Ermənistanın Baş nazirinin Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ötən gün rəhbəri olduğu “Haykakan Jamanak” qəzetində Azərbaycanın Ermənistan qarşısında qoyduğu 5 tələbi açıqlayıb. Həmin tələblər bunlardır:
1. Qarabağdakı separatçıların “müdafiə ordusu” buraxılır.
2. Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır, heç bir status olmur, hətta muxtariyyət belə.
3. Ermənistan ərazisindən keçən dəhliz verir (Zəngəzur dəhlizi).
4. Sərhədin delimitasiya və demarkasiyası 1919-1920-ci illərin xəritələri ilə həyata keçirilir.
5. İtkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilir.
Maraqlıdır ki, Ermənistanın keçmiş deputatı, bu ölkəni AŞPA-da təmsil edən Naira Zöhrabyan da demarkasiya və delimitasiyanın hansı xəritələrlə aparılacağı barədə məlumat paylaşıb. Zöhrabyan da sərhədin delimitasiya və demarkasiyasının 1919-1920-ci illərin xəritələri ilə həyata keçirilməsi barədə qeyd edərək “bu xəritə ilə Zəngəzur, Dərələyəz tamamilə, Göyçə isə qismən Azərbaycanın bir hissəsi sayılır” deyib.
Aydın məsələdir ki, rəsmi Bakı qeyd edilən tələbləri müxtəlif vaxtlarda dilə gətirib. 1-ci və 3-cü tələblər 10 noyabr bəyanatında öz əksini tapıb. 2-ci, 4-cü və 5-ci tələblər isə müxtəlif vaxtlarda Prezident İlham Əliyev tərəfindən dilə gətirilib.
Sözügedən 1919-1920-ci illərin xəritələri 1920-ci ilin 11 yanvarında ABŞ, Fransa və Böyük Britaniya da daxil olmaqla, dünyanın bir çox ölkəsi tərəfindən tanınıb. Lakin bu gün sərhədlərin 1919-1920-ci illərin xəritələri əsasında təyin edilməsi real deyil. Əvvəla ona görə ki, sərhədlər bu xəritələr əsasında təyin ediləcəksə, o zaman Zəngəzur dəhlizinə nə ehtiyac var?
Mümkündür ki, rəsmi İrəvan bu bənd ilə əslində Bakıya qarşı Qərbin təzyiqini artırmaq, eyni zamanda danışıqlar prosesini öz xeyrinə dəyişmək istəyir. Yəni qeyd edilən 4 bənd real olsa da, sərhədlərin 1919-1920-ci illərin xəritələri əsasında təyin edilməsi real deyil.
Turan Rzayev-politoloq