Agent, agentura dedikdə nə başa düşülür, ümumiyyətlə dövlət orqanlarının bu sahədə fəaliyyətləri nədən ibarətdir?
"Agent" dedikdə qanunvericiliyə uyğun qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslər başa düşülür. Bu, əslində vətəndaşın cinayətkarlıqla mübarizədə iştirakının bir formasıdır. Cinayətkarlıqla mübarizənin uzun illər boyu formalaşmış təcrübəsi göstərir ki, bu mübarizədə müsbət nəticəyə yalnız vətəndaşların aktiv iştirakı və dəstəyi sayəsində nail olmaq mümkündür. Bu baxımdan dövlət orqanlarının agentura sahəsində fəaliyyəti cinayətkarlıqla mübarizədə ən effektiv üsullardandır. Bu fəaliyyət ayrı-ayrı şəxslərin məxfi əməkdaşlığa cəlb edilməsini, onlara müvafiq tapşırıqların verilməsini, lazımi informasiyaların alınmasını və s. bu kimi hərəkətləri əhatə edən bir fəaliyyətdir. Cəmiyyətdə agentlik edən şəxslərə baxış birmənalı deyil. Bəziləri agentliyi qəbahət, qəbul edilməz bir əməl kimi qiymətləndirərək, onları “işverən” adlandırlar. Doğrudur, əməliyyat-axtarış fəaliyyəti orqanlarına kömək edən şəxslərin barəsində bəzən pis iş tutmuş adamlar kimi qınaq obyektinə çevrilirlər. Nəzərə almaq lazımdır ki, onların barəsində işlədilən bu ifadələr vaxtilə kriminal aləmdə həbsxana jarqonları kimi işlənib hazırlanaraq düşünülmüş surətdə dövriyyəyə buraxılmış ifadələrdir. Təbii ki, kriminal aləmdə cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat vermək həmişə həbsxana jarqonu ilə “zapadlo”, yəni alçaqlıq, kriminal qəbahət sayılıb. Cinayətkar fəaliyyətlə məşğul olan şəxslərin cinayətkarlığa qarşı mübarizədə hüquqmühafizə orqanlarına kömək edən şəxsləri bu cür qınayıcı, aşağılayıcı ifadələrlə adlandırmaqda məqsədləri onların haqqında cəmiyyət arasında sanki bir pis iş tutmuş adam təsəvvürü yaratmaq, bununla da cinayətkarlıqla mübarizəni kriminal aləm üçün ən təhlükəli üsul olan agentur üsuldan, vətəndaş dəstəyindən mümkün qədər məhrum etməkdir. Ancaq vətəndaşlarımız yadda saxlamalıdırlar ki, cinayətkarlıqla mübarizədə dövlətə kömək göstərmək heç vaxt qəbahət sayıla bilməz, ən böyük qəbahət cinayətkar fəaliyyətlə məşğul olmaq və cinayət törətməkdir.
“Dövlət sirri haqqında” qanuna görə dövlət sirrini təşkil edən məlumatlardan biri də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlardır. Dövlət sirrini təşkil edən məlumatların yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bildiyindən bu məlumatlar qanunla mühafizə olunur və bu məlumatları yaymış şəxslər Cinayət Məcəlləsinin 284-cü maddəsilə cinayət məsuliyyətinə cəlb olunurlar. Burada yayılma dedikdə, məlumatın kənar şəxslər dairəsinə ötürülməsi başa düşülür. Əgər məxfi əməkdaşlar barədə məlumatların hansısa cinayət işinin istintaqı zamanı, məhkəmə qərarı əsasında ittiham aktında göstərilməsi istintaq zəruriyyətindən irəli gəlmiş olsa bu zaman məxfi əməkdaşların şəxsiyyətlərini müəyyən etməyə imkan verən məlumatlardan acıq şəkildə istifadə edilməsinə ehtiyac yoxdur. Bu baxımdan dövlət sirrini təşkil edən məlumatların ittiham aktına daxil edilərək proses iştirakçılarına və açıq məhkəmə iclasına təqdim olunması cinayət qanununun nəzərdə tutduğu mənada dövlət sirrinin yayılması kimi qiymətləndirilməklə, bu hərəkətlərə yol vermiş şəxslər istinad olunan maddənin sanksiyasına uyğun formada üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə, eyni əməllər ağır nəticələrə səbəb olduqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Əli İbrahimov-hüquqşünas