Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Göygöldə fəaliyyət göstərən emal müəssisəsində nöqsanlar aşkarlayıb.
Bu barədə Newscenter.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, Agentliyin əməkdaşları Göygöl rayonu, Üçtəpə kəndi ərazisində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Əli Yaqub oğluna məxsus bağırsaq emalı müəssisəsində planlı yoxlama aparıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, istifadə olunan alət və avadanlıqların asan təmizlənə bilən və korroziyaya davamlı materiallardan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar müəyyən olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Sevinc