Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmlətməliyik-DEPUTAT

Milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmlətməliyik-DEPUTAT


"31 Dekabr- Xalqımızın tarixində ən yadda qalan qalan, şərəfli günlərdən biri-Dünya azərbaycanlılarının həmrəyliyi günüdür. Bu gözəl bayram və qarşıdan gələn yeni il münasibətilə, harada yaşamaqlarından asılı olmayaraq, dünya azərbaycanlılarını təbrik edir, əmin-amanlıq, rifah, səadət, həmrəylik arzulayıram".

Newscenter-az-ın xəbərinə görə bu fikirləri səsləndirən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın salnaməsinə bir neçə milli, dini bayramlar həkk olundu və onların hər biri xalqımızın qəlbində özünəməxsus yer tutdu:

"Dünya azərbaycanlılarının həmrəylik günü isə, öz ideoloji mahiyyətinə görə digərlərindən fərqlənir. Ən azından ona görə ki, müasir dünyada multikultural dəyərlərə sadiqliyi ilə seçilən Azərbaycan adlı məmləkətimiz, fərqli dini konfessiyalara itaət edən müxtəlif xalqların, etnik qrupların vətənidir. Deməli, dövlətin qarşısında duran vəzifələrin icrası, güclənməsi, cəmiyyətin inkişafı, ictimai-siyasi sabitliyin təmin olunması, bilavasitə həmrəylikdən keçir. Bütün bunları dərindən bilən müdrik dövlət adamı, Ümummilli Lider Heydər Əliyev, 1991-ci ildə Naxçıvanda Ali Məclisin sədri vəzifəsində çalışarkən 31 dekabrı Dünya azərbaycanlılarının həmrəylik günü kimi rəsmiləşdirdi. Xalq, Ulu Öndərin təşəbbüsünü yekdilliklə dəstəklədi və daha sonra mərkəzi hakimiyyət tərəfindən qəbul edildi. Həmrəyliyin olmaması Azərbaycan xalqının tarixində hansı faciələrə yol açdı? Düşünürəm ki, çox uzağa getməsəkdə, yaxın tariximizə ekskursiya etməkdə fayda var".

Deputat bildirib ki, 19-cu əsrin əvvəllərində Rusiya imperiyası Qafqazı işğal etdi:

"Azərbaycan ərazisində yerləşən xanlıqlar nəinki, birləşdilər, əksinə, onların arasında mövcud olan düşmənçilikdən yararlanan ruslar, ayrı-ayrılıqda onları təslim olmağa məcbur etdi. Gəncə xanı, tarixə mərdlik, kişilik simvolu kimi düşmüş Cavad xanın, “gəlin birləşək, bu gün mənəm, sabah sizsiniz” sözlərini digər Azərbaycan xanları ciddiyə almadılar və nəticəsi bəllidir.
—1918-ci ildə Zaqafqaziya seymi dağıldı və 1-ci Respublika, Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Müsəlman Şərqində ilk dəfə çoxpartiyalı, bir çox mütərəqqi qanunlarına görə, dövrün ən inkişaf etmiş Avropa dövlətlərinə belə nümunə sayıla biləcək demokratik dövlət quruldu. Cəmi 23 ay yaşamasına rəğmən 4 hökumət formalaşdırıldı. 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən təkrar işğal olundu. Analoji aqibət, 20-ci əsrin sonlarında, 1988-ci ildən, 93-cü ilə qədər yaşandı. 6 siyasi hakimiyyət (ilə bir hakimiyyət düşür) dəyişdi. Əvvəl Ermənistanda, daha sonra Qarabağda separatçılıq başlanması nəticəsində torpaqlarımız işğal olundu. Milyona yaxın soydaşımız qaçqın, məcburi köçkün düşdü. Birinci Qarabağ müharibəsində mərkəzi hakimiyyətin mərkəzləşmiş müdafiə sistemini qurmaması, yerlərdə özünümüdafiə dəstələrinin yaradılmasını şərtləndi. Əksər hallarda, həmin silahlı dəstələrə rəhbərlik edənlərin arasında həmrəyliyin olmaması, birinin-digərinin müvəffəqiyyətini qəbul etməməsi, şöhrətpərəstlik, mənəm-mənəmlik iddiaları, vahid komandanlıq ətrafında birləşməmələri acı faciə ilə nəticələndi. Eyni zamanda, xarici qüvvələr tərəfindən satın alınmış agentlərin, milli xainlərin gizli ,,fəaliyyətləri,, bir çox qəhrəman, vətənpərvər, saf oğulların şəhid olmasına səbəb oldu".

Nəsib Məhəməliyev qeyd edib ki, 1993-cü il. Azərbaycan vətəndaş müharibəsi astanasında idi:

"Xaos, anarxiya dövlət idarəetmə sistemini iflic etmişdi. Ölkəni separatçılıq dalğası bürümüşdü. Xalqın gələcəyə inamı itmişdi. Ən dəhşətlisi isə, Qarabağ cəbhəsində davamlı məğlubiyyətlər yaşayan insanların pessimistliyi, özü-özünə nifrət etməsi, bəzi hallarda isə milli mənsubiyyətlərini gizlətmələri idi. Heydər Əliyev xalqın səsinə səs verdi və addım-addım ölkəni dərin böhrandan çıxardı. Bu günki güclü Azərbaycanın və dövlətin ideoloji bazasını təşkil edən “Azərbaycançılıq” məfkurəsinin əsasını qoydu".

Bəs, Həmrəylik bizə nə verdi?

Millət vəkili bildirib ki, 27 sentyabr 2020-ci il. 50 milyonluq Azərbaycan xalqı, milli, etnik, dini, siyasi mənsubiyyətindən, hansı ölkədə yaşamaqlarından asılı olmayaraq, bir yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi. Azərbaycançılıq, türkçülük ideyaları ətrafında birləşmiş diaspora təşkilatlarımız məskunlaşdıqları ölkələrdə Azərbaycan həqiqətlərini təbliğ edir, oturuşmuş erməni diasporasına qarşı mübarizə aparırlar. Nəticəsi məlumdur:

"30 illik işğaldan sonra, böyük dövlətlərin iradəsinə zidd olaraq, son dərəcə mürəkkəb geosiyasi şəraitdə torpaqlarımız azad olundu. 200 ildən bəri itirdiklərimizi cəmi 44 gün ərzində geri qaytardıq. Müharibədən sonra da tarixi qələbəmizi həzm edə bilməyən qüvvələr məkrli siyasətlərini davam etdirməkdə qərarlı görünürlər. Həmin qüvvələrə qarşı mübarizənin ən effektiv metodu, milli birliyin, həmrəyliyin qorunmasıdır. Biz xalq olaraq, tariximizdən düzgün nəticə çıxarmalı, cılız hisslərlə yaşamamalı, milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmlətməliyik. Hörmətli həmvətənlər!
Başda Dünya azərbaycanlılarının Lideri, Prezident İlham Əliyev olmaqla, hər birinizi bir daha Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edir, möhkəm can sağlığı, rifah atzulayıram. Həmrəyliyiniz daimi olsun. Bayramınız mübarək!!!".

Anar
Xəbəri paylaş