Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türkologiya fakültəsi bazasında Azərbaycan dili fakültəsi yaradılır.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov verib. Bildirib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universiteti arasında razılıq əldə olunub.
Cari ilin fevral ayından sözügedən fakültənin fəaliyyətə başlaması, ilkin olaraq sınaq müddətinə tədrisin həyata keçirilməsi tərəflər arasında razılaşdırılıb.
2023-ci ilin ilk yarısından Daşkənd Dövlət Şərqşünaslıq Universitetində fəaliyyətə başlayacaq Azərbaycan dili fakültəsi növbəti tədris ilində daha da genişləndirilməsi, sözügedən fakültəyə ayrıca tələbə qəbulu, Azərbaycandan müəllimlərin dəvət olunması, habelə Azərbaycan dili ilə yanaşı, Azərbaycan ədəbiyyatı və tarixinin tədris olunması tərəflər arasında müzakirə olunub.
Sınaq müddəti ərzində tələbələrə Azərbaycan dili dərslərini Azərbaycan Mədəniyyət Mərkəzinin dil kursları üzrə təlimçisi Salama Fətəliyeva tərəfindən aparılacağını bildirib. Sözügedən fakültənin nəşr, əyani vəsait, dərsliklərlə təminatı işinə Azərbaycan Mədəniyyət Mərkəzi dəstək göstərəcək.
Yaradılan Azərbaycan dili fakültəsinin gələcək fəaliyyəti, mühazirə və seminarlar üçün azərbaycanlı müəllimlərin, mütəxəssislərin gələcəkdə fakültəyə cəlb olunması, habelə ilkin olaraq müxtəlif alimlərimizin Azərbaycan dilinə dair Özbək tələbələr üçün onlayn dərslərin aparılması istiqamətində işlər aparılacaqdır.
Anar Əliyev