Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil işçiləri Türkiyədə təcrübə proqramında iştirak ediblər

Təhsil işçiləri Türkiyədə təcrübə proqramında iştirak ediblər


Oktyabrın 23-dən 30-dək paytaxtın təhsil işçiləri Türkiyədə təcrübə proqramında iştirak ediblər.

Newscenter.az xəbər verir ki, təcrübə proqramı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyinin tərəfdaşlığı ilə reallaşıb.

Proqramda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnformasiya təminatı sektorunun müdiri Tural Mahmudov, Təminat-təchizat sektorunun müdiri Səccət Mahmudov iştirak edib.

Təcrübə proqramının əsas məqsədi Türkiyə Cümhuriyyətində təhsilin yerli idarəetmə mexanizmləri, elektron idarəetmə işinin təşkili, təhsil müəssisələrində keyfiyyət monitorinqlərinin aparılma qaydaları, maliyyə və maddi resursların idarəedilməsinin daha dərindən öyrənilməsindən ibarət olub.

Səfər çərçivəsində İstanbul Şəhər Təhsil İdarəsinin rəhbər heyəti ilə fərdi görüşlər keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin nümayəndə heyəti İstanbulun təhsil müəssisələrini ziyarət edərək müxtəlif istiqamətli müşahidələr aparıb, təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Görüşlərdə tədrisin təşkili, məktəbin səmərəli idarə olunması, istedadlı uşaqlarla iş, valideynlərlə əməkdaşlıq, gələcəyin məktəb modelləri və digər təcrübələrlə tanış olublar.

Səfər çərçivəsində BŞTİ-nin nümayəndələri İstanbul şəhərinin tarixi-memarlıq abidələrini ziyarət edib və müxtəlif tədbirlərə qatılıblar.

Qeyd edək ki, təcrübə mübadiləsi və əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə təşkil olunan qarşılıqlı səfərlərin davam etdirilməsi nəzərdə tutulur.
Xəbəri paylaş