Məktəblərdə zorakılıq halları niyə baş verməlidir ki? Axı adından da göründüyü kimi məktəb təhsil ocağıdır, uşaqlara bilik verən, cəmiyyətin ziyasını, nurunu artıran müqəddəs məkandır. Məktəb zorxana deyil. Amma görünən budur ki, bəzi harın valideynlər və onların ərkəsöyün, tərbiyəsiz övladcığazları məktəblə məhləni, dərs otağı ilə rinqi səhv salırlar. Bu baxımdan, mən paytaxtımızda yerləşən 112 saylı məktəbdə bir şagirdin öz sinif yoldaşı tərəfindən amansızcasına döyülməsinin günahını ilk növbədə həddini aşmış həmin şagirddə və onu yırtıcı, quldur xislətində böyüdən valideynlərində görürəm.
Odur ki, mən sözügedən hadisənin baş verməsinin günahını ailə, valideyn, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən və ya döyülən şagirdlər arasında bölüşdürməyə çalışan şəxslərin mövqeyi ilə qətiyyən razı deyiləm. Əlbəttə, bu hadisədə məktəb də, direktor və müəllim də, nazirlik də müəyyən qədər günah daşıyıcısı ola bilər. Ancaq əsas günahkar məhz ailədir, valideynlərdir. Çünki bəzi ailələrdə ailə dəyərləri yox, "meşə qanunları" hökm sürür. Bəzi valideynlər sanki öz övladlarını cəmiyyət üçün yox, cəngəllik üçün yetişdirirlər. Bəzi valideynlər isə ümumiyyətlə, uşaqlarının tərbiyəsi ilə məşğul olmurlar.
Valideyn nəzarətindən kənarda qalan uşaqlar tin uşaqları kimi, küçə psixologiyası ilə, küçə əxlaqı ilə böyüyürlər. Bəziləri isə özlərini hətta kriminal "avtoritet"lərə bənzətməyə, digər uşaqları zorakı üsullarla özlərinə tabe etdirməyə çalışır. Belə şagirdlərə indi bütün məktəblərdə rast gəlmək mümkündür. Məktəblərin və müəllimlərin aqressiv valideynlərin basqısından çəkinmələri isə bu cür tərbiyəsiz və özbaşınalığa meylli uşaqların sayının get-gedə daha da çoxalmasına rəvac verir. Odur ki, mən hörmətli millət vəkilimiz Aqil Abbasın sözügedən xoşagəlməz insidentə “Əşi, uşaq dalaşar da. Əsas günah onları kameraya çəkən və aralamayan digər şagirdlərdədir", deyə verdiyi qəribə reaksiya ilə heç cürə razılaşa bilmirəm. Bu düzgün yanaşma deyil.
Biz bu cür yanaşma ilə kifayətlənsək, belə zorakılıqların sayı bir müddətdən sonra daha da çoxalacaq. Cəzasızlıq cinayətlərin artmasına səbəb olur. Bu ki hamının bildiyi adi həqiqətdir, aksiomadır. Odur ki, biz bu olayın üzərindən “Əşi, uşaq dalaşar da" mental-düşüncə tərzi ilə ötüb keçməməliyik. Öz sinif yoldaşını döyən həmin azğın şagird də və hətta onun valideynləri də mütləq məsuliyyətə cəlb olunmalıdır ki, bu addım digər məktəblilərə də, digər valideynlərə də görk olsun.
Belə azğın məktəbliləri islah etmək üçün şiddətli töhmət əsla yetərli deyil. Mən bunu çox sayda valideynlərin sözügedən videonu izlədikdən sonra öz məktəbli uşaqları üçün dərin narahatlıq hissi keçirdiklərinə görə deyirəm. Bəli, indi əksər valideynlər qorxur ki, iraq olsun, sabah hansısa qudurmuş şagirdlər onların da məktəbə gedən uşaqlarına qarşı oxşar zorakılıqları edə bilər. Biz həmin valideynlərin hisslərinə, həyəcanlarına, narahatlıqlarına anlayışla yanaşmalıyıq.
Biz məktəblərimizdə sevgi və mərhəmət hissindən məhrum kriminal ünsürlərin, potensial cinayətkarların yox, Vətənə, millətə, bütün azərbaycanlılara sevgi hissilə yanaşan vətənpərvər, savadlı gənclərin yetişməsini təmin etməliyik. Milli həmrəyliyimiz məktəblərdən başlayır!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri