Bir neçə gün öncə ölkə prezidenti İlham Əliyev Naxçıvana xüsusi nümayəndəsini təyin etdi. Fuad Nəcəfli mətbuata ilk açıqlamalarında qeyd etdi ki, Naxçıvanda keyfi və yaxud şəxsi qəbul edilmiş qadağalar aradan qaldırılacaq. Bildirdi ki, Azərbaycan Respublikasının qanunvericliyindəki qanun aktları ilə müqaisədə Naxçıvanda bir sıra nöqsanlar var. Bu nöqsanlar qanunların yerində işləmə mexanizmini düzgün tənzimləmir.
Naxçıvanda nə dəyişdirilməlidir? Bu günə qədər nə baş verib?
Müsahibimiz Tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlıdır.
- Yəhya bəy, hazırda Naxçıvanda vəziyyət necədir?
- Tam səmimi etiraf edim ki, ötən müddət ərzində Naxçıvanın sanki ruhu buranı tərk etmiş, cismi can üstədir kimi təəsürat yaradırdı. Belə bir müqəddəs diyar öləzimiş, zəhmətkeş insanları həyatdan küskün görünür və gələcəyə ümidlərini itirmişdilər. Məhz prezidentin 22 dekabr 2022-ci ildə Naxçıvan ilə bağlı fərman və sərəncamı əhaliyə ruh yüksəkliyi verdi, dirilişə səbəb oldu və yaşamaq üçün inam yaratdı.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası prezidentinin səlahiyyətli nümayəndəliyi institutu yaradılması alqışla qarşılandı. Böyük əksəriyyət bu unikal qərarın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın hərtərəfli inkişafına töhfə verəcəyini düşünür, müzakirə edir və səsləndirir.
Bu yeni idarəetmə forması Şuşada, Qarabağda daha sonra isə Naxçıvanda tətbiq edildi. Bu sadalanan zonalar milli dövlətçiliyimiz üçün əlahiddə xarakterə malikdir. Strateji və həsas coğrafiyalardır. Deməli bu heç də təsadüfi addım deyil, zərurətdən doğan reallıqdır.
Təbii ki, Vətən müharibəsində qazanılmış zəfər yeni mərhələdə dövlət idarəçiliyinin təkmilləşdirilməsini şərtləndirmiş və bu istiqamətdə kompleks tədbirlər görməyə əsaslı zəmin yaratmışdır. Bu onu göstərdi ki, keçmişlə yaşamaq yox, bu günlə ayaqlaşmaq lazımdır.
"Mənəm-mənəmlik, keçmişdə bu xidmətlərim olub" prinsipinə son qoyulmalıdır. İndi ilə yaşamaq və işləmək vacib lazımdır. Çünki tarixən olduğu kimi, hazırda da əvəzedilməz insan obrazını yaratmaq, bunu dövlət idarəçiliyində bayraq etmək milli maraqlara ziddir. Belə eyforiyada olanlar bilməlidilər ki, bu dövr ərzində xidmətlərinin əvəzinin 100 qatını alıblar. Vətən hər bir vətəndaş üçündür.
Baxmayaraq ki, biz qalib dövlətik amma çox təhlükəli bir dönəmdən keçirik. Dünyada baş verən proseslər və hadisələr, dünya nizamının pozulması və bu kimi hallar bəsirətli düşünməyi və davranmağı şərtləndirir. Məhz əsl vətəndaşlıq mövqeyi - məmur obrazı indi nümayiş etdirilməlidir. Adi vaxtda fəaliyyət göstərməyə nə var ki, əsas odur fors-major vəziyyətdə sağlam qüvvə olduğunu isbatlaya biləsən və səfərbər olasan.
Bilirsiniz, Naxçıvanda qurulan optimal idarəetmə üsulu cənab İlham Əliyevin müəyyənləşdirdiyi milli prioritetlərin həyata keçirilməsinə, mərkəzi icra hakimiyyəti orqanları ilə təmasa, insanların diqqət və qayğısına qalmağa, korrupsiya, rüşvətxorluqla mübarizə aparmağa, qanunculuq, ədalətlilik, şəffaflıq prinsipində, düzgün kadr seçiminin edilməsi istiqamətində nümunə göstərməyə hesablanmışdır. Səbəb və nəticəyə uyğun gözləntilər var. İnanıram ki, atılan addımlar itirilmiş və tapdanılmış hüquqların bərpa olunmasına öz töhfəsini verəcək.
- Fuad Nəcəfli Prezidentin Naxçıvan üzrə nümayəndəsi təyin edildi. Sizcə bu qədər problemi aradan qaldıracaq iqtidardadır?
- Ümidvarıq ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yüksək etimadı doğruldaraq bütün fəaliyyətini dövlət başçısının siyasəti üzərində quracaq, ölkə miqyasında reallaşdırılan genişmiqyaslı islahatların Naxçıvan Muxtar Respublikasında da təmin edilməsi işində səylərini əsirgəməyəcəkdir. Onun rəhbərliyi ilə strateji və həssas mövqeyə, qədim tarixə və zəngin mədəniyyətə malik olan ulu diyarımız Naxçıvanın ən yeni mərhələdə tərəqqisi heç şübhəsiz ki, həyata keçiriləcək.
Düşünürük ki, yeni kadr effektiv olacaq. Çünki, onun öz unikal fəaliyyəti ilə xalqımızın rəğbətini qazanmış Birinci vitse-prezident institutu ilə sağlam atmosferdəki sıx münasibətləri bunu deməyə imkan verir.
Bura təkcə Azərbaycanın deyil, bölgənin lokomotivinə çevrilməlidir. Müasirləşdirilməli və infrastruktur layihələri reallaşdırılmalı, tranzit imkanlar nəzərdən keçirilməli, nəqliyyat qovşaqları qurulmalı, hablar formalaşdırılmalıdır. İstehsalat, sənaye və kənd təsərrüfatı müəssisələri, turizm obyektləri açılmalıdır. Buna real və potensial imkanlar var. Təbii relyefi, resursları, flora və faunası buna əsas verir. Bura çox önəmli və əhəmiyyətli yerdir. Bizim Türkiyəyə, Türk dünyasına, ümumilikdə dünyaya çıxış yolumuzdur. Qədim İpək Yolunun astanasıdır.
Ən başlıcası, buranın iti zəkaya və saf əqidəyə malik insan amili və kapitalı danılmazdır. Burada beynəlxalq tədbirlər keçirilməlidir. Buranın qədimiliyi, zənginliyi, müqəddəsliyi dünyaya tanıdılmalıdır.
Sirr deyil ki, xəstə eməni təxəyyülünün kökündə, yəni absurd "Dənizdən-dənizə Böyük Ermənistan" ideologiyasının bazasında Naxçıvan dayanır. Analitik təhlillər göstərir ki, Ermənistanın dövlət-diaspor əməkdaşlığının ana xəttində Naxçıvan faktoru dayanır. Bunun üçün burada qlobal təsisatlar inşa edilməli, mərkəzlər açılmalıdır. Siyasi, iqtisadi, mədəni, humanitar platformalar - konfranslar, simpoziumlar, forumlar təşkil edilməlidir. Beynəlxalq səviyyəsdə "Naxçıvan prosesi"nə start verilməlidir.
- Gözləntilər nədir Yəhya bəy?
- Gözləntimiz Muxtar Respublikanın yüksəlişi, əhalinin rifahı üçün mütərəqqi perspektiv layihələrin gerçəkləşdirilməsi istiqamətindəki müfəssəl fəaliyyət və nəticənin hasil olmasıdır. Yəqin ki, neqativ hallar, süni əngəllər aradan qaldırılacaq, köhnə üsul-idarə forması tarixin dərinliklərinə gömüləcəkdir. Burda idarəetmədə hökm sürən kəskin kontinental iqlim dəyişməlidir, mülayimləşməlidir.
