Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Vətən müharibəsi qazisini evində ziyarət edib-FOTOLAR

Deputat Vətən müharibəsi qazisini evində ziyarət edib-FOTOLAR


Zəfər bayramının qeyd edildiyi günlərdə bu şanlı qələbənin sevincini xalqımıza yaşadan şəhidlərimiz və qazilərimiz diqqət mərkəzindədir.

Newscenter.az-ın xəbərinə görə, növbəti dəfə seçki dairəsinə gəlmiş deputat Cavanşir Feyziyev vətəndaşlarla görüşdən sonra Turan qəsəbəsində yaşayan müharibə qazisi Hikmət Əbdürəhimovu öz evində ziyarət edib. Kiçik çavuş Hikmət Nemət oğlu Əbdürəhimov 12 il ərzində müddətdən artıq hərbi xidmət keçib. Vətən müharibəsi başlayan gündən isə ön cəbhədə - Füzulidə torpaqlarımızın düşməndən azad olunması uğrunda vuruşub. Hikmət Füzuli uğrunda gedən döyüşlərdə mina partlayışı nəticəsində kontuziya almaqla bərabər həm də ağır yaralanıb. Başında, boynunda, sinəsində, ayağında çoxlu güllə və qəlpə yaraları var. Bədənində çoxsaylı qəlpələr gəzdirən qəhrəman müharibədən sonra 2 il ərzində davamlı olaraq çoxsaylı müalicələr almasına baxmayaraq hələ də sərbəst yerimək imkanından məhrumdur. Buna görə də uzun müddətdir ki, yataq şəraitində müalicə alır. Amma sağlamlığı bərpa olunmur ki, olunmur. Müalicə həkimləri bildirir ki, bu vəziyyətdə Hikmətə 2 – ci qrup əlillik verilə bilər. Lakin həkim - ekspert komissiyası nədənsə 2 ildir ki, bu qərara gələ bilmir.

Oğlunun sol ayağının dizdən aşağı hərəkətsiz olduğunu, əsalarla hərəkət etdiyi zaman tez-tez müvazinətini itirərək yıxıldığını bildirən ata Nemət Əbdürəhimov oğlu Hikmətlə fəxr etdiyini bildirir. Məğrur ata deputata Hikmətin keçdiyi şanlı döyüş yolu haqqında danışır, təltif olunduğu “Azərbaycan ordusunun 100 illiyi”, “Qüsursuz xidmətə görə”, “Cəsur döyüşcü”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medallarını göstərir və xəstəliyinin tarixçəsi ilə bağlı sənədləri göstərir.

Ürəyi Vətən eşqi ilə döyünən qəhrəmanın anası özü çətinliklə hərəkət etsə də bütün gününü oğlunun çarpayısı yanında oturmaqla keçirir, onun hər bir istəyini dərhal yerinə yetirməyə çalışır.

Danışdıqca həyəcanlanan, bəzən kəkələyərək fikirlərini çatdırmağa çətinlik çəkən Hikmətin Zəfər günü ilə bağlı sevinci hədsiz idi. Döyüş əməliyyatları və döyüş yoldaşlarının şücaəti haqqında fəxrlə danışan yaralı döyüşçü sanki hələ də özünü düşmənlə üzbəüz səngərdə təsəvvür edirdi.

Günün çox hissəsini yataqda keçirən Hikmət Əbdürəhimov ona əliliyin təyin olunması ilə əlaqədar üzləşdiyi qeyri-müəyyənlikdən mənəvi əziyyət çəkdiyini dilə gətirdi. Bildirdi ki, əgər sağlamlığı MAXE sıralarında hərbi xidmətini davam etdirməyə imkan versəydi özünü çox xoşbəxt hiss edərdi. Lakin xidmət etdiyi hərbi hissə də onu əlil olduğu üçün hərbi xidmətə yararsız hesab edir və işə qəbul etmir. Hərbi xidmətə yararsız olduğundan məyus olduğu qədər hələ də ona əlilik dərəcəsi təyin olunmamasından məyus olduğunu bildirən Hikmət bütün bunlara baxmayaraq zərurət yaranarsa yenə də Vətəni müdafiə etməyə və bu yolda ölümə belə getməyə hazır oldğunu bildirdi.
Deputat yaralı döyüşçünün müharibə epizodları ilə zəngin söhbətlərini dinlədikdən sonra onun müalicəsi ilə bağlı tərtib olunmuş həkim-ekspert rəylərini diqqətlə oxudu və Hikmət Əbdürəhimovun valideynləri tərəfindən edilmiş müraciəti aidiyyatı qurumlarla müzakirə edəcəyini vəd edərək qazimizə şəfa arzuladı.

R.Mehdiyeva
Xəbəri paylaş