Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fırçasından nur yağan rəssam

Fırçasından nur yağan rəssam


Qədim və ulu Naxçıvan torpağı doğma Azərbaycanımızın elm və dövlətçilik tarixinə böyük dühalar bəxş etdiyi kimi özünün qüdrətli sənət adamları ilə xalqımızın mədəniyyət tarixini də zənginləşdirmiş, həmin tarixə yeni səhifələr yazmışdır. Doğma Naxçıvanımızda bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsinə də böyük qayğı və dəstək var. Azərbaycan mədəniyyətinin, o cümlədən rəssamlıq sənətinin inkişafında Naxçıvanlı rəssamların da özünəməxsus xidmətləri olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda realist rəssamlıq sənətinin məhz Naxçıvan torpağının istedadlı oğlu Bəhruz Kəngərli ilə başladığı qeyd olunur. XX əsrin 80-ci illərində eləcə də XXI əsrdə Azərbaycan rəssamlıq və heykəltaraşlıq sənətində özünməxsus məqama malik sehrli fırça sahiblərindən biri də bütün ömrünü Naxçıvanla bağlamış, Azərbaycanın Xalq rəssamı, gözəl pedaqoq, bu torpaqda özünəməxsus rəssamlıq məktəbini yaratmış Hüseynqulu Əliyevdir.

Özünü təsviri sənətin müxtəlif sahələrində rəssam, heykəltaraş, dekorativ tətbiqi sənət ustası, geyim eskizləri tərtibatçısı kimi təsdiqləyib. Əsərləri ölkəmizdə və onun hüdudlarından kənarda-İran, Türkiyə, Gürcüstan, Türkmənistan, Rusiya, Ukrayna, Koreyada keçirilən sərgilərdə nümayiş olunub.
Dünya estetikasında “Həyat ağacı” deyilən bir mövzu yer tutmaqdadır. Eyni mövzu ilə xalq rəssamı Hüseynqulu Əliyevin yaradıcılığında qarşılaşırıq. Rəssamın “Həyat ağacı” əsərində bütövlüklə köhnə və yeni dünya vəhdət halında canlandırılmışdır. İlk baxışda bütün rəsm əsərinin kökündə qocaman bir ağacın hətta qabıqları belə tökülmüş gövdəsi dayanır. Prinsipcə həmin rəsm əsəri öz tamaşaçısına təlqin edir ki, həyat öz axarı ilə davam etməkdədir və həmin qocaman ağacın ətraflarından göyərmiş yeni budaqlar yeni həyata işarədir. Ağacın yuxarısında yuva qurmuş leyləklər rəsm əsərinə xüsusi canlılıq, həyatilik gətirir. Ümumiyyətlə, Hüseynqulu Əliyevin bu rəsm əsərində hər şey hərəkətdədir. Qocaman ağacın koğuşundan hissələr ayrılıb düşməkdədir. Gövdənin yanlarından çıxan yeni budaqlar səmaya can atmaqdadır. Bu ağaca sığınmış leyləklər uçmağa hazırlaşırlar. Səmada isə buludlar seyrəkləşməkdə və sıxlaşmaqdadır.

Hüseynqulu Əliyevin sənəti üçün xarakterik olan cəhətlərdən biri də rəssamın öz fırçası və rəngləri ilə zamanı qabaqlamasıdır. Onun portret rəsm əsərlərinin mövzusu daha çox rəssamın özünə və müasirlərinə həsr edilsə də, biz həmin rəsm əsərlərində portretləri canlandırılan şəxslərin həyatlarının 20, 30 il sonrakı dövrləri ilə qarşı–qarşıya dayanırıq. Təbii ki, belə bir gediş etmək üçün rəssamdan böyük sənətkarlıq qüdrəti tələb olunur. Amma bu cəhət Hüseynqulu Əliyevin sənətində adi hala çevrilib. Məsələn, “Ömür yolu” rəsm əsərinə diqqət edilərsə, görərik ki, portretdə canlandırılan körpələr artıq rəssamın nəvələri deyil, nəticələridir. O nəticələrə baxan Xalq rəssamı isə cəsarətlə özünün 90 yaşında olacaq görkəmini canlandıra bilmişdir. Əslində bu rəsm əsərinin özü də portret janrındadır və obrazlı şəkildə həmin əsəri “Həyatın portreti” də adlandırmaq mümkündür.

Heykəltaraş olaraq monumental, dəzgah (büst-portretlər, barelyef, barelyef-pannolar), monumantal-dekorativ və dekorativ heykəltaraşlıq (kiçik ölçülü plastika) növlərinə müraciət edərək dəyərli sənət nümunələri ərsəyə gətirib. Hüseynqulu Əliyevin heykəltaraşlıq nümunələri Naxçıvan şəhərinin və muxtar respublikanın bir neçə rayonlarının mənzərəli yerlərini bəzəyir, yerləşdiyi məkanın mahiyyətini açıqlayır. Naxçıvanın Koroğlu meydanındakı “Koroğlu” heykəli dinamik kompozisiyası ilə maraq doğurur. Tuncdan tökülmüş monumental abidə Xalq qəhrəmanının əzəmətini nümayiş etdirir. Sənətkar Koroğlunu şaxə qalxan qıratın üstündə, döyüş zamanı, qələbə anında təsvir edib.

