Avropa siyasi birliyi”nin Zirvə Toplantısı çərçivəsində Ermənistan və Azərbaycan rəhbərləri arasında Praqada keçirilmiş görüşə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən əvvəlki görüşlərin davamı kimi baxmaq daha doğrudur. Bu formatda keçirilən görüşlər müsbət dinamika ilə xarakterizə olunur. Praqa görüşü də bu baxımdan istisna olmadı. Əvvəlki görüşlərdə tərəflərin mövqelərinin yaxınlaşdırılması üzrə bir sıra razılaşmalar əldə olunmuşdu. Praqa görüşündə isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə yaxın həftələrdə əməli addımların atılması üçün xüsusi əhəmiyyətə malik olan Bəyanat imzalandı. Bu Bəyanata əsasən Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad etməklə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və öz ərazisi üzərində suverenliyini tanıdıqlarını bir daha təsdiq ediblər. Postmüharibə dövrünün bu mərhələsində belə bir sənədin imzalanması Sülh Müqaviləsi ilə, eləcə də sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı növbəti addımların atılması üçün daha geniş meydan açır və daha əlverişli şərait yaradır.
Diqqət çəkən məqamlardan biri, Ermənistanın Azərbaycanla sərhəddə Avropa İttifaqının missiyasının fəaliyyətə başlamasına razılıq verməsidir. Aİ-n missiyasının Ermənistana buraxılması, Fransanın Cənubi Qafqaza daxil olması, Paşinyanın Qərbə yönəlik siyasətinin davam edəcəyini göstərir. Çətin ki, onun davranışları, ənənəvi müttəfiqi Rusiya Federasiyası tərəfindən müsbət qarşılansın. Bu baxımdan, düşünürəm ki, qonşu ölkədə müəyyən sürprizlərin baş verməsi mümkündür.
Prezident İlham Əliyev isə, tam haqlı olaraq, belə bir missiyanın ölkə daxilində fəaliyyətinə razılıq vermədi. Sadəcə, ölkəmizin milli maraqları çərçivəsində, sözügedən missiya ilə əməkdaşlığın mümkünlüyünü bildirdi. Çünki, həmin Fransanın da üzvü olduğu Minsk qrupunun bədnam fəaliyyətini Azərbaycan xalqı unutmayıb. Faktdır ki, İstənilən xarici dövlətin və yaxud beynəlxalq təşkilatın müdaxiləsi, suveren hüquqların məhdudlaşdırılması deməkdir. Ermənistanın isə, müstəqil dövlət olmaması, çoxsaylı xarici aktorlardan asılı olduğu heç kimə sirr deyil.
Avropa İttifaqının sammiti, Azərbaycanın diplomatik qələbəsi, sülh istiqamətində atılmış növbəti addım kimi qiymətləndirilməlidir.
Sammitdə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Prezident İlham Əliyev tandemi dostlarımıza qürur, inam hissi yaşatdı. Birmənalı demək olar ki, sammitin yüksək səviyyədə keçməsinin əsas səbəblərindən biri də, sentyabr ayının 12-13-də erməni təxribatlarına verilmiş cavab idi. Paşinyan başa düşdü ki, arxayın olduğu Qərbin müəyyən dairələri belə, ƏlAHƏZRƏT faktın qarşısında acizdir. Bu baxımdan Praqa görüşündə Fransa Prezidenti Emmanuel Makronun iştirakı məhz Paşinyanın marağında idi və bununla Paşinyan ölkə daxilində özünə qarşı təzyiqləri azaltmağa və ya tamamilə aradan qaldırmağa çalışırdı. Praqa görüşlərindən sonra Ermənistan cəmiyyətindəki durğunluğu müşahidə edəndə bunun Paşinyan tərəfindən düzgün hesablanmış addım olduğu qənaətinə gəlmək mümkündür. Lakin Prezident Emmanuel Makronun bu görüşlərdə iştirak etməkdə məqsədi təkcə Paşinyanı müxalifətdən qorumaq yox, həm də danışıqlar prosesində beynəlxalq monitorinq missiyasının bölgəyə, daha konkret desək, Azərbaycan və Ermənistan ərazisinə gətirilməsi üçün Azərbaycanın razılığını almaq idi.
Ölkəsinin milli maraqlarını bütün beynəlxalq platformalarda məharətlə müdafiə edən Azərbaycan Prezidentinin qətiyyəti bu məkrli addımın qarşısını aldı və düşmən maraqlarına xidmət edəcək bir monitorinq missiyasının Azərbaycan ərazisinə daxil olmasına yol verilmədi. Beləliklə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqların daha bir raundu Azərbaycanın tam qələbəsi ilə başa çatdı.
Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu