Dövlət Gömrük Komitəsinin Akademiyası Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün təlimlərə başlayıb. Təlimlər Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında imzalanmış “Kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında” Protokola əsasən təşkil edilir.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, ilk təlimlər “Gömrük nəzarətinin səmərəli həyata keçirilməsi üsulları” mövzusunda təşkil edilib və Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən prosedurlar və əməliyyatlar mövzusuna həsr olunub. Təlimdə DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərhəddə prosedurların tətbiqi və monitorinqi şöbəsinin baş inspektoru Emin İsmayılov Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən prosedurlar və əməliyyatlar, o cümlədən mal və nəqliyyat vasitələrinin qeydiyyatının “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi haqqında təqdimat ilə çıxış edərək təlim iştirakçılarına ətraflı məlumat verib.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün “Gömrük nəzarətinin səmərəli həyata keçirilməsi üsulları” mövzusu üzrə praktiki təlimlər 18 noyabr tarixinədək onlayn formatda davam edəcək.
R.Mehdiyeva