Şəhidlər xiyabanındakı “Ana” abidəsi professional işləmə tərzi ilə diqqəti cəlb edir. Əsərdə şəhid övladının məzarını ziyarətə gəlmiş ana təsvir olunub. Heykələ baxarkən tamaşaçının gözü önündə şəhid anaların ümumiləşdirilmiş obrazı canlanır.

Sənətkar həmçinin monumental dekorativ heykəllərlə (“Fərhad süd arxı çəkərkən”, “Bulaq başında qızlar”) yanaşı, bir çox büst-portretlər, barelyef, dekorativ barelyef-pannolar, qorelyeflərin, Molla Nəsrəddinlə bağlı hekayələrdən götürülmüş sujetli dekorativ heykəllərin müəllifidir.

Rəssamlıqda üstünlük verdiyi janrlar - portret, mənzərə, natürmort, tematik tablolar, süjetli kompozisiyalardır. Bir çox rəssamların yaradıcılığında müəyyən rəngə aludəlik hiss olunur, onun palitrası həmin rənglə müəyyən olunur. Hüseynqulu Əliyevin əlvan palitralı əsərlərində belə bir xüsusi aludəlik sezilməsə də, özü ağ rəngi daha çox sevdiyini etiraf edir. Rəssamın fikrincə ağ rəng işıq, əbədilik, xoş ovqat, təmizlik, sülh rəmzi və bütün rənglərin açarıdır. Çox vaxt rəssamların yaradıcılığında sevimli motiv olur ki, bu da əsərlərin ideyasını açmağa kömək edir. Hüseynqulu Əliyevin əsərlərində sevimli element at və almadır. Rəssam atı murad, insanın ən yaxın dostu, məğrurluq rəmzi kimi, almanı isə sərvət və məhsuldarlıq simvolu kimi əsərlərində istifadə edib. Rəssamın mənzərə janrında çəkdiyi əsərlərindən “Mənim Naxçıvanım” triptixi, “İlanlı dağ”, “Meşə” və başqaları realistliyi ilə tamaşaçını heyran edir.

Rəssamın portret janrında maraqlı əsərləri var. Böyük ədib Hüseyn Cavidin portretinin koloriti obrazın əhval-ruhiyyəsinə uyğun seçilib. Əsərdə Cavidin çatılmış qaşları, üzünün ifadəsi, stolun söykənəcəyinə qoyulmuş əlin gərgin vəziyyəti dövrün ictimai-siyasi ədalətsizliyindən yaranan daxili narahatlığı ifadə edir. Rəssam əsərdə böyük şairin daxili xarakterini özünəməxsus ustalıqla təsvir edib.

Hüseynqulu Əliyevin “Məcnun”, “Azadlıq”, “Mənzərə” adlı rəsm əsərləri Koreya Respublikası, Almaniya, Türkiyə, İranda nümayiş etdirilmişdir. Sənətkar həmçinin “Həyat”, “Bağda” və s. tematik tabloların, “Yasəmənlər”, “Heykəllə natürmort”, “Dolça və almalar” və s. natürmortların müəllifidir. Hüseynqulu Əliyev teatr-dekor rəssamı, geyim eskizləri tərtibatçısı kimi də fəaliyyət göstərir. 1989-cu ildən 2019-cu ilə qədər Naxçıvan Dövlət Musiqili Dram Teatrının Baş rəssamı vəzifəsində çalışmış, teatrda “Xeyir və Şər”, “Arşın mal alan”, “Afət”, “Hacı Qara”, “Özümüz bilərik” və bir çox başqa tamaşalara səhnə tərtibatı vermişdir. 2002-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına layiq görülən Hüseynqulu Əliyev hazırda Naxçıvan Dövlət Universitetinin “Təsviri incəsənət” kafedrasının professoru vəzifəsində çalışır.

Onun yetirmələri də sənətdə öz sözlərini deyir, müəllimlərindən öyrəndikləri bilik və bacarığı uğurları ilə təsdiqləyirlər. Azərbaycanın tarixi taleyi, müstəqillik dövrü ilə bağlı vətənpərvərlik nümunələri yaratmış, Naxçıvanda yeni nəsil rəssamların ustadı və müəllimi olmuş, çoxcəhətli yaradıcılıq qabiliyyətinə malik professional rəssam və heykəltaraş, teatr rəssamlığında öz dəst-xəttini müəyyən etmiş Xalq rəssamı Hüseynqulu Əliyevə bundan sonra da bu çətin və şərəfli sənət yolunda uğurlar arzulayırıq. Qoy yaradan əlləri daim var olsun.


Toğrul Cəfərli-Naxçıvan Dövlət Universitetin “Təsviri incəsənət” kafedrasının müəllimi

Xəbəri paylaş