Brendlər gətirilməli və əslən Naxçıvandan olan sahibkarlar bura investisiya qoymaqları üçün təşviq edilməlidir. Hətta deyərdim bir sıra təhsil müəssisələri, Universitet və Kolleclər bura köçürülməli, dövlət qurumları burada yerləşdirilməlidir. Bir məsələyə diqqət çəkmək istəyərdim. Ona görə ki, bu təkcə mənim üçün deyil, seçicilər və seçki komandamızın arzusudur.
2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə iştirak etdim, namizədliyimi irəli sürdm və 70 faizə yaxın seçkidə iştirak edən seçicilərin səsini qazandım (bunu seçkiyə cavabdeh şəxslər etiraf etdi). Təbii ki, obyektiv və subyektiv səbəbləri var idi. Təsəvvür edin ki, 20 il ərzində Ordubadı Milli Məclisdə ordubadlı deputat təmsil etməyib. Bu gün ordubadlılara o şans gəlib ki, Ordubadı öz ellisi təmsil etsin. Ona görə də burada yaxşı mənada bir ajiotaj yaranmışdı. Bu ayrı-seçkilik deyildi, sadəcə mövcud durumu və problemləri bildiyi və yaşadığına görə göstərilən etimaddır. İnsanların tez bir zamanda səslərini qazana bilmişdik. Bütün görüşlərimiz bunu deməyə əsas verir ki, biz bu dairədə favorit - ön planda olan namizədik idik.
Xüsusi vurğulamaq istəyirəm ki, son 20 ildə belə bir hal olmamışdı ki, Naxçıvan rəhbərliyinin icazəsi olmadan müstəqil namizəd qeydiyyata alınsın və təbliğat-təşviqat kompaniyası həyata keçirsin. Naxçıvan dövlət televiziyası (NTV) "qeyri-qanuni" mənim namizədliyim ilə bağlı veriliş çəkib və bildiriblər ki, bunun üçün təkidli tələb etmişəm. Ancaq bu belə deyil, Azərbaycan Respublikası Prezidentinin Milli Məclisə növbədənkənar seçkilərlə bağlı "Ümid edirəm, gənclər də parlament seçkilərində çox fəal olacaqlar" çağırışını əsas götürərək seçkilərə qatıldım. O cümlədən, bu hər bir Azərbaycan Respublikasının vətəndaşı kimi mənim konstitusion hüququm idi. 20 il seçkiyə getməyən haqlı narazı bir kəsim bizi dəstəklədi. Çünki, biz və onlar məsələyə millidövlətçilik nöqteyi-nəzərdən baxdıq. Əfsus ki, açıq-aşkar saxtalaşdırma bizə verdiyimiz sözü tutmağa imkan vermədi. Güman edirik ki, sözügedən məsələlərlə yanaşı, bu da öz ədalətli həllini tapacaqdır.
Mən onda demişdim ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilər ölkənin tarixində mühüm ictimai-siyasi hadisələrdən biridir və prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar dövlət-vətəndaş münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarmağa dəstək üçün bu seçkidə iştirak edirəm.
Həmin vaxt ən səciyyəvi cəhətlərindən biri siyasi elita ilə sadə vətəndaşlar arasında birbaşa ünsiyyət imkanlarının genişləndirməsi, qarşılıqlı inam və etibarı daha da dərinləşdirmək idi. Mövcud reformalar cəmiyyətin bütün təbəqələri tərəfindən dövlət başçısının idarəçilik sistemini daha modern, çevik və effektiv prinsiplər əsasında yenidən formalaşdırmaq istəyinin ifadəsi kimi qəbul olunur. Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyur. Ən yeni tarixi anın iştirakçısı olmaq, həyata keçirilən islahatlara dəstək vermək hər birimizin vətəndaşlıq borcudur. Parlament seçkilərinə qoşulmaq təşəbbüsümün əsas səbəbi də bir vətəndaş, gənc və ziyalı olaraq bu tarixi əhəmiyyətli prosesə töhfə vermək idi.(bizimyol.info)