Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə həm tarixi aspektdə, həm də siyasi müstəvidə azərbaycançılığın gələcək hədəflərini açıqlayıb. Bu çıxış tarixi öz axarına qaytarmaq niyyətindən rişələnir.
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Zəfər siyasi hadisələrdə də mühüm yeniləşmələr yaratdı. Bu yeniləşmələr taruixi gerçəkliyi ifadə edən yeniləşmələrdir, olmuşları öz tarixi məcrasına qaytarmaq niyyətidir.
Torpaqlarımız işğaldan azad edildi. Böyük Qayıdış başlayıb. Ən böyük Qayıdış işğaldan azad edilmiş ərazilərə deyil, azərbaycanlıların tarixi torpaqlarına qayıdışı olacaqdır. İndiyə kimi 30 il müddətində Azərbaycan Qaçqınlar Cəmiyyəti kimi fəaliyyət göstərən qurum Qərbi Azərbaycan İcmasına çevrilib. Bu çevrilmə də azərbaycançılığın yaşadılması deməkdir.
Azərbaycanlıların Ermənistandan qovulması tarixin üz qaralığı idi və bu prosesə beynəlxalq təşklatlatlar hansı səbəblərdənsə bəşəri niyyətlə yanaşmadılar. Qərbi Azərbaycan İcmasının fəaliyyəti məhz tarixi gerçəkliyin bərpası olacaq. Bu icma həm də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha miqyaslı səviyyədə çatdıracaqdır. Bunun üçün prosesə həm də beynəlxalq hüquqşünaslar cəlb olunmalıdır.
“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Təssüflər ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”. – ölkə başçısının bu fikirləri azərbaycançılığın qüdrəti kimi dinlənildi.
1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət kimi məqsədi tam aydın idi – həm erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi, həm də Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq niyyəti idi. Bu və bu kimi niyyətlər heç zaman bat tuta bilməyəcək.
1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi.
Ermənilik dünyəvi gerçəklikləri məcrasından çıxarmağa, Şərin niyyətlərini işıqlandırmağa çalışırdı. Bu niyyətlərdən biri də azərbaycanlıların Ermənistandan növbəti deportasiyası oldu. Er¬mənistanda 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onlar 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz olundu.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı münasibətlərdə tərpəniş yarandı. İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, böyük siyasət, ordunun gücü, sərkərdəlik məharəti həmişə zəfərlə tamamlanır. Fəaliyyəti xüsusi önəm daşıyacaqdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçiriləcəkdir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçiriləcəyi də şübhəsizdir. Bu baxımdan xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulacaqdır.
Ermənistanda revanşist qüvvələr baş qaldırır. Çünki Ermənistanda cəmiyyətin düşüncələri o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan heç kim qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər.
Ulu Öndər Heydər Əliyev Böyük Britaniya Kral Beynəlxalq münsibətlər İnstitutunda çıxışında demişdi: “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik”. Böyük tarixi şəxsiyyət erməniliyin mahiyyətini ifadə edərək deyirdi: “Ermənistan deyəndə o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır”.
Bu fikirlər böyük tarixi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərində də öz əksini tapır, yəni bu fikirlər erməniliyin fəlsəfəsini, mahiyyətini tarixi gerçəliklər baxımından gerçək fikirlərlə ifadə etmişdir: “İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə çıxışı bəşəri ədalət üçündür, bəşəri ədalətə çağırış çıxışıdır.
Səbinə Xasayeva
Milli Məclisin deputatı