“Bakı Telefon Rabitəsi” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti mərhələdə Xəzər rayonunun Zirə qəsəbəsində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.
Newscenter.az xəbər verir ki, Zirə qəsəbəsində 6000-dək ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib. Hazırda 2574 abunəçi internet xidmətindən istifadə edir və yeni qoşulmalar davam etdirilir.
Yeni fiber-optik GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri və digər xidmətlər təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:
–internet
–internet+telefoniya
–internet+televiziya
–internet+telefoniya+televiziya paketi (3-ü birində)
Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 56 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Bakı Telefon Rabitəsi” MMC-nin “155” qaynar xəttinə zəng edə, 5 saylı Rabitə Xidmətləri Mərkəzinə (ünvan: Bakı şəh., Xəzər ray., Mərdəkan qəs., Sergey Yesenin küç.,102 A; əlaqə nömrələri: (012) 454-51-99, (012) 454-33-99), həmçinin https://baktelecom.az/ saytı vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Sevinc