Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev bu ölkənin Mtsxeta-Mtianeti bölgəsinə səfər edib. Səfir regionun inzibati mərkəzi olan Mtsxeta şəhərində bölgənin qubernatoru David Nozadze və şəhər meri Dimitri Zurabişvili ilə görüşüb.
Newscenter.az səfirliyə istinadən xəbər verir ki, dövlət səlahiyyətlisinin inzibati binasında baş tutmuş görüşdə David Nozadze Gürcüstana dost və qardaş ölkənin səfirini salamlamaqdan böyük məmnunluq ifadə edib. Gürcüstanla Azərbaycan arasında tarixən mehriban qonşuluq, dost və qardaşlıq münasibətlərinin olduğunu vurğulayan qubernator iki dövlət və xalq arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. David Nozadzenin sözlərinə görə, Gürcüstan və Azərbaycanın əsl dostluğu, qarşılıqlı dəstəyi və hörmətə əsaslanan münasibətləri bütün ölkələr üçün bir örnəkdir.
Səfir Faiq Quliyev ona göstərilən diqqət və isti qarşılanmaya görə qubernatora təşəkkür edib. O, Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini, Prezident İlham Əliyevin Gürcüstanla münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan sıx münasibətlər daha da inkişaf etdirilərək nümunəvi strateji müttəffiqlik səviyyəsinə yüksəldilib. Son illər ərzində Azərbaycan və Gürcüstan arasında qarşılıqlı səfərlərin intensiv xarakter aldığını qeyd edən səfir bunu iki ölkənin münasibətlərinin ən yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.
Faiq Quliyev iki ölkənin regionları arasında əməkdaşlığın inkişafı məsələsinə də toxunub. O, son bir ildə Azərbaycan və Gürcüstanın bir neçə şəhəri arasında qardaşlaşma haqqında memorandumların imzalandığını diqqətə çatdırıb. Vurğulayıb ki, bölgələrarası əməkdaşlıq siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı əlaqələrin daha da güclənməsinə böyük töhfə verir.
Faiq Quliyev bildirib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, Gürcüstanda yaşayan soydaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirilib. O, Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda reallaşdırılmış iri sosial və humanitar layihələr barədə ətraflı məlumat təqdim edib, səfirliyin soydaşlarımızı narahat edən məsələləri daima diqqət mərkəzində saxladığını bildirib.
Səfir həmçinin bu yaxınlarda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla sərhəddə törədilmiş genişmiqyaslı təxribatdan da söz açıb. O, təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbçisinin şəhid olduğunu diqqətə çatdırıb. Faiq Quliyev Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman övladların xatirəsinə dərin ehtiramını ifadə edib. Səfir Azərbaycanın bölgədə sülh və sabitliyin tərəfdarı olduğunu qeyd edərək Gürcüstanın da bu istiqamətdə göstərdiyi səyləri təqdirəlayiq adlandırıb.
Qubernator David Nozadze gürcü və Azərbaycan xalqları arasında möhkəm təməllərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. O, Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçularının ailələrinə başsağlığı verib. David Nozadze bölgədə sülh və əmin-amanlığın bərqərar olacağına ümid etdiyini vurğulayıb.
Mtsxeta meri Dimitri Zurabişvili öz növbəsində Faiq Quliyev ilə görüşməkdən şad olduğunu qeyd edərək Azərbaycan səfirinə bölgəyə göstərdiyi marağa görə təşəkkürünü bildirib. Mer bələdiyyədə azərbaycanlıların yaşadığı kəndlərdə həyata keçirilən infrastruktur layihələr barədə danışıb, Gürcüstanın tamhüquqlu vətəndaşları olan soydaşlarımızı narahat edən məsələlərin həlli yollarının tapılmasına xüsusi diqqətin yetirildiyini qeyd edib.
Görüşdə Mtsxeta-Mtianeti bölgəsinin Azərbaycanla əlaqələrinin inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb. Tərəflər qarşılıqlı təmasların davam etdirilməsi və sıx əməkdaşlığın qurulmasına hazırlıqlarını ifadə ediblər.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. Səfir Faiq Quliyev qubernator və merə Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan və Qarabağ xanlığına aid olan 300-dən çox artefaktın rəsminin yer aldığı “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabı hədiyyə edib.
Mehman