Paytaxtın bir qrup təhsil işçisinin Türkiyəyə növbəti səfəri baş tutub.
Newscenter.az-a Təhsil İdarəsindən bildirilib ki, noyabrın 6-dan 13-dək davam edən səfər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyinin tərəfdaşlığı ilə reallaşıb.
Təcrübə proqramında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Ümumi sektorun müdiri Sevinc Rəsulova, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Hüquq sektorunun müdiri Kamran Əliyev iştirak edib.
Proqram çərçivəsində İstanbul Şəhər Təhsil İdarəsinin rəhbər heyəti ilə görüşlər keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin nümayəndə heyəti İstanbulun bir çox təhsil müəssisələrini ziyarət edərək müxtəlif istiqamətli müşahidələr aparıb, təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
BŞTİ-nin nümayəndələri İstanbul şəhərinin tarixi-memarlıq abidələrini ziyarət edib, həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümü ilə əlaqədar keçirilən mərasimə qatılıblar.
Qeyd edək ki, təcrübə proqramının əsas məqsədi Türkiyə Cümhuriyyətində təhsilin yerli idarəetmə mexanizmləri, elektron idarəetmə işinin təşkili, innovativ layihələrin idarəedilməsi və tətbiqi, kargüzarlıq və sənədlərlə iş məsələlərinin daha dərindən öyrənilməsindən ibarət olub.
Ruhiyyə Mehdiyeva