Bərdə Rayon İcra Hakimiyyətinin növbəti tədbiri Bərdə regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Şamxal Yaqubovun təşkilatçılığı ilə "Qalib Azərbaycan Gəncliyi" mövzusunda keçirilmişdir.
Newscenter.az-a daxil olan xəbərə görə, tədbiri giriş sözü ilə “ASAN xidmət” mərkəzinin əməkdaşı Şamxal Yaqubov açaraq, Azərbaycan gənclərinin vətənpərvər, savadlı, dünyagörüşlü, ictimai həyatın bütün sahələrində kifayət qədər fəal olmasından danışmışdır. Bildirmişdir ki, Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti, gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, eyni zamanda onları vətənpərvər ruhda formalaşdırmışdır. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov mövzu ilə bağlı məruzə edib. Qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edirlər.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin əməkdaşları və könüllüləri, Bərdə İdarəetmə və Texnologiya kollecinin, Bərdə Peşə Liseyinin tələbələri və rayon gəncləri iştirak etmişlər.
Tədbir diskussiya şəraitində keçmiş, iştirakçıların sualları cavablandırılmışdır.
Anar Əliyev