Qubadlı şəhərinin işğaldan azad olunduğu 25 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi.
Şəhərdə ermənilər güclü istehkamlar qurmuş, yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, bu yüksəkliklər götürülməli idi. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərərək, ilk növbədə, şəhərə hakim olan yüksəklikləri, ətrafda yerləşən kəndləri, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndlərini düşməndən təmizlədi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri azad etdilər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.
Qubadlının azad edilməsi bizi Böyük Qələbəyə bir az da yaxınlaşdırdı. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və qısa müddətdə Laçının cənub hissəsində yerləşən ərazilərimizi də düşməndən azad etdik. Beləliklə də Laçın dəhlizi bizim nəzarətimizə keçdi və bu, müharibənin taleyinin həll edilməsində mühüm addım oldu.
Ermənistanın işğalı nəticəsində Qubadlı rayonunun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Bundan başqa, Qubadlıda rəsmi İrəvan tərəfindən qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla Qubadlının Xanlıq kəndində yerləşdirilmişdilər ki, bu da ermənilərin hərbi cinayətlərindən biri idi. Çünki Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq cinayət sayılır.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Beləliklə, Qubadlı şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində çox önəmli hadisə oldu.
Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsini bu gün ehtiramla yad edirik. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilərək Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 15209 hərbi qulluqçumuz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə bu medalla təltif edildilər.
Bu gün həmin tarixi gündən 2 il vaxt keçir. Qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı o həyəcanlı günləri yaxşı xatırlayır. Heç şübhəsiz ki, bundan sonra uzun illər keçsə də, 2020-ci ilin 25 oktyabr günü Azərbaycan xalqının qan yaddaşında mühüm tarixi hadisə kimi həmişə yaşayacaqdır.
Jalə Əhmədova-Milli Məclisin deputatı