
“44 günlük Vətən Müharibəsindən keçən 5 il ərzində Qarabağ və Şərqi Zəngəzur sözün həqiqi mənasında tikinti meydançasına çevrilib. Ötən illər ərzində işğaldan azad edilmiş şəhər və rayonlarımızda həyata keçirilən infrastruktur layihələri, reallaşdırılan quruculuq-abadlıq işləri təkcə Qarabağa yeni həyat, yeni nəfəs gətirməyib, eyni zamanda onun simasını əsaslı dərəcədə dəyişib. Həyata keçirilən qurucluq-abadlıq işləri eyni zamanda Böyük Qayıdış prosesini də sürətləndirib. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayll və Zəngilan rayonlarına səfəri fonunda bunu aydın şəkildə gördük”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri diqqətə çatdırıb ki, səfər zamanı dövlət başçısı Cəbrayıl rayonunun Horovlu kəndində açılışda, Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” pilot layihəsinin ikinci mərhələsinin açılışında iştirak etdi:
“Həmçinin, dövlət başçısı Zəngilan rayonunun Məmmədbəyli kəndində açılış mərasimində iştirak etdi. Cənab Prezident sakinlərlə görüşü zamanı bildirib ki, artıq “Böyük Qayıdış”ın növbəti mərhələsi başlayıb”.
Arzuman Muradlı vurğulayıb ki, dövlət başçısının bu səfər sadəcə rəmzi bir hadisə deyildi:
“Bu, Zəngilan və Cəbrayıl rayonlarında konkret investisiya, tikinti və köçürmə işləri ilə birgə «doğma torpağa dönüş» prosesinin sürətləndirilməsi mənasını daşıyırdı. Göründüyü kimi, “Böyük Qayıdış” proqramının icrası praktik mərhələyə keçib. Bu mərhələdə əsas diqqət insanların öz doğma yurdlarına qayıdışını ən yüksək səviyyədə təmin etməkdir. Bu istiqamətdə də məqsəduyğun tədbirlər həyata keçirilir. Sevindirici hal ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq-abadlıq işləri birbaşa Cənab Prezident İlham Əliyevin nəzarəti altındadır. Bu isə həm işin keyfiyyətini, həm də məsuliyyətini artırmış olur. Eyni zamanda prosesin sürətlənməsini şərtləndirir”.
Süleyman












































