Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb


Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Newscenter.az xəbər verir ki, memorandumun imzalanması mərasimində XRİTDX-nin rəisi, general-leytenant İlqar Musayev, AzTU-nun rektoru professor Vilayət Vəliyev və hər iki tərəfdən nümayəndələr iştirak ediblər.

Rektor AzTU-da görülən işlər, xüsusilə də kibertəhlükəsizliklə bağlı həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, dövlətin informasiya təhlükəsizliyinə töhfə vermək məqsədilə AzTU-da Kibertəhlükəsizlik İnstitutu və Kibertəhlükəsizlik kafedrası açılıb. Bu ixtisasda təhsil alan tələbələrin yüksəkixtisaslı kadr kimi yetişmələri üçün AzTU XRİTDX ilə əməkdaşlıq etməkdə maraqlıdır.

XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev çıxışında qloballaşan dünyada informasiya təhlükəsizliyinin təmin olunmasının istər milli, istərsə də beynəlxalq səviyyədə prioritet məsələyə çevrildiyini qeyd edib.

Bununla yanaşı, XRİTDX tərəfindən dövlət qurumlarını təhlükəsiz internet şəbəkəsi ilə təmin etməklə yanaşı, data mərkəzində 600-dən çox dövlət informasiya ehtiyatı və 30 min dövlət qurumu istifadəçisinə xidmət göstərən elektron poçt xidməti saxlanılmaqla təhlükəsizliyinin təmin olunduğu qeyd edilib.

Görülmüş tədbirlər nəticəsində ötən rüb ərzində 159 dövlət informasiya ehtiyatında təhlükəsizlik boşluqlarının aşkarlandığı və qarşısının alınması üçün müvafiq tədbirlərin görüldüyü, dövlət qurumlarının əməkdaşlarını hədəfləyən 732 min zərərverici tərkibli elektron poçt göndərişinin dövlət orqanlarına çatdırılmasının qarşısını alındığı, dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədilə AzstateNet dövlət şəbəkəsində üçüncü rüb ərzində 81 milyon zərərli keçid, 873 min zərərverici virus, 83 min virus tərkibli faylın bloklandığı diqqətə çatdırılıb.

İlqar Musayev çıxışında bu sahənin inkişafı üzrə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə 2023–2026-ci illər üçün Azərbaycan Respublikasının Milli Strategiyası” layihəsinin hazırlandığını və cari ilin sonuna kimi təsdiqinin gözlənildiyini vurğulayıb. Xidmət rəisi Strategiyanın Prioritet istiqamətlərdən biri kimi, elmi tədqiqatlar, təhsil və yüksəkixtisaslı kadr təminatının nəzərdə tutulduğunu və bunlarla əlaqədar təhsil müəssisələri, o cümlədən AzTU ilə əməkdaşlığın faydalarından danışıb.

Sonra əməkdaşlıq haqqında memorandum imzalanıb.
Xəbəri paylaş