“Dayaq” Sosial Maarifləndirmə İB-i həyata keçirdiyi “Əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi” layihəsi çərçivəsində Şamaxı rayonunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə ödənişsiz hüquqi yardımlar göstərilib.
Newscenter.az-a İctimai Birlikdən verilən xəbərə görə, layihənin fəaliyyət planına əsasən Şamaxı rayonu Uşaq Gənclər İnkişaf Mərkəzində baş tutan tədbirdə Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin problemlərinin həlli istiqamətində ödənişsiz hüquqi yardımlar göstərilib.
Tədbirdə layihə rəhbəri Hicran Əliməmmədova, layihənin gənc hüquqşünası Aysel Əliməmmədova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Ziya Bağırov, Allahverdi Səfərov, Əhməd Məmmədzadə, Şamaxı rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Ağamil Əzizov, Şamaxı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cəlal Bayramov, Sosial Xidmətlər Agentliyinin mütəxəssisi Ağamirzə İsgəndərov iştirak edib.
Hüquqşünaslar tədbirdə iştirak edən vətəndaşların suallarını ətraflı şəkildə cavablandıraraq, cari problemlərinin həlli istiqamətində onlara hüquqi dəstək göstəriblər.
Məlumat üçün qeyd edək ki, “Əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.
Sevinc