublikasının Dinestryanı vilayəti də 1990-cı illərdə rus dilli əhalinin qorunması adı altında Rusiya tərəfindən işğal edilib və bu gün də de fakto qondarma respublika şəklində Rusiyanın bir əyalətidir.

Doğma Ana Dilimizə hörmətsizliyimiz o həddə çatıb ki, biz mədəni görünüş yaratmaq naminə, başqalarının xoşuna gəlmək naminə öz dilimizdən imtina edirik. Dahi Sokrat deyib ki, “ Danış ki, səni görüm”. Dil xalqımızın varlığı, yaşaması və görünməsi deməkdir. Humboldtun isə “Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir” kəlamı daima yaddaşımızda olmalıdır. Heydər Əliyev: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”

Bəs biz niyə dilimizə bu qədər hörmətsizlik edirik? Bilmirik ki, bir xalqı məhv etmək üçün onun dilini əlindən almaq kifayətdir?!

Nəzərimizdən qaçan bir halı qeyd edim ki, Azərbaycan da 2018-ci il üçün rusdilli məktəblərdə yer çatışmamazlığı barədə KİV-də və elektron media və sosial şəbəkələrdə geniş yayılan məlumat hamımızı düşündürməli idi, təəssüf k, bu hala münasibət bildirən ziyalılarımız (yox səviyyəsindədir) və siyasətçilərimiz demək olar ki olmadı.

Bir faktı da qeyd edim ki, 2013-cü ildən başlayaraq Rusiya keçmiş SSRİ ölkələrində yerləşən səfirlikləri vasitəsi ilə 1991-ci ilə kimi keçmiş SSRİ-də anadan olmuş şəxslərə sadələşdirilmiş formada Rusiya vətəndaşlığı təklif edir.
Azərbaycanın qərb bölgəsinin sakinlərinin əksəriyyətinin Rusiya vətəndaşı olması danılmaz faktdır.

Baxmayaraq ki, bu gün ki gün Rusiya ilə Azərbaycanın münasibətlərinin normal olması və ya Azərbaycanın Rusiyaya loyal münasibəti (bəlkə də görünən loyallıq qeyd edilən amillər hesabınadır) yuxarıda qeyd edilən təhlükəni arxa plana keçirib ancaq, qeyd edilən hallar Rusiya tərəfindən hər zaman istifadə oluna bilər və bu ehtimal həddindən artıq çox yüksəkdir və müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir.

Əlavə olaraq qeyd edim ki, ana dilimizlə bağlı hazırladığım təkliflər Milli Məclisə və inzibati orqanlara hələ 2017-ci ilin aprel ayı ünvanlanıb, təkliflərimizdən ancaq və ancaq “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyiiliklər qəbul edilmiş yəni rus sektorunu bitirən abituriyentlər Azərbaycan dilindən imtahan verilməsi bərpa edilmişdir.

Əgər bu gün təxirəsalınmaz tədbirlər görülməsə Rusiya Azərbaycan Respublikası ərazisində öz vətəndaşlarını və rus dilli əhalinin qorunması adı altında Azərbaycanda yeni Dnestr yanı, Abxaziya, Cənubi Osetiya, Luqanski, Donetski yarada bilər. Buna biz özümüz şərait yaratmışıq və məsuliyyətlidə öz üstümüzdədir.

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas
Xəbəri paylaş