Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan vətəndaşları "Qətiyyətli cavab" əməliyyatını təqdir edib-VİDEO

Azərbaycan vətəndaşları "Qətiyyətli cavab" əməliyyatını təqdir edib-VİDEO


Sosial Tədqiqatlar Mərkəzi (STM) Ermənistanın Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində hərbi təxribatlarına qarşı həyata keçirdiyi “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi mahiyyətini nəzərə alaraq növbəti dəfə bu mövzuda ictimai rəy sorğusu keçirib.

Newscenter.az Mərkəzə istinadən xəbər verir ki, sorğunun nəticələri Şuşa şəhərində elan edilib.

Sorğunun metodologiyası


Sorğu çərçivəsində Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilib.
Sorğuda respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Keçirilən rəy sorğusunda ümumilikdə 385 respondent iştirak edib. Respondentlərin 50,7%-i kişi, 49,3%-i qadındır. Sorğu iştirakçılarının 39,7%-i kənd, 18,7%-i qəsəbə və 41,6%-i şəhər ərazi vahidlərində yaşayır. Həmçinin onlardan 6,8%-i 18-25, 19%-i 26-35, 16,4%-i 36-45, 20%-i 46-55, 23,8%-i 56-65, 14%-i 66 və yuxarı yaş qrupuna aiddir. Təhsil səviyyəsi üzrə, 49,8%-i orta, 20,3%-i texniki və ya peşə, 29,9%-i ali təhsillidir.

Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Sorğu 2022-ci ilin sentyabrın 15-dən 19-dək olan dövrdə keçirilib. Sorğunun aparılmasında telefonla müsahibə üsulundan istifadə olunub.

“Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi əhəmiyyəti

İctimai rəy sorğusu çərçivəsində respondentlərə “Azərbaycan-Ermənistan sərhədində 13 sentyabr tarixli hərbi əməliyyatın əhəmiyyətini nələrdə görürsünüz?” sualı ünvanlanıb, onlara metodoloji olaraq bir neçə cavab variantı seçmək imkanı verilib. Nəticələrə əsasən sorğuda iştirak edənkərin mühüm hissəsi - 44.4%-i Azərbaycan-Ermənistan sərhədində 13 sentyabr tarixli hərbi əməliyyatı Ermənistanın dövlət sərhədində hərbi təxribatlarına qarşı cavab olması baxımından əhəmiyyətli hesab edib. Təqribən hər üç respondentdən biri (30.9%) Azərbaycanın Ermənistanı sülhə məcbur etdiyi qənaətini bölüşüb. Respondentlərin 25.7%-i Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı ilə Ermənistanla sərhəd boyu yüksəklikləri götürərək öz mövqeyini və nəzarətini gücləndirdiyini, 23.6%-i Azərbaycanın Ermənistanı Zəngəzur dəhlizi barədə öhdəlikləri icra etməyə məcbur etdiyini bildirib.

Respondentlərin 15.8%-i hərbi əməliyyatların Ermənistanla dövlət sərhədlərinin müəyyənləşdirilməsini sürətləndirdiyini ifadə edib, 12.5%-i “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi mahiyyətini digər məqamlarla əlaqələndirib. Respondentlərin 7.3%-i isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib.

Sorğuda iştirak edənlərin böyük hissəsi, yəni 85,0%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Rəyi öyrənilənlərin az hissəsi (9.5%) isə hərbi əməliyyatların davam etdirilməsini istəmədiyini bildirib. Respondentlərin 5.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib.

Hərbi əməliyyatların davam etməsi mövqeyini kənd ərazi vahidlərində yaşayanlar (76.5%) digər yaşayış yerləri üzrə olan respondentlərlə müqayisədə (qəsəbə və şəhər üzrə müvafiq olaraq 63.9% və 66.9%) daha çox istəyib.
Sosial Tədqiqatlar Mərkəzinin “Qisas” əməliyyatı ilə bağlı 2022-ci il avqust ayında keçirdiyi ictimai rəy sorğusunun nəticələri ilə müqayisədə hərbi əməliyyatların davam etdirilməsini istəyən respondentlərin sayı artıb. 2022-ci ilin avqust ayında 80.5% respondent hərbi əməliyyatların davam etdirilməsini istəyirdisə, “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi əhəmiyyəti ilə bağlı sorğuda analoji nəticələr sentyabr ayı üzrə 85,0% təşkil edib.
Rəy sorğusunda respondentlərin hərbi əməliyyatların hansı hədəfə çatana kimi davam etdirilməsi ilə bağlı sual ünvanlanıb, bir neçə cavab variantı seçmək imkanı verilib. Nəticələrin təhlilinə əsasən respondentlərin əsasən hissəsi (40.4%) bildirib ki, hərbi əməliyyatlar ermənilərin yaşadığı Xankəndi və digər ərazilər üzərində nəzarət tam təmin olunana kimi davam etməlidir. Respondentlərin 36.3%-i hərbi əməliyyatların sülh müqaviləsi imzalanana kimi davam etməsi mövqeyini bölüşüb. Sorğuda iştirak edənlərin 28.5%-nin qənaətinə görə, hərbi əməliyyatlar Zəngəzur dəhlizi açılana kimi davam etməlidir. Hər beş respondentdən biri isə hərbi əməliyyatların sərhədlər birgə razılaşdırılana kimi (24.8%) və erməni təxribatlarının qarşısı alınana kimi davam etməli olduğunu (20%) bildirib. Hərbi əməliyyatların davam etməli olduğunu düşünən respondentlərin 16.7%-i bu istiqamətdə digər cavab variantlarını ifadə edib.
Sülh müqaviləsinin imzalanmasına inam və birgəyaşayışa münasibət

Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin yarıdan çoxu, yəni 53.5%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inanır (müvafiq olaraq - tam inanıram 28.3%, əsasən inanıram 25.2). Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına əsasən inanmayanlar 6.2% təşkil etdiyi halda, heç inanmadığını deyənlərin göstəricisi 36.9% olub. Cəmi 3.4% respondent bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin 2022-ci ilin may ayında keçirdiyi rəy sorğusunda yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına respondentlərin ümumilikdə 65.2%-i inandığını ifadə edib.

Bu sual üzrə əldə edilən nəticənin təhlili bizə onu deməyə əsas verir ki, respondentlərin müəyyən bir hissəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inamsızlığın səbəbi Ermənistanın Azərbaycanla dövlət sərhədinin müxtəlif istiqamətlərində davamlı təxribatları fonunda Azərbaycanın sərhəd bütövlüyünün tam olaraq təmin edilməsi üçün irəli sürülən təkliflərlə razılaşmayaraq prosesin həllini yubatması ilə bağlı ola bilər.

Sorğu nəticələrinin təhlilə əsasən, Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğu qənaətini bölüşənlərin mühüm hissəsi (51.9%-i) eyni zamanda yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inanan respondentlərdir. Bu mövqe respondentlərin sülhə məcburetmə prosesində hərbi əməliyyatların rolunu istisna etmədiyini göstərir.

Ümumilikdə, respondentlərin əhəmiyyətli bir hissəsi (71.2%) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını (müvafiq olaraq tam dəstəkləyirəm - 50.2%, əsasən dəstəkləyirəm 21%) dəstəklədiyini ifadə edib. Ermənistanla sülh müqaviləsinin imzalanmasını respondentlərin 2,6%-i əsasən, 23,6%-i heç dəstəkləmədiyini bildirib. Cəmi 2.6% respondent bu suala rəyini ifadə etməkdə çətinlik çəkib. Ali təhsilli respondentlərin 78.3%-i ,orta orta təhsillilərin 67.3%-i Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını ümumilikdə dəstəkləyib.

Ermənistanla sülh müqaviləsinin imzalanmasını bu və ya digər dərəcədə dəstəkləyən 71.2% respondentin 86.9%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inanır.

Həmçinin qeyd edək ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasını bu və ya digər dərəcədə dəstəkləyənlərin 68.9%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür.

Ümumiyyətlə, yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına inam və ermənilərin Qarabağda yaşaması barədə sorğu nəticələrinin təhlili bizə onu deməyə əsas verir ki, Ermənistanda revanşist siyasət yürüdən qüvvələrin Azərbaycanla dövlət sərhədinin müxtəlif istiqamətlərində davamlı təxribatları fonunda sülh prosesinə maraqlı olmamaları ictimai rəydə buna adekvat mövqelərə gətirib çıxarır.

Xəbəri paylaş