Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə ilə Yunanıstan arasında müharibə başlaya bilərmi?

Türkiyə ilə Yunanıstan arasında müharibə başlaya bilərmi?


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana növbəti dəfə xəbərdarlıq edib. O, bildirib ki, Yunanıstan ağlını başına almalı, kimsənin maşası olmamalıdır.

Bundan əvvəl Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə hazır olduğunu bəyan etmişdi.

Ankara ilə Afina arasında gərginlik son vaxtlar daha da artıb. Bunun əsas səbəbi Türkiyə təyyarələrinin Yunanıstan radarlarına düşməyidir.

Ərdoğanın Mitsotakislə yaxın vaxtlarda danışıqlar masası arxasına oturacağı inandırıcı deyil. Çünki Türkiyənin şərtləri, istəkləri konkretdir. Və Ankara əməli nəticələr gözləyir. İkincisi, Yunanıstan Baş nazirinin təklif etdiyi andaca danışıqlar masasına əyləşməz. Bu, diplomatik məsələdir.

Gərginlik, yəqin ki, yaxın gələcəkdə də davam edəcək. Əlbəttə, Türkiyəyə qarşı Yunanıstan “kartından” istifadə etməkdə maraqlı olan qüvvələr var. Çünki Ankaranın xarici siyasəti son vaxtlar bəzi Qərb dövlətlərini narahat etməyə başlayıb. Sərhəddə Türkiyə ilə Yunanıstan arasında kiçik toqquşmaların baş verəcəyi istisna deyil. Amma gərginliyin müharibəyə səbəb ola biləcəyini düşünmürəm. Çünki hər iki dövlət NATO üzvüdür. Əgər savaş başlasa, digər müttəfiqlər tərəf tutmalı olacaqlar. Səssiz qalmaq, ehtimal edilən müharibədə mövqe ortaya qoymamaq isə Alyansın ruhuna, “birimiz hamımız üçün” prinsipinə uyğun olmayacaq. Beləliklə, NATO-nun parçalanması təhlükəsi meydana çıxa bilər. Bu isə dünyanın təhlükəsizlik arxitekturasının dəyişməsi deməkdir. Yəqin ki, qurum daxilində bunu istəyən yoxdur. Elə isə kimlər və niyə Türkiyəyə qarşı Yunanıstan “kartı”ndan istifadə etməyə çalışır? Çox güman, məqsəd Türkiyənin xarici siyasət kursundə “korrektələrə” nail olmaqdır.

Əlbəttə, müharibə başlasa, Yunanıstan Türkiyə ilə bacarmaz. Ən azından ona görə ki, Türkiyənin hərbi sahədəki təcrübəsi daha çoxdur. İntensiv olaraq ayrı-ayrı regionlarda təkrarlanan anti- terror əməliyyatları Türkiyə ordusunun təcrübəsini günü gündən artırır. Bunu Afina da bilir.

Fikrimcə, dünya dövlətləri qlobal miqyaslı müharibənin başlanmasını istəmir. Belə bir savaş indiki durumda kimsəyə sərf etmir.

Beləliklə, savaş olmayacaq, amma gərginliyin artacağı gözləniləndir.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş