Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti birgə görüş keçirilib. Newscenter.az xəbər verir ki, sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Elnur Allahverdiyev vətəndaşlarla bir araya gəliblər. Səyyar qəbul rayondakı 31 saylı tam orta məktəbdə keçirilib. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin əməkdaşları, Yasamal bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı.
Söz alan vətəndaşlar rayondakı pilot layihələr, gənclər üçün iş yerləri, Vətən müharibəsi əlillərinin mənzil təminatı, tikinti şirkətləri ilə vətəndaşların mübahisələri, xanımlar üçün iş yerləri və pensiya yaşının azaldılması, küçələrin işıqlandırılması, binalardakı zirzəmilərin qeydiyyata alınması və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Bir sıra məsələlər İcra başçısının göstərişi ilə yerindəcə öz həllini tapdı.Millət vəkili Elnur Allahverdiyev isə xanımlar üçün pensiya yaşının azaldılmasının mümkünlüyü ilə baglı suala aydınlıq gətirdi.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.
Anar