Ölkəmiz və bölgəmiz üçün önəmli hadisələrin baş verdiyi bir dönəmdən keçirik. Dünən (oktyabrın 5-də) Ağdamda işğaldan azad edilmiş şəhər və rayonlarımızın gələcək taleyində olduqca önəmli rol oynayacaq mühüm bir tədbir - BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda 1-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Ölkə başçısı İlham Əliyevin forumdakı çıxışını yəqin ki, hamınız izləmisiniz. Bu gün (oktyabrın 6-da) isə Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası baş tutdu. Prezident İlham Əliyev bu toplantıya da qatıldı.
Dünənki və bu günkü toplantılar arasında ilk baxışdan heç bir əlaqə görünməsə də, ancaq Prezident İlham Əliyev Milli Şəhərsalma Forumunda çıxışı zamanı Ermənistana və onun havadarlarına ünvanladığı açıq və qətiyyətli ismarıclarıyla hər iki toplantı arasında sinxron bağlılıq qurdu. Bu ismarıclar həm də ona görə xüsusilə əhəmiyyətli idi ki, ertəsi gün (yəni bu gün) Praqada keçirilən Əliyev-Paşinyan-Makron və Şarl Mişel dördtərəfli görüşü ərəfəsində verildi. Həmin ismarıclar rəsmi Bakının Praqa görüşündə tutacağı mövqenin bəlirtisi, anonsu idi.
Belə ki, İlham Əliyev Milli Şəhərsalma Forumunda çıxışında birmənalı surətdə bəyan etdi ki, “Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik”. Bu Azərbaycan tərəfinin ən önəmli mesajlarından biri idi və bu mesaj Makron-Paşinyan “tandem”inin Qarabağ ermənilərinin həm “status”u, həm də rəsmi Bakı ilə danışıqlarda tərəf kimi işirak etməsi məsələsini gündəmə gətirmək istəklərini bəri başdan alt-üst etdi. Yəni ki, bununla Paşinyana və onun havadarlarına tam aydın şəkildə bildirildi ki, bu cür təxribatçı təkliflər Bakı üçün qəbuledilməzdir və Ermənistan tərəfi bizim bu kimi məsələlərdə güzəştə gedəcəyimizə qətiyyən ümid bəsləməsin. Çünki Azərbaycanın istər güzəşt limiti, istərsə gözləmə limiti artıq çoxdan tükənib.
İlham Əliyev Praqaya nəyisə güzəştə getmək üçün yox, nəticə əldə etmək üçün gedib. Nəticələr də olacaq. Buna heç kimin şübhəsi olmasın. İstər Əliyev-Paşinyan-Makron-Şarl Mişel dördtərəfli görüşü, istər Ərdoğan-Paşinyan görüşü, istərsə də “Avropa siyasi birliyi” Zirvə Toplantısında yüksək səviyyədə təmsil olunmağımız Ermənistan-Azərbaycan münasibətlərinin normal məcraya düşməsi yönündə öz müsbət nəticələrini verəcək. “Avropa siyasi birliyi” platformasında təmsil olunmağımız hər şeydən öncə Azərbaycan həqiqətlərinin birbaşa Avropa liderlərinin diqqətinə çatdırılması baxımından bizim üçün yeni imkanlar açır. Zirvə toplantısının gedişində liderlərin fikir mübadiləsi apardığı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərinin hər biri Azərbaycan üçün də olduqca əhəmiyyətlidir.
Bir sözlə, Praqa görüşləri Azərbaycanın öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək baxımından kifayət qədər əlverişli və perspektivlidir. Bu görüşlər həm də Ermənistan liderini sülhə dair qətiyyətli mövqe tutmağa sövq etmək üçün faydalıdır. Paşinyan bu görüşlərin gedişində Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini və qaçılmazlığını həm özü tam və qəti şəkildə dərk etmiş olacaq, həm də öz vətəndaşlarını sülhə hazırlamaq baxımından opponentlərinə qarşı debatlar üçün yeni əsaslandırmalar təqdim etmək imkanı qazanacaq. Ümumən, Praqa görüşləri sülhə sadiqliyin təsdiqi baxımından və sülhə yaxınlaşmaq üçün dönüş nöqtəsi ola bilər. İlham Əliyev Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə Azərbaycanın Brüssel formatını dəstəklədiyini dilə gətirməklə sülhə sadiqliyimizi bir daha nümayiş etdirdi. Bu baxımdan, Praqa görüşlərinə ilk növbədə Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıran növbəti bir mərhələ kimi baxmaq lazımdